Dövlətçilik tariximizdə ümummilli lider zirvəsinə yüksəlmiş Heydər Əliyev

 

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son yarım əsrinin bütün çalarları ilə zəngin olan möhtəşəm tarixi ulu öndərin adı ilə bilavasitə bağlıdır. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmişdünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır.

 

Anadan olmasının 97-ci ildönümünü ümumxalq qədirbilənliyi və layiqli təntənələrlə qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər çoxcəhətli və zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib. Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun fiziki yoxluğundan sonrakı dövrdə daha dərindən və əhatəli dərk olunur. İndiki nəsillər Heydər Əliyevi haqlı olaraq müasir Azərbaycan dövlətinin memarı və qurucusu hesab edirlər. Böyük öndərimiz azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir. Heydər Əliyev, həm də siyasi idarəetmədə öz üslubunu yaratmış yenilikçi rəhbər idi. Onun bu istedad və qabiliyyəti Azərbaycana rəhbərliyinin hər iki dövründə, eləcə də nəhəng sovet dövlətinin ali rəhbərlərindən biri olduğu illərdə həmişə özünü parlaq şəkildə göstərirdi.

 

Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişaf və tərəqqisi istiqamətində işlər görüb. Heydər Əliyevin seçdiyi taktika hələ sovet zamanında bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan başlıca amilə çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğunamilli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ də ondan ibarət idi ki, ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi.

 

Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni o bilirdi ki, mütəşəkkilliyi olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki ümummilli lider Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idiburada heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyukturasının böyük rolu olur. 1990-cı illərin əvvəlində müəyyən qüvvələr Azərbaycan xalqının ümummilli lideri haqqında çirkin təbliğat aparırdılar. Deyirdilər ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq.

 

Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Ulu öndər Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı. Bu həqiqətin sübutu olaraq ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş son 10 ili bütün ziddiyyətli prosesləri ilə 1993-cü il müstəqil dövlətçilik tariximizdə böyük dönüş ili olaraq xatırlanır. O zaman çərçivəsində cərəyan edən hadisələr dövlətçiliyimizi və insanları ciddi sınaqlarla üz-üzə qoymuşdu.

 

Dövlət müstəqilliyinin ilk aylarından başlayıb şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru siyasi böhran həddinə gəlib çatmışdı. Ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı birləşmələri isə cəbhə xəttində həmlələrini gücləndirmişdi. Ötən iki ildə torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın minbir mərhumiyyətdən keçib gəlmiş azadlıq arzusu, müstəqillik amalı ilk addımlarındaca puç ola bilərdi. Çeşidli daxilixarici düşmən qüvvələrin dağıdıcı həmlələri Azərbaycanı ölüm kürsüsünə doğru sıxışdırırdı. Xüsusən, kənar qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün müəyyən ictimai-siyasi zəmin də hazırlanmışdı.

 

Azərbaycana rəhbərliyi dövründə öz əlləri ilə qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş qurucu lider, bununla yanaşı, sovet dövlətinin ali rəhbərliyindəki seçilən fəaliyyəti ilə dünya şöhrətli siyasətçi kimi tanınmış, xarizmatik şəxsiyyəti və misilsiz xidmətləri ilə dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına qayıtdı. Bütün bunlara görə də Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, o, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idibu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi.

 

Tarixi 15 iyundan sonrakı mərhələdə Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtarmaqla böyük vətənpərvərlik, iradə və zəka nümayiş etdirdi. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın həqiqi lideri etimadı qazanan Prezident Heydər Əliyevin legitim rəhbərliyi, gərgin, çoxyönlü fəaliyyəti ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi. Məhz bu taleyüklü məsələlərin reallaşmasından sonra bütün diqqət cəbhə xəttində müdafiəyə və bununla yanaşı, iflic olmuş iqtisadiyyatın sahmana salınmasına yönəldildi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu hər işdə sübuta yetirən Heydər Əliyev yeni quruculuğun, daxili vəziyyətin stabilləşməsinin zəruri tədbirlərini gerçəkləşdirməyə başladı. 1994-cü ilin mayından cəbhə xəttində atəşkəs barədə razılığın əldə olunması ilə ölkə yeni bir mərhələyə daxil oldu. Əslində, işğalçı Ermənistan cəbhədə daha irəliləyə bilmədiyini, itkilərinin artdığını görüb atəşi dayandırmağa məcbur oldu. Millət fasiləsiz hüznü unudub gələcək haqqında, azadlıq və müstəqillik arzularının daha gerçək ifadəsi barədə düşünməyə macal tapdı.

 

Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana cəlb edə bildibu mənada qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin iri neft şirkətləri ilə imzalanmış məşhur Əsrin müqaviləsi kimi böyük bir başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi ideyası dünya miqyaslı kompleks iqtisadi layihələrin birbaşa respublikamızla bağlanmasını real müstəviyə çıxardı. Dağılmış iqtisadiyyatı müasir dünyanın tələbləri səviyyəsində bərpa etmək, ordu quruculuğu prosesinə keçmək mahiyyət etibarilə gələcək inkişaf üçün təməl addımlar idibütün bunların hamısı cəbhədə atəşkəsin əldə olunmasından sonra həyata vəsiqə ala bildi. Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyası prosesinin ilk təcrübələrinin görünməsinə və dünyanın qabaqcıl strukturları ilə əlaqələrin qurulmasına start verildi. İctimai qayda-qanun mühitinin, qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı ki, müstəqil dövləti beynəlxalq aləmin hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən edən əsas amil olan yeni Konstitusiya qəbul edildi.

 

Ümummilli lider Heydər Əliyevin bir epoxadan digərinə ahəngdar keçidi təmin edən çevik təfəkkürlü, modern rəhbər obrazı xarici arenada cəmiyyətimizin həyatındakı həqiqi azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi potensialın açılmasına, hüquqi baxımdan köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi daşımasına böyük bir impuls verdi. Heydər Əliyev həm də, sözün həqiqi mənasında, bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə - istər sovet zamanı, istərsə də dövlət müstəqilliyinin xilas edilib möhkəmləndirilməsi dövründə xalqımıza və ölkəmizə tarixi nailiyyətlər qazandırıb. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə həyatın bütün sahələrində genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, onu yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdəhərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü aydın və qətiyyətlə göstərirdi. Belə nizam və ardıcıllıq yalnız böyük dövlət adamlarına məxsus siyasi mənəvi keyfiyyətdir. Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və dilinin inkişafında gördüyü işlər ölkəmizin mədəniyyət və dil tarixində xüsusi bir dövrdür. Ulu öndərin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil.

 

Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi dövrdən çağdaş Azərbaycanın mədəni intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda sosial-mədəni inkişaf hadisələri var. Onun ölkəmizə ali rəhbərliyinin bir qərinəlik müddəti əhatə edən hər iki dövründə Azərbaycan ədəbiyyatına və dilinə, incəsənətinin müxtəlif sahələrinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb. Hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm cəhəti indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə davamlı və hərtərəfli qayğı göstərilməsi olmuşdur.

 

Ümummilli liderin Azərbaycan dilinin inkişafı sahəsində gördüyü işlər də tarixi önəm daşıyır, milli dövlətçiliyin inkişafının çağdaşeyni zamanda, uzaq hədəflərinə xidmət edir. Hələ 1990-cı illərin ortalarında ilk milli Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi olaraq müzakirə olundu. Həmin illərdə çox ciddi proseslər baş verirdi.

 

1995-ci ildə Konstitusiya layihəsi geniş müzakirə olundu. Ümummilli lider Heydər Əliyev ölkənin əsas xalqının dilinin konstitusiya əsaslı olmasına çalışması ilə dünyaya göstərdi ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə nə qədər ciddi yanaşır və bunu milli mövcudluğun böyük göstərici hesab edir. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.

 

Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər nəticəsində siyasimakroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın inkişafında rolu olan sahibkarlar sinfinin formalaşması üçün real hüquqi baza yaradılmışdır. Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur - deyən ümummilli lider Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilirdi. Qəbul olunmuş Dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçikorta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi.

 

Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davaminkişaf etdirir. Müstəqil dövlətimiz nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. Ölkəmizdə böyük quruculuq işləri həyata keçirilib və vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Qazanılan bu uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlarbundan sonrakı dövrlərdə qazanacağımız qələbələr ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.

 

 

Tahir QƏDƏŞOV

 

Respublika.- 2020.- 13 may.- S.9.