Laçın Azərbaycanın əzəli və əbədi torpağıdır

 

28 ildir ki, Ermənistanın hərbi təcavüzünə və işğalçılıq siyasətinə son qoyulmayıb. Biz işğala məruz qalan yurd yerlərimizi azad edə bilmirik, yalnız işğal günlərinin ildönümlərini qeyd edirik. Düşmən isə işğal etdiyi torpaqlarda məskunlaşır, həmin ərazilərdə beynəlxalq tədbirlər keçirir, arxeoloji qazıntılar edir, özlərini bu yerlərin sahibi kimi aparırlar. Artıq münaqişənin həll edilməsi ilə məşğul olan ATƏT-in fəaliyyətinə heç kəsdə zərrə qədər də inam qalmayıb. Bu təşkilat hər vasitə ilə çalışır ki, münaqişə dondurulmuş vəziyyətdə qalsın, ermənilərin həyasız iddialarına şərait yaradılsın, onların sərsəm çağırışları dünyaya yayılsın.

28 ildir ki, Laçın rayonunu işğalda saxlayan Ermənistan və onun havadarlarının təcavüzünə göz yuman beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti haqlı olaraq məcburi köçkünlər tərəfindən pislənilir.

Tarix və həyat bizi çox suallar qarşısında qoysa da, gələcəyə baxmağa, düşməndən intiqam almağa, yurd yerlərinə qayıtmağa gücinam bu gün damarlarımızda qan yerinə axır, bizi qələbəyə doğru aparır.

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda bir şəhər, bir qəsəbə, 125 kənd olub.

Ərazisinin 75781 hektarı kənd təsərrüfatına yararlı idi. 33205 hektarını əsasən palıd, ardıc, cökə, vələs, fıstıq və s. qiymətli ağaclardan ibarət meşə zolağı, 72000 hektarını yaylaq sahələri, 1470 hektarını isə meyvə bağları təşkil edib. Ərazi əsasən çay daşı, qum, gil, qrafit, dağ büllur, mərmər, civə, uran, kobalt, xrom, qızıl və dəmir yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Rayon ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarca kurqan, qala tipli arxeologiya baxımından qiymətli olan abidələr və digər tikililər var idi.

1992-ci il may ayının 18-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı 267 nəfər sakin, o cümlədən 18 nəfər 16 yaşına çatmamış uşaq şəhid olub, 120 nəfər sağlamlığını itirib, 66 nəfər girov götürülüb, yüzlərlə uşaq yetim qalıb.

Rayonun bütün yaşayış məntəqələri ermənilər tərəfindən yandırılaraq məhv edilib, qədim tarix və mədəniyyət abidələri vandalizmə məruz qalıb. İgidliyə və göstərdiyi şücaətə görə 5 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonun 77 min nəfərdən çox sakini 28 ildir respublikanın 58 şəhər və rayonunda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisində məcburi köçkün həyatı yaşayır. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq məcburi köçkünlər üçün ölkənin müxtəlif ərazilərində qəsəbələr, yaşayış massivləri inşa olunub. Digər məcburi köçkünlər kimi, Laçın rayonundan olan köçkünlər də bu qəsəbələrdə evlə təmin ediliblər.

Laçınlıların sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim dövlətin diqqət mərkəzində saxlanılır.

Rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli, demək olar ki, günaşırı məcburi köçkünlərin sıx məskunlaşdıqları ərazilərdə olur, görüşlər keçirir, həmyerlilərinin üzləşdikləri problemlərin həll edilməsinə çalışır. Məhz buna görə də laçınlı məcburi köçkünlər rayon rəhbərliyinin diqqət və qayğısından həmişə razılıq edirlər. Qəsəbələrdə və obalarda həyat öz axarı ilə davam edir, məcburi köçkünlər doğma Laçına qayıdacaqlarına ürəkdən inanırlar. Vaxtilə səhranı xatırladan bu yerlərdə indi insan əllərinin hərarəti ilə gözəllik yaradılır.

Taxtakörpü qəsəbəsində abadlıq-quruculuq işləri yeni vüsət alıb. Qəsəbədəki Heydər Əliyev adına meydandaparkda əsaslı abadlıq-quruculuq işlərinə başlanılıb. Rayon icra hakimiyyətinin inzibati binası önündə ucaldılmış ulu öndər Heydər Əliyevin büstünün ətrafına mərmər üzlük döşənib, ərazidə 23,5 metr hündürlükdə bayraq dirəyi quraşdırılaraq ətrafında abadlıq işləri aparılıb. Heydər Əliyev meydanında şəbəkə tipli giriş qapısı inşa edilib, ərazinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılıb. Meydanın ərazisinə 1800 kvadratmetr tamet döşənib. Hazırda ərazidə abadlıq işləri davam etdirilir.

Taxtakörpü ərazisindəki idarə və müəssisələrin inzibati binalarının fasad hissələri təmir edilərək rənglənib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, 1900-dən çox gül-çiçək əkilib. Qayğı qəsəbəsinin daxili yollarına və küçələrə qum-çınqıl qarışığı tökülərək hamarlanıb.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 10 min nəfərdən çox rayon sakininin müvəqqəti məskunlaşdığı Ərdəşəvi-2 obasında 10,8 kilometr, Qarakeçdi-Şəlvə layihəsi üzrə 14,5 kilometr, Ərdəşəvi, Fingə, Mişni obaları üzrə isə 30,9 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yollarında əsaslı bərpa və təmir işləri aparılıb.

Bu gün hər bir laçınlı dövlət qayğısına öz əməli işi ilə cavab vermək üçün ləyaqətlə çalışır, dövlətə yük olmamaq üçün sahibkarlıqla məşğul olur. Yerli sahibkarlara münbit şərait yaradılıb, əsassız yoxlamalara son qoyulub. Fermerlər Bakı, Sumqayıt şəhərlərini ət və süd məhsulları ilə təmin edirlər.

Laçın təbii və nadir inci hesab olunan Turşsu, İstisu və digər mineral bulaqları ilə məşhur olub. Bu yerlərdə bitən kəklikotu, itburnu, qatırquyruğu, çobanyastığı, solmazçiçəyi, bağayarpağı, yemişan, baldırğan, qırxbuğum və digər saysız-hesabsız dərman bitkiləri min bir dərdə dərman olub. Dağlarda dağ keçisi, cüyür, qaban, ayı, bəbir, canavar, tülkü, dələ, dovşan və digər heyvanlar var idi. Başı göylərə dəyən dağların zirvəsində qartallar uçardı. Ta qədimdən Laçın heyvandarlıq, arıçılıq və tərəvəz məhsullarının istehsalı ilə xüsusilə seçilirdi.

Laçın həm füsunkar təbiətinə, həm də strateji əhəmiyyətinə görə çox mühüm ərazidə yerləşirdi. Ermənistanla Dağlıq Qarabağ arasında ən qısa və əlverişli yol buradan keçirdi. Ona görə də ermənilər həmişə Laçını ələ keçirmək niyyətində olublar. 1992-ci ildə xain düşmən bu fürsəti əldən qaçırmadı. May ayının 18-də Laçını işğal edən ermənilər Gorus-Laçın-Xankəndi dəhlizinin açılmasına nail oldular.

Mübaliğəsiz demək olar ki, Laçın dağların qoynuna sığınmış, əsl dağ qartalını xatırladan və ana təbiətin bir incisi idi. Ermənistan öz havadarlarının köməyi ilə əzəli və əbədi Azərbaycan torpaqlarını zəbt edib. Həmin yurd yerlərimiz Ermənistan tərəfindən tar-mar edilib, dini və mədəni abidələr dağıdılıb. 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan ordusu erməni silahlı qüvvələrinin hücumunun qarşısını cəsarətlə alaraq əks-hücumla bir neçə vacib yüksəklikləri işğalçılardan azad edib. Bu sarsıdıcı zərbə Ermənistanı ağır bir duruma salıb. İndi hər birimizdə çox böyük ruh yüksəkliyi yaranıb. Bu fikirləri hər bir laçınlının dilindən eşitmək mümkündür.

Mərd oğullar diyarı olan Laçın 1992-ci ildə başı hakimiyyət davasına qarışan ovaxtkı Azərbaycan iqtidarının səhlənkarlığının qurbanı oldu. Qəfil kürəyə sancılan xəncər kimi. İşğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində və 125 kənddə olan 13.475 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəni-maarif, 101 məktəb, 142 səhiyyə, 460 ticarət şəbəkəsi itirilib. Ümumilikdə, rayona 7.1 milyard ABŞ dolları həcmində ziyan dəyib. Rayonun 34 min hektar meşə massivi, 72 min hektar yaylaq sahəsi erməni tapdağı altında qalıb və Laçında 200-dən çox tarixi abidə erməni vandalizminin qurbanı olub.

Qocaman tarix heç nəyi unutmur. Bu bir həqiqətdir ki, XX əsrin əvvəllərində Zəngəzur, İrəvan Arazboyu ərazilərdə dəhşətli vəhşiliklər törədən erməni silahlı dəstələrinə həlledici öldürücü zərbəni xalq qəhrəmanı Sultan bəyin rəhbərliyi altında Laçının igid övladları vurub. Zabux dərəsində erməni silahlı birləşmələrini mühasirəyə alaraq düşmənə sarsıdıcı zərbələr endirib. Beləliklə Qarabağda yaşayan Azərbaycan əhalisini gözləyən böyük bir təhlükə aradan qaldırılıb.

Həmsöhbətim, laçınlı Məhəmməd Şahbazov deyir:

-Müharibə dəhşətləri, doğma yurd yerlərinin itirilməsi, igid oğulların şəhid olması, torpaqlarımızın işğala məruz qalması insanları ümidsizliyə, ruh düşkünlüyünə düçar etmiş, digər tərəfdən isə ovaxtkı rəhbərliyin günahı üzündən respublikada aclıq, səfalət hökm sürürdü. Bütün bu özbaşınalığa, hərc-mərcliyə, anarxiya xaosa görə laçınlılar da sabaha olan ümidlərini itirmişdilər. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xalqımızın başının üstünü almış bütün bəlalara son qoydu. Ölkə parçalanma təhlükəsindən xilas oldu. Vətəndaş müharibəsinin qarşısı alındı. Qanunsuz silahlı dəstələr ləğv edildi. Cəbhə xəttində atəşkəs elan olundu. Ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olmağa başladı. İtirilmiş ümidlər yenidən dirçəldi. Ölkədə güclü qayda-qanun yaradıldı. Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş insanlara diqqət qayğı artırıldı. Laçınlılar öz adət-ənənələrini qətiyyətlə, böyük ruh yüksəkliyi ilə yaşadırlar. Onlar torpaqların işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyirlər. Bu qəti inam ruh yüksəkliyi hər bir laçınlının qəlbində qərar tutub.

Ötən il rayonun həyatında əsl dönüş ili, həyatın bütün sahələrində inkişaf ili, təşəbbüs, adamlara qayğı ili kimi yadda qalıb. Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər iki ildir ki, pambıqçılıq baramaçılıqla məşğul olurlar. Bu məqsədlə ərazidə 10 min ədəd tut tingi əkilib, 100 hektardan çox ərazidə pambıq əkilib.

Laçın Azərbaycanın əzəli əbədi torpağıdır. Hər bir laçınlının ürəyində qəti bir inam vardır ki, igid cəsur övladlar yetirmiş, Azərbaycan elminə, mədəniyyətinə görkəmli insanlar bəxş etmiş Laçın eləcə digər işğal altında qalan torpaqlarımız dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində tezliklə işğaldan azad olunacaq.

 

Salman ALIOĞLU

 

Respublika.- 2020.- 17 may.- S.7.