İllər nə tez ötərmiş...

 

Ömür dedikləri bir karvan yolu! Bu yolda seçim etmək ixtiyarı hər kəsin öz əlində. Əlbəttə, dövrün, zamanın da öz hökmü, diktəsi var belə məqamda. “Sən saydığını say, gör fələk nə sayır” məsəli elə-belə yaranmayıb ha!..

 

Amma necə olursa-olsun, unutmayaq ki, bir dəfə yaşayırıq bu həyatda, hərəmiz bir dəfə! Və bubir dəfə”də elə etməli, elə işlər görməliyik ki, ən azından doğmalarımızın, ünsiyyətdə olduğumuz insanların könlünü sevindirə, rəğbətini qazana bilək. Vay o gündən ki, bu şansı əldən qaçıraq. Xoş o kəsin halına ki, sevib-seçdiyi sənətinə, taleyini bağladığı yerinə, peşə dostlarına xəyanət etməyib. Nəfsinin qulu yox, vicdanının qulu olub. Çox çətinliklərlə üzləşib, çox imtahanlara çəkilib, amma yenə də xoş əməllərindən qalmayaraq yoluna davam edib: nə əkibsə, onu da biçib...

 

Ağsaqqal həmkarımız—gözəl mütəxəssis, səmimi insan Aqil Quliyev barədə düşünərkən keçirdim bu hissləri. Eşitdim ki, yaxın günlərdə 70 yaşı tamam olur. Bu xəbərdən bir balaca duruxub qaldım və anındaca bəstəboy, qarayanız Aqil müəllim gülümsər çöhrəsilə gəlib durdu gözümün qabağında. Bir neçə dəfə həmsöhbət olduğumuz, dərdləşdiyimiz anları xatırladım. “Eh, illərə nə var ki...” düşündüm və xəbərin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün telefonu götürüb nömrəsini yığdım... Sən demə, daha bir heyrətamiz sürpriz gözləyirmiş məni...

 

HAŞİYƏ: Aqil Quliyev 1950-ci ilin 15 mayında Ağdamda anadan olub. Məktəb illərində idmana böyük maraq göstərib, futbol, voleybol, güləş yarışlarında dəfələrlə qalib olub. Sonra ali təhsil almaq üçün Bakıya yollanıb, Politexnik İnstitutuna daxil olub. Mühəndis diplomunu aldıqdan sonra—1970 - ci ilin mayından(!)əmək fəaliyyətinə başlayıb. Aparat-Studiya Kompleksində Rauf Kazımovski kimi ustad rejissorun əlinin altında çalışıb. İşinə can-başla əməl etməsi, təşəbbüskarlığı ilə diqqəti çəkib. Elə bu keyfiyyətlərini nəzərə alıb gənc Aqili növbə rəisi vəzifəsinə irəli çəkiblər. Onda başqa dövr idi, o boyda dövlət televiziyasının cəmi bir studiyası vardı. Verilişlər birbaşa çəkilməklə efirə verilirdi. Bunun nə dərəcədə məsul bir olduğunu əsl peşəkarlar bilir. Düz 16 il belə bir ciddi yaradıcılıq mühitində, yüksək cavabdehlik ab-havasında “bişdiyindən” Aqil Quliyevi 1986-cı ildə “Texniki təchizat” şöbəsinin müdiri, bir neçə il sonra (1993) isə Xarici Əlaqələr və Kommersiya Mərkəzi direktorunun müavini vəzifələrinə irəli çəkirlər. Az.TV-nin müvafiq sifarişlər əsasında dövlət və ictimai təşkilatlara, əhaliyə məqsədyönlü xidmət göstərməyə başlamasında, xüsusən o dövr üçün əməlli-başlı yenilik kimi qarşılanan “Telebirja”nın ekrana vəsiqə qazanmasında onun böyük şəxsi əməyi olub...

 

Bax beləcə, ömrünün 70-ci baharının sevincini yaşayan Aqil müəllim düz 50 ildir öz taleyini Az.TV-yə, ölkənin Ana Teleradiosuna bağlayıb. Zarafat gəlməsin sizə, bu illər, onilliklər ərzində xalqımızın və təbii ki, onun əsas informasiya mənbəyi, söz tribunası sayılan Az.TV-nin həyatında çox hadisələr baş verib, çox dəyişikliklər olub. Sovetlər imperiyasının əsarətindən qurtulub müstəqillik qazandığımız vaxtlarda Bakıda, çox sahələrdə olduğu kimi, KİV sahəsində də yaranan hərc-mərcliyi yada salın. Bir-birinin ardınca fəaliyyətə başlayan üzdəniraq radio, televiziya kanallarını xatırlayın. Aqil müəllim kimi peşəkar, təcrübəli mühəndis belələri üçün hava, su kimi lazım idi, əlbəttə. Amma onu rahat şəraiti, yüksək məvaciblə “ovlamaq” istəyənlər bir şeyi unudurdular: Aqil Quliyevi nəyin bahasına olursa-olsun çiyin-çiyinə çalışdığı dostlarından, özünə ikinci ev bildiyi Az.TV-dən ayırmaq mümkün deyil!

 

Bir ağayanalıq, gözütoxluluq var bu adamın canında. Ən yaxın dostlarının dililə desək, dünya malında gözü yoxdu Aqilin. Halal zəhmət müqabilində qazandığı nədirsə, yetər ona. 1996-2001-ci illər dönəmində “İaşə və sosial məişət” şöbəsinin müdiri vəzifəsində çalışanda Teleradio əməkdaşları bu fikrin tam həqiqət olduğunu, necə deyərlər, öz gözləri ilə görüblər.

 

2001-ci ilin sonlarında Aqil Quliyevə Az.TV-nin mühüm bir sahəsinə—Teleteatra rəhbərlik etməyi tapşırıblar. Gözəllik, səliqə-sahman yaratmaq, “köhnə yurda yeni ab-hava gətirməkçün ona elə də çox vaxt lazım gəlməyib. Müdrik insanlara xas yüksək səmimiyyəti, xoş rəftarı ilə bərabər, ciddi tələbkarlığı sayəsində Aqil müəllim buqoca” studiyanın simasını tamamilə dəyişərək ona yeni bir həyat verməyi bacarıb. Teleteatra 10 ildən çox müddətdə rəisliyi dövründə o, daim bu məşhur məkanın statusunu qaldırmaq, müasir mühəndis-texniki avadanlıqla təchiz olunması üçün əlindən gələni əsirgəməyib.

 

2012-ci ilin yanvar ayı. Bu tarixdə Aqil Quliyevə yeni bir məsul həvalə olunub: Teleradio Kompleksi rəisinin müavini. Bu vəzifədə də o, yorulmadan, əzmlə çalışıb...

 

Bu mənim şəxsi fikrimdir və düşünürəm ki, öz qənaətimdə çox da yanılmıram: mühəndisdən, texnika adamından daha çox, yaradıcı adama bənzəri var Aqil müəllimin. Həmişə başıaşağı, asta addımlarla gəzişən, qayğılı-düşüncəli vəziyyətdə görürəm onu. Eləcə öz aləmindədir; dağı—arana, aranı—dağa daşıyır, sanki...

 

Yaxın dostu, Teleradomuzun ustad diktoru, Xalq artisti Əli Məhəmmədoğlu ilə söhbətimizdə Aqil müəllimin bu halına işarə etdim. Əli müəllim gülümsəyərək:

 

—Hə, Aqil özünəxas təbiəti, davranış mədəniyyəti olan bir adamdır,- dedi.—Onunla eyni torpaqdan, Ağdamdan olduğumuzu bilirsən, yəqin. Sevincimi-kədərimi, ilk növbədə, Aqillə bölüşürəm. Gül kimi ürəyi var. Əsl ziyalıdır. Vaxtaşırı zəngləşir, hal-əhval tuturuq. Gözəl ailə, ev-eşik sahibidir. Xoşbəxt ata, qayğıkeş babadır Aqil. Nə vaxt görüşürüksə, istər-istəməz, gəncliyimizi—ağdamlı günlərimizi yada salırıq. Qarabağ dərdi korun-korun yandırır Aqili...

 

Rəhmətlik atası Barat kişiböyük hörmət sahibi olan kişilərdən idi. Eynən atasına çəkib Aqil: elə-obaya bağlı, dosta-yoldaşa vəfalı... Yeri gəlmişkən, bizim gənc həmkarlarımızın xəbəri yoxdu bəlkə, Aqil Quliyev Teleradiomuzun ən çoxstajlı əməkdaşlarından biridir, uzaq 70-ci illərin kadrıdır. Mənim kimi dostlarını kənara qoyaq, əslində, onun ən böyük və ayrılmaz dostu 50 ildən bəri qolboyun yaşayıb-yaratdığı Az.TV-dir...

 

Bəli, təbiətin ruhumuzu oxşadığı bu gözəl çağında 50 illik “Xatirələr dəftəri”ni vərəqləyir Aqil müəllim. İlk əmək fəaliyyətinə başladığı gündən bu vaxtacan keçdiyi uzun və mənalı ömür yolunda yada salmağa o qədər şey var ki!.. Şirin, bəzən də acı xatirələr çözələndikcə-çözələnir, qurtarmaq bilmir. Vətən həsrəti, yurd nisgili olmayaydı, kaş. Görəsən, nə vaxtacan Ağdama yalnız yuxularında gedib-gələcək Aqil müəllim?!.

 

Nə yaxşı ki, ürəyindən daş kimi asılmış suallara cavab almaq, ağır taleyüklü məsələləri çözmək üçün azman bir dostu-sirdaşı, Az.TV-si var Aqil müəllimin. Xoşbəxtliyini burda tapıb, saçını-saqqalını bu ünvanda ağardıb o. Çəkdiyi zəhmətin barını dərib, ustad mühəndis kimi adı hörmətlə çəkilib, ölkə Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb. Az.TV-nin tarixində yeni bir mərhələnin yaşandığı son illərdə də (2019-cu ildən bəri) rəhbərlik ona böyük etimad göstərərək Texniki Nəzarət İdarəsinin rəisi vəzifəsinə təyin edib.

 

Ömrünün müdriklik çağında koronavirus deyilən bəlanın ağrı-acısını da gördü Aqil müəllim. Neyləsin, çətin olsa da, işindən-gücündən qalıb evdə oturdu. Amma hər dəqiqə, hər saat gözü Az.TV-nin ekranında, qulaqları Azərbaycan Radiosunun efirində oldu. Şükürlər ki, o darıxdırıcı, üzüntülü günlər arxada qaldı. İndi o, yenə də hər səhər adəti üzrə işə, doğma kollektivə—yarıməsrlik dostu Az.TV-yə tələsir...

 

 

 

Mirzə YUSİF,

Azərbaycan Teleradiosunun əməkdaşı, Respublika Jurnalistlər

Yazıçılar birliklərinin üzvü.

 

Respublika.- 2020.- 16 may.- S.6.