Türkiyədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı tədbirlər

 

İstanbul

 

İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsi ziyarət olunub. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən mərasimdə baş konsul Məsim Hacıyev, konsulluğun və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri iştirak ediblər.

 

Mərasimdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, parkda ucaldılmış heykəlinin önünə əklillər və tər güllər düzülüb.

 

 

 

Ankara

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Türkiyənin paytaxtı Ankarada da ehtiramla yad olunub.

 

Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, eləcə də digər dövlət qurumlarını təmsil edən şəxslər bu şəhərdə yerləşən Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

 

 

 

İzmir

 

ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyənin İzmir şəhərində də yad edilib.

 

Ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə İzmir şəhərindəki Heydər Əliyev Parkı və ümummilli liderin buradakı heykəli ziyarət edilib.

 

İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu şəhərin Karşıyaka Bələdiyyəsinin sədri Cemil Tuqay, bələdiyyənin və “Petkim Petrokimya HoldingA.Ş.-nin əməkdaşları iştirak ediblər.

 

 

 

Qars

 

Dahi lider Heydər Əliyevin əziz xatirəsi Türkiyənin Qars şəhərində keçirilən tədbirdə ehtiramla yad olunub.

 

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşları bu şəhərdə yerləşən Heydər Əliyev parkına gələrək ümummilli liderin buradakı abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

 

Sonra baş konsul Nuru Quliyev yerli KİV-lərə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu barədə məlumat verib. Dahi şəxsiyyətin xalqımızın dövlətçilik tarixində və ölkənin tərəqqisi yolundakı misilsiz xidmətlərindən ətraflı bəhs edən baş konsul diqqətə çatdırıb ki, ümummilli lider müstəqilliyimizin bərpasından sonrakı siyasi hakimiyyəti dövründə Azərbaycanın suverenliyi və güclənməsi istiqamətində böyük səylər göstərib.

 

***

 

Qeyd edək ki, Türkiyənin “Haber Global” televiziyası Heydər Əliyev haqqında “Azərbaycana həsr olunan bir ömüradlanan videosüjet hazırlayıb. Süjetdə ümummilli liderin həyat və fəaliyyətindən söz açılıb.

 

Türkiyənin Anadolu Agentliyiümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat yolu barədə geniş məqalə yayıb.

 

Məqalədə müstəqillik dövründə xalqının tükənməz sevgisini qazanan Heydər Əliyevin xatirəsinin Azərbaycanda “Ümummilli Lider” adı ilə yaşadıldığı diqqətə çatdırılır. Xalqın böyük oğlunun çətin, məsuliyyətli və şərəfli ömür yolu, tarixi missiyası barədə türkdilli oxuculara ətraflı məlumat verilib. Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatları oxucularla bölüşən müəllif dahi şəxsiyyətin sovetlər birliyində tutduğu vəzifələrdən istefa verməsi, Azərbaycana qayıdışı, Naxçıvanın rəhbəri seçilməsi, Yeni Azərbaycan Partiyasını qurması, nəhayət, xalqın tələbi ilə siyasi hakimiyyətin ağırlığını çiyinlərinə alması və sonrakı prosesləri müfəssəl şəkildə qələmə alıb.

 

Yazıda, həmçinin ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasından bəhs olunur. Bildirilir ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və ulu öndərimizin müəyyən etdiyi balanslaşdırma siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib.

 

Esmira YAZKAN Aslanova,

Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri

 

Respublika.- 2020.- 13 may.- S.10.