Tarixə qızıl hərflərlə yazılacaq

 

“Dünyanı tarixi şəxsiyyətlər idarə edir” fikri bu gün də bir daha İlham Əliyev nümunəsində öz təsdiqini tapır. Prezident ən istedadlı siyasətçi, sərkərdə və yüksək diplomatik keyfiyyətlərini nümayiş etdirərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Milli Ordumuzu son on-on beş il ərzində nümunəvi səviyyəyə qaldırdı, ordu quruculuğu istiqamətində daha yeni uğurlara imza atdı. Bununla da Azərbaycan dünyaya öz gücünü, qüdrətini bir daha göstərdi. Çox sağ olun, cənab Prezident! Siz bu gün tarix yazırsınız!

 

 

Cənab Prezident! Azərbaycanımızın inkişafı, çiçəklənməsi, pərvazlanması, dünya dövlətləri içində layiqli yerini tutması sahəsində gördüyünüz bütün nəhəng işləri kənara qoysaq belə, təkcə Dağlıq Qarabağımızın torpaqlarının azad olunması yolunda apardığınız haqq işinə görə Sizin adınız da tarixə qızıl hərflərlə yazılacaqdır!

Şair demişkən:

Yüz il bizdən sonra gələn nəsillər,

Gəlmişik, getmişik nə biləcəklər?

Qalmasa onlara bizdən yadigar,

Biz nələr etmişik nə biləcəklər?..

Otuz ildən artıqdır ki, torpaqlarımız işğal altındadır. Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan öz doğma, əzəli torpaqlarını azad etməsi üçün tam tarixi və mənəvi haqqı, hüququ vardır. Bu xalqımızın başına gələn ilk müsibət deyil. Tarix həmişə təkrarlanır. İnkişaf yüksələn xətlə deyil, spiralvari xətlə hərəkət edir. Amma bu spiralın sıxılan, həm də açılan vaxtları da olub. Tarixə səyahət etsək görərik ki, hətta indiki Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan Azərbaycanın tərkibində olmuşdur. Bu ərazilər sonrakı tarixi dövrlərdə də Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutununun direktoru, akademik Yaqub Mahmudovun internet səhifələrində də göstərdiyi kimi Sacilər, Salarilər, Şəddadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarilər və Qacarların idarə etdikləri Azərbaycan dövlətlərinin tərkibində olmuşdur.

Daha sonra 1805-ci il mayın 14-də Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahimxəlil xanRusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən Kürəkçay müqaviləsi imzalanmışdır... Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçmişdir. 1920-ci ildə isə Azərbaycanda sovet hakimiyyəti qurulandan bir il sonra, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında qərar qəbul etmişdir.

“...Əgər bu gün İrəvan məsələsi ilə bağlı konseptual baxışımız varsa, bu, Azərbaycan Prezidentinin xidmətidir... . Dövlətimizin başçısı tarix elminin zərgər kimi bilicisidir və ərsəyə gələn elmi araşdırmalar bilavasitə onun prinsipial mövqeyinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bu işləri başlatdı və zamanın tələbinə uyğun olaraq Prezident İlham Əliyev onu yaradıcılıqla davam etdirir”.

Prezident İlham Əliyevin İrəvanın verilməsi ilə bağlı fikirləri real tarixi faktlara, tarixi həqiqətə əsaslanıb: “Əlbəttə ki, biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı, bizim qədim şəhərimizi Ermənistana vermək idi. Bunu heç cür əsaslandırmaq və heç vaxt bağışlamaq olmaz”. Bu fikirlərin dəqiqliyi Prezidentin göstərişi və Yaqub Mahmudovun rəhbərliyi ilə İrəvanın ermənilərə verilməsi məsələsinə həsr olunan “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır / İstoriçeskaə pravopreemstvennostğ azerbaydjanskoqo naroda na İrevan i prileqaöhie territorii doljnı bıtğ vosstanovlena / Historical Inheritance right of the people of Azerbaijan on Irevan and surrounding land shall be restored / Y.M.Mahmudov; elmi red.: V.Qafarov, İ.Niftəliyev, N.Məmmədzadə; rus dilinə tərc. İ.V.Niftəliyev; ing. dilinə tərc. S.M.Alməmmədova; AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. - Bakı: Elm, 2017. - 68 s.” kitabında öz əksini tapmışdır.

Batum müqaviləsinin şərtlərinə (Batum konfransı 11 may - 4 iyun 1918-ci il) və Azərbaycan Milli Şurasının qərarına əsasən 1918-ci il mayın 29-da ermənilərə dövlət yaratmaq üçün İrəvan və ətrafında 9 min km.kv. sahəsi olan Azərbaycan torpaqları verilmişdi. Yəni, erməni dövləti həmin ərazi çərçivəsində mövcud olmalı idi. Azərbaycan ərazisində dövlət yaratmaq üçün ermənilərə torpaq veriləcəyi halda erməni tərəfi Azərbaycan və Osmanlı tərəfləri qarşısında 5 bənddən ibarət öhdəlikləri götürmüşlər. Amma torpaqlar verildikdən sonra üzərilərinə götürdüklərinə baxmayaraq, yerinə yetirməli olacaq bütün 5 öhdəlikdən imtina etmişlər. Müxtəlif dövrlərdə mənfur düşmən birbaşa sovet imperiyasının köməyi ilə daha 20,8 min km.kv. Azərbaycan torpağını ələ keçirərək ərazisini 29,743 min km.kv. çatdırmışdır. O zaman xalqın iradəsi ilə hesablaşmadan onun torpağında İrəvan mərkəz olmaqla erməni dövləti yaradılmışdır.

Tarixin təkrarlanmasının burda da yenidən şahidi oluruq. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti öz çirkin siyasətini davam etdirərək 1988-1994-cü illərdə Azərbaycanın dilbər guşəsi Dağlıq Qarabağı və ətrafındakı yeddi rayondan ibarət daha 17 min km.kv. ərazisini işğal edərək, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətmişlər. İndi isə Xocalı soyqırımının davamı olan Gəncə soyqırımını törətdilər. Azərbaycanın dinc əhalisini atəşə tuturlar. Sentyabrın 27-dən indəyədək 91 nəfər mülki şəxs öldürülmüş, 400 nəfərdən çox xəsarət almış, minlərlə infrastruktur, yaşayış evləri dağıdılmışdır. Son iki əsrdə erməni millətçilərinin azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə törətdikləri çoxsaylı soyqırımları, kütləvi qırğınları xalqımız heç zaman yaddan çıxarmayacaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsindəki “Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram” paylaşımda deyilir: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Prezident İlham Əliyev sülh tərəfdarıdır, 30 ildən artıq bir zaman keçməsinə baxmayaraq, torpaqlarımızın sülh yolu ilə azad olunmasını istəyir. Bunu Prezident Türkiyənin NTV televiziyasına müsahibəsində: “Bizim son hədəfimiz dəyişməz olaraq qalır. Azərbaycanın beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz döyüş meydanında dayanmağa hazırıq... Əgər Ermənistan buna hazır olarsa və bizə təqvim verilərsə, biz sabah dayanmağa hazırıq. Ancaq proses olaraq biz dayanmayacağıq. Biz istəyirik ki, artıq hərbi proses siyasi prosesə çevrilsin. Ermənistan buna hazırdırsa və beynəlxalq təşkilatlar, böyük ölkələr Ermənistanı inandıra bilərlərsə, bu, daha tez bir zamanda olacaq. Yox, o zaman Azərbaycan Ordusunun zəfər yürüşü davam edəcək”, - deyib.

Haqq işiniz zəfər çalsın cənab Prezident! Xalqımız həmişə Sizinlədir. Qarabağ Azərbaycandır!

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor

 

Respublika.- 2020.- 3 noyabr.- S.10.