Görkəmli alim-pedaqoq, istedadlı təşkilatçı

 

Gələn il yüz illik tarixini qeyd edəcəyimiz Azərbaycan Dövlət Pedaqoji Universitetində çox görkəmli alimlər, tanınmış insanlar, Vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqəti ilə seçilən qayğıkeş müəllim-ziyalılar fəaliyyət göstərmişdir. Böyük elmi uğurları və pedaqoji fəaliyyətləri ilə adlarını universitetin şərəf kitabına yazan Mehdi Mehdizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Hüseyn Əhmədov, Cəfər Xəndan, Abbasqulu Abbaszadə, Mais Cavadov, Əli Sultanlı, Fuad Qasımzadə, Əzəl Dəmirçizadə, Ağamməd Abdullayev, İsmayıl Şıxlı, Yusif Yusifov, Afad Qurbanov bu gün də hörmət və ehtiramla xatırlanır. Həmin elmi nəslin layiqli və ləyaqətli təmsilçilərindən biriADPU-nun Ağsaqqallar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Məlikməmməd Cəbrayılovdur. Onun şərəfli və mənalı həyatının 58 ili bu müqəddəs elm və təhsil məbədi ilə bağlıdır.

 

 

 

Məlikməmməd Saday oğlu Cəbrayılov 15 may 1945-ci ildə Hacıqabul (o vaxtkı Qazıməmməd) rayonunun Atbulaq sovetliyinin Qızılburun kəndində anadan olmuşdur. 1961-ci ildə Atbulaq kənd orta məktəbini, 1967-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirmişdir. Tələbəlik illərində ən yüksək tələbə təqaüdünə - Lenin təqaüdünə layiq görülmüş, Tələbə Elmi Cəmiyyətinin fəal üzvlərindən biri kimi 1966-cı ildə Moskvada SSRİ tələbələrinin I forumunda iştirak etmişdir. İnstitutu fərqlənmə diplomu ilə bitirən M.Cəbrayılov Lenin təqaüdçüsü olduğu üçün universitetin Elmi Şurasının qərarı ilə Riyazi analiz kafedrasında assistent saxlanılmışdır. 1966-1970-ci illərdə ADPU-nun komsomol komitəsinin ştatlı katibi vəzifəsində çalışan M.Cəbrayılov 1970-1974-cü illərdə aspiranturada təhsil almışdır. 1974-cü ildə “Çoxdəyişənli diferensiallanan funksiyalar nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik, 1998-ci ildə “Vektorqiymətli funksiyalar üçün Besov fəzalarında daxilolma teoremləri və onların operator-diferensial tənliklərə tətbiqləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

 

Tədqiqatlarında riyaziyyat elmi üçün vacib bir problem - bir sinif anizotrop diferensial operator tənliklərin tədqiqi ilə bağlı meydana gələn vektorqiymətli funksiyalardan ibarət Besov-Nikolski fəzalarının struktur xassələri öyrənilib, həmin fəzalarda, həmçinin vektorqiymətli Sobolev-Liuvill fəzalarında daxilolma kəsilməzliyi, çəkili halda isə kompaktlığı araşdırılıb, aproksimasiya ədədləri qiymətləndirilib. Aldığı nəticələrin tətbiqi ilə müəyyən sinif operator əmsallı diferensial tənliklər üçün sərhəd məsələsinin koersitiv həllinin varlığını isbat edib, baş hissəni öz-özünə qoşma olmayan diferensial operatorların rezolventasının qiymətləndirilməsi ilə bağlı nəticələr alıb. Onun aldığı elmi nəticələr görkəmli riyaziyyatçı-akademiklər S.M.Nikolski, V.A.İlin, M.Qorbaçuk tərəfindən yüksək qiymətləndirilmişdir. Professor M.K.Potapov dissertasiyaya yazdığı rəydə tədqiqat predmetinə çevrilən problemin hələ 1927-ci ildə XardiLitlvud kimi alimlər tərəfindən işlənməsinə toxunaraq qeyd etmişdir ki, M.Cəbrayılov bir sıra ciddi çətinliklərlə qarşılaşsa da, nəticədə öz məqsədinə nail olmuş, riyaziyyat elminin məşğul olduğu bu sahəyə öz töhfəsini vermişdir.

 

Professor M.Cəbrayılov qədirşünas ziyalı kimi elmi taleyində mühüm rol oynayan, riyaziyyatçı alim kimi formalaşmasında xidmətləri olan Azərbaycan EA-nın müxbir üzvü, professor Maqsud Cavadovu, professor Həşim Ağayevi, dosent Bəhram Yusifzadəni, professor Əli Cəfərovu sevgi və rəğbətlə yad edir, böyük ehtiramla xatırlayır. Həmin ziyalıların ona qarşı yüksək tələbkarlığı ilə yanaşı, ustad həssaslığı, insanpərvərliyi, xeyirxahlığı və alicənablığı M.Cəbrayılovun yaddaşında silinməz izlər buraxıb, onun tanınmış alim-şəxsiyyət kimi yetişməsinə ciddi təsir göstərib.

 

M.Cəbrayılov layiq olduğu məqama pillə-pillə ucalıb. ADPU-nun Riyazi analiz kafedrasında müəllim, baş müəllim (1967-1980), dosent (1980-1991) vəzifələrində işləyib, uzun müddət Riyaziyyat fakültəsinin dekan müavini olub, 1998-2012-ci illərdə həmin kafedraya rəhbərlik edib. 1989-1996-cı illərdə ADPU-nun qiyabi təhsil üzrə prorektoru, 1996-2017-ci illərdə tədris işləri üzrə prorektoru vəzifəsində çalışmaqla universitetdə təhsil-tərbiyə prosesinin yüksək səviyyədə təşkilində, kollektivdə sağlam mənəvi mühitin yaradılmasında, müasir dövrün tələbinə uyğun müəllim kadrları hazırlığında mühüm xidmətlər göstərib. İş prosesində ciddiliyi və tələbkarlığı ilə seçilib. Ən gərgin vaxtlarda tələbə və müəllimlərlə bağlı taleyüklü məsələlərin həllində onu səbirli, təmkinli, məsuliyyətli, başqalarını da həmin məsuliyyətlə işləməyə sövq edən rəhbər işçi kimi görüb tanımışam. Mən onu bütün situasiyalarda, mübahisəli məsələlərdə belə öz təbiətinin, xarakterinin əksinə getdiyinin, hisslərini gizlətdiyinin şahidi olmamışam. Məlikməmməd müəllim ciddi olduğu qədər də səmimi bir insandır. Səmimiyyət və ciddilik ilk baxışda bir-birinə zidd insani keyfiyyətlər kimi görünsə də, əslində, onlar arasında üzvi bir əlaqə, vəhdət var. Təsadüfi deyil ki, ciddi adamların səmimiyyəti daha nüfuzedici olur. Professor M.Cəbrayılovun alim-pedaqoq ömrünün işığında aydın görünən səmimiyyəti kimi...

 

Ali pedaqoji təhsilin təşkilində və idarə edilməsində zəngin təcrübəyə, səriştəyə və idarəetmə qabiliyyətinə malik alimdir. O, 1989-1992-ci illərdə Azərbaycanda müəllim kadrları hazırlığını həyata keçirən ali məktəblərin  Elmi Metodiki Birləşməsinə rəhbərlik etmiş, dəfələrlə pedaqoji ali təhsil ocaqlarında tədrisin təşkili üzrə Təhsil Nazirliyinin işçi qrupunun sədri və ya üzvü olmuşdur. 2006, 2009 və 2012-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət Təhsil Proqramlarını (Dövlət standartları) hazırlayan işçi qrupuna rəhbərlik etmişdir.

 

2009-2018-ci illərdə ADPU-nun nəzdində fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyəninin nəzəriyyəsi və metodikası ixtisasları üzrə Dissertasiya Şurasının üzvü, AMEA-nın RiyaziyyatMexanika İnstitutunda namizədlik və doktorluq dissertasiyalarının müdafiəsini keçirən birdəfəlik şuraların sədr müavini olmuşdur. Onun elmi rəhbərliyi ilə 8 nəfər Riyazi analiz və Riyaziyyatın tədrisi metodikası ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 1 nəfər elmlər doktoru, 3 nəfər fəlsəfə doktoru dərəcəsi almaq üçün dissertasiya işlərini müdafiəyə təqdim etmişdir. Riyaziyyat üzrə fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edən 21 nəfər tədqiqatçının rəsmi opponenti olmuşdur.

 

Müxtəlif vəzifələrdə çalışmasına baxmayaraq o, həmişə alimlik, tədqiqatçılıq və müəllimlik stixiyasına sadiq qalmış, zəngin və  məhsuldar yaradıcılığı ilə seçilmişdir. İndiyə kimi onun 1 monoqrafiya, 11 dərs vəsaiti, 2 metodik vəsaiti, Azərbaycan, RusiyaUkrayna Elmlər Akademiyalarının Xəbərlərində və digər nüfuzlu elmi jurnallarda nəşr olunan 120-dən artıq elmimetodiki məqaləsi nəşr olunmuşdur. “Ədədi üsullardan mühazirələr” (1989), “Metrik fəzalar və çoxdəyişənli funksiyaların diferensial hesabı” (1982), “Metrik və normalı fəzalar. Xətti operatorlar” (2004), “Riyazi analiz” (diferensial hesabı) (2006, 2010) və “Riyazi analiz” (inteqral hesabı) (B.Əliyevlə birlikdə) (2016) dərs vəsaitləri gələcəyin riyaziyyatinformatika müəllimlərinin ən çox istifadə etdiyi dəyərli mənbələrdən biridir.

 

Ali pedaqoji məktəblərdə riyazi analizin tədrisinin aktual problemləri ilə ciddi məşğul olan professor Məlikməmməd Cəbrayılov dəfələrlə Rusiyanın müəllim hazırlığı ilə məşğul olan ali məktəblərində uzunmüddətli elmi ezamiyyətdə olmuş, təcrübə mübadiləsi aparmış, Moskva Pedaqoji Universitetinin əməkdaşları ilə birlikdə 2 hissəlik “Riyazi analiz” (Moskva, 2005, 2006) kitabının nəşrinə nail olmuşdur. Kitab Rusiya Təhsil Nazirliyinin qrifi ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. O, uzun illərdir ki, “ADPU-nun Xəbərləri” məcmuəsinin redaksiya heyətinin üzvüdür.

 

Məlikməmməd Cəbrayılov ali pedaqoji təhsilin və riyazi analizin tədrisinin aktual problemləri ilə bağlı Bakı, Ankara, Kiyev, Moskva, Odessa, Düşənbə, Kaluqa, Saratov, Teberda, Voronejdə keçirilən Beynəlxalq və respublika səviyyəli konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Son illərdə Sankt-Peterburqda yerləşən “Avropa eviİctimai Birliyinin həyata keçirdiyiÖmür boyu təhsil” layihəsi çərçivəsində Sankt-Peterburq, Roma, Afina, Tirana, Lissabon, Barselona, İstanbul, Helsinki şəhərlərində keçirilən konfrans və treninqlərdə iştirak etmiş, yaşlıların təhsili ilə bağlı xarici təcrübəni öyrənmişdir.

 

Alimin elmi-pedaqojiictimai-siyasi fəaliyyəti həmişə yüksək qiymətləndirilmiş, Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisidöş nişanı ilə (2006), “Rəşadətli əməyə görə” medalı ilə (1970), müxtəlif diplom və Fəxri fərmanlarla təltif olunmuşdur. Elm və təhsil sahəsində qazandığı uğurlara görə 2002-ci ildə Moskvada fəaliyyət göstərən Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

 

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ona Əməkdar müəllim fəxri adı verilmişdir.

 

Elmipedaqoji bioqrafiyasının bəzəyi olan bu faktlar onun 75 illik ömür yolunun tarixiləşən və yaddaqalan anlarıdır. Onun ömür kitabının hər səhifəsi zəhmətlə, əziyyətlə, amma ləyaqət və şərəflə yazılıb. Bu illər ərzində o, müəllim adını hər şeydən uca tutub, istedadlı alim, qayğıkeş pedaqoq və təcrübəli təhsil təşkilatçısı kimi sadəliyi, səmimiliyi, xeyirxahlığı, yüksək mənəvi keyfiyyətləri, dostluğa sədaqəti ilə çoxsaylı tələbələrin, həmkarlarının məhəbbət və hörmətini qazanıb. Xeyirxahlıqda səmimi və təmənnasız olan Məlikməmməd müəllim saf mənəviyyat, yüksək mədəniyyət sahibidir. Qəlbi də, ruhu da dağ çeşməsi tək dumdurudur. Onun böyüklüyünün, əzəmətinin, fəzilətinin gücü sadəliyindədir. Onunla həmsöhbət olan hər kəs sanki istirahət edir, dincəlir, yüngülləşir, mənəvi cəhətdən zənginləşir. O, gənc yaşlarından ağsaqqallıq missiyası daşıyır. Əliqabarlı zəhmətkeş atasının sağlığında ikən böyük bir ailənin, nəslin, sonralar isə bir elin, obanın ağsaqqallıq missiyasının məsuliyyətini daşıyan Məlikməmməd müəllim bu gün ADPU-nun Ağsaqqallar Şurasının sədri olmaqla həm də 20 minlik  Pedaqoji Universitet ailəsinin - tələbə-müəllim kollektivinin ağsaqqalıdır. Çoxşaxəli fəaliyyəti ilə universitetimizdə rektor, professor C.Cəfərovun rəhbərliyi ilə həyata keçirilən islahatlara töhfə verir.

 

Məlikməmməd müəllim gözəl ailə başçısı, qayğıkeş ata, mehriban baba, səmimi və etibarlı dostdur. Müxtəlif sahələrdə çalışan övladlarının hər biri yüksək ixtisaslı peşəkar kadrlardır.

 

O, ömrünün müdriklik çağında da ADPU-nun Riyazi analiz kafedrasının professoru kimi sevdiyi işini davam etdirir, sevimli tələbələrinə mühazirələr oxuyur, elmi yaradıcılıqla məşğul olur, doktorant və dissertantlarına məsləhətlər verir. Taleyinin yaraşığı olan nəvələrinin qayğısına qalır, onların sevinclərini bölüşməklə bənzərsiz rahat bir ömür yaşayır.

 

Gözəl insan, görkəmli alim, etibarlı dost kimi bütün gözəlliklərə layiq olan Məlikməmməd Cəbrayılova bundan sonra da şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,

pedaqoji elmlər doktoru, professor,

Əməkdar elm xadimi.

 

Respublika.- 2020.- 21 may.- S.5.