Çətin zəhmətin şirin bəhrəsi

 

Taxılçılıq, tərəvəzçiliklə bərabər, Xaçmaz həm də iri meyvəçilik rayonudur. Rayonda meyvə bağları 23 min hektardan çoxdur. Bu bərəkətli torpaqda, demək olar ki, hər növ meyvə yetişir. Burada yetişən gilas, şaftalı, fındıq, armud, alça, heyva, üzüm, zoğal kimi meyvələrin öz tamı, öz dadı var. İndi əvvəlki dövrlərdə əkilən köhnə bağlardan, demək olar ki, əsər-əlamət qalmayıb. Son illər rayonda bağçılıq mədəniyyəti yüksəlib. Köhnə metodlarına “əlvida” deyən bağbanlar intensiv, super intensiv bağçılığa üz tutublar. Bu bağların məhsuldarlığı da fərqlidir, becərilmə texnologiyası da. Meyvəçiliklə məşğul olan kəndli sahibkarlar daha çox ixracyönümlü sortlara üstünlük verirlər. Rayonda bağçılıq üzrə ixtisaslaşan, onu müasir əsaslarla inkişaf etdirən bağçılıq təsərrüfatları çoxdur. Onlardan biri “Sərdarovlar” ailə təsərrüfatıdır. Təsərrüfata təcrübəli bağban İlyas Sərdarov rəhbərlik edir.

 

Anam, qardaşlarım və öz ailəm ilə birlikdə yığışıb Çarxı kəndində bağçılıq təsərrüfatı qurmuşuq. Düz otuz ildir ki, burada yaşayır və işləyirik. Bura gəldiyimiz günləri xatırlayıram - deyə fermer İlyas Sərdarov söhbətinə bir qədər əvvəldən başlayır. İndi əsl cənnəti xatırladan, sizin də diqqətinizi çəkən bu bağlar vaxtilə kol-kos, qamış basmış daşlıq sahələrdən ibarət idi. Gələn gündən əl-qolumuzu çırmalayıb hamılıqla işə başladıq. Çətinliklə olsa da, torpağı yararlı hala gətirdik. Baxımsızlıqdan daşlaşmış torpağı münbitləşdirdik. Ona xeyli üzvi, mineral gübrələr verdik. Arxlar qazdıq. Su gətirdik. Bir sözlə, gördüyünüz mənzərə uzun illərin gərgin əməyinin məhsuludur. Artıq hər şey qaydasına düşüb. Bu gün biz ancaq yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul istehsal etmək haqqında düşünürük. Buna nailoluruq.

 

Fermer bizi sahələrlə tanış edir. O qədər həvəslə, fəxrlə danışır ki. İnsan çəkdiyi zəhmətin bəhrəsini görəndə özünü çox rahat, xoşbəxt hiss edir. Təsadüfi deyildir ki, əmək bütün xoşbəxtliklərin açarıdır. İlyas Sərdarov danışdıqca, bu fikirlərin bir daha şahidi oluram. Bura şaftalı bağıdır. 15 hektardır - deyə fermer həvəslə məlumat verir. 6 hektarı cavan bağdır. Gələn il bara düşəcək. Burada əkdiyimiz 2500 ədəd tingi Türkiyədən gətirmişik. Çox məhsuldar və gözəl sortdur. Təkcə bu bağda şaftalının 7 sortunu yetişdiririk. Qarşıda 2 hektar gavalı bağıdır. 1 hektar yerli sort, 1 hektarı isə Türkiyədən gətirilmişdir. Bundan əlavə, yenə, 2 hektarda gavalı bağı salmışıq. (Cərgə araları ilə xeyli addımlayır, alma bağına çatırıq). Bura 2 hektar alma bağıdır. Lazımi effekt vermədiyindən, bu il onu gilasla əvəz edəcəyik. Burada əkmək üçün Türkiyənin tingçilik təsərrüfatlarına 400 gilas tingi sifariş vermişik. Digər sahələr 1 hektar fındıq, 1,5 hektar alça, 0,5 hektar armud bağıdır. Cəmi 24 hektar bağ sahəsinə qulluq göstəririk. İndi bağlarda görülən işlərdə, demək olar ki, əl əməyindən az istifadə edirik. Bütün işlərdə texnika karımıza gəlir. Bu ildən bağların suvarılmasında yeni sistemə - damcı üsuluna keçmişik. Artıq 6,5 hektar bağ sahəsini yeni üsulla suvarırıq. Hazırda bu işi davam etdiririk. Bu məqsədlə 1000 kubmetr həcmi olan su tutarı tikmişik. Yeri gəlmişkən deyim ki, bunun üçün çəkdiyimiz xərcdə dövlət də bizə yardımçı olur. Bu üsulla becərilən bağların hər hektarına görə bizə dövlət 800 manat subsidiya verəcəkdir. Hazırda bağlarda zərərvericilərə qarşı becərmə, suvarma və digər aqrotexniki tədbirlər həyata keçiririk. Bu ilimiz də yaxşı gəlib. Təbiətin normasında günəşi də var, yağışı da. Hər şey öz axarında gedir. Odur ki, bağlarda bol məhsul gözlənilir. Qeyd edim ki, bağların məhsuldarlığı ildən-ilə artır. Köhnə bağlardan ən yaxşı halda 150 sentner məhsul götürürdük. İntensiv bağlardan azı 300 sentner məhsul gözləyirik. Məhsulun satışında da heç bir çətinliyimiz yoxdur.

 

“Sərdarovlar” ailə təsərrüfatı ildən-ilə genişlənir, gəlirləri artır. Zəhmətdən heç vaxt yorulmayan bu ailə üzvləri heyvandarlıqdan özünə yardımçı təsərrüfat da yaradıb. 10-15 baş iribuynuzlu mal-qara saxlayır. Öz tələbatını ödəməklə bərabər, kənara da ət və ağartı məhsulları satır. İlyas Sərdarov deyir ki, bütün bu işlərin görülməsində ilk gündən dövlət dəstəyini hiss etmişik. Rayonda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə ilk kredit alanlardan biribiz olmuşuq. Həmin vəsaitlə meyvə çeşidləmə və qablaşdırma çardağı, yardımçı binalar tikmişik. Xaricdən meyvə tingləri almışıq. Lizinq yolu ilə də bizə xeyli texnika veriblər. “MTZ-80,” “Belarus-921” traktorları, çiləyici aparat, lafet, otbiçən, frez, ekskavator təsərrüfat işlərini görməkdə bizə çox böyük köməkdir. Söhbət əsnasında öyrənirik ki, İlyas Sərdarov ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Təsərrüfatın müxtəlif sahələrində çalışıb. Uzun illərin gərgin zəhməti hədər getməyib. Onun əməyi dövlət tərəfindən sahibkar kimi yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə o, “Tərəqqi” medalı ilə təltif olunub. Fermer deyir ki, bu təkcə mənim əməyimə verilən qiymət deyil. Hər bir kənd əməkçisinin zəhmətinə verilən yüksək dəyərdir. Yeri gəlmişkən deyim ki, hörmətli Prezidentimiz İlham Əliyev kənd təsərrüfatının inkişafına xüsusi önəm verir. Daim qayğı və diqqət göstərir. Bu sahədə çalışan hər kəs üçün dövlətimiz çox gözəl şərait yaradıb. İstədiyimiz vaxt güzəştli kredit alırıq. Bizə hər il subsidiya verilir. Texnika və gübrəni güzəştli şərtlərlə əldə edirik. Üstəlik bizə mənəvi stimul da yaradılır. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə möhtərəm Prezidentimizə bu qayğı və diqqətə görə öz dərin minnətdarlığımızı bildiririk.

 

Təsərrüfatın malikanəsi Çağacuq çayının sağ sahilində yerləşir. Çay boyu qalın meşə uzanıb gedir. Fermer deyir ki, bir vaxtlar bu meşənin də qırılmaq təhlükəsi var idi. Qazın, işığın olmadığı zamanda meşələr amansızcasına qırılırdı. Ailəmiz çətinliklə olsa da, bu meşəni qoruyub saxladı. 4 hektara yaxın bu meşənin bu gün təsərrüfatımız üçün çox böyük əhəmiyyəti var. Meşənin qırağında kiçik bir göl də salmışıq.

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2020.- 16 may.- S.7.