Dövlət qayğısı kənd təsərrüfatının inkişafına təkandır

 

Bu gün ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet təşkil edən sahələrindən biridir. Aqrar sahədə həyata keçirilən geniş islahatlar öz bəhrəsini verməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsi bölgələrin inkişafında, o cümlədən, kənd təsərrüfatının dinamik inkişafı üçüngeniş imkanlar açmışdır. Dövlət başçısı tərəfindən dalbadal imzalanan sərəncamlar aqrar sektorun inkişafı üçün münbit şərait yaratmış, normativ-hüquqi bazanın təkmilləşdirilməsinə imkan vermişdir. Elektron kənd təsərrüfatı sisteminin yaradılması bu sahədə tamamilə yeni mərhələdir. Bu sistem kənd təsərrüfatı məhsulları istehsalçılarının tələblərinin daha çevik vahid pəncərə prinsipi ilə həyata keçirilməsi deməkdir.

Gündəlik fəaliyyətində dövlət qayğısı və dəstəyini hiss edən Xaçmaz rayonunun kənd təsərrüfatı istehsalçıları da torpaqdan daha səmərəli istifadə etməklə məhsul istehsalını və keyfiyyətini ildən-ilə artırırlar. Olduqca əlverişli coğrafi və təbii iqlim şəraitinə malik rayonumuzda istehsalçılar əsasən taxıl, meyvə, tərəvəz, bostan bitkiləri yetişdirməklə bərabər, heyvandarlıqla da məşğuldurlar. Məlumat üçün bildirim ki, rayonumuzda 57380 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur.

Taxılçılıq rayonun kənd təsərrüfatında iqtisadiyyatının aparıcı sahəsidir. Əkinçilər istehsalı daha məhsuldar toxum sortları yetişdirməklə artırırlar. Ötən il rayonda 23589 hektar sahədə taxıl, o cümlədən 17397,8 hektar buğda, 6191,2 hektar arpa əkilmişdir. Sahələrdən 67351,53 ton taxıl yığılmış, hər hektardan məhsuldarlıq 28,55 sentner olmuşdur. Toxumçular da yaxşı işləmişlər. 11 toxumçuluq təsərrüfatında 2971 hektar taxıl toxumu əkilmiş, 4097 ton yüksək keyfiyyətli toxum istehsal olunmuşdur.

Xaçmaz həm də regionda daha çox meyvə istehsal edən rayonlardan biridir. Son illər bu sahənin inkişafına diqqət artırılmışdır. Rayonda intensiv bağçılıq xeyli genişləndirilmişdir. Mövcud 23178 hektar meyvə bağının 1321 hektarı müasir texnologiyalar əsasında salınmış intensiv bağlardır. Hazırda rayonun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 89114 ton məhsul yığılmışdır. Fermerlər ixracyönümlü meyvələrin istehsalını artırmağa çalışırlar. Onlar fındıqçılığa daha çox üstünlük verirlər. Müqayisə üçün deyim ki, 2016-cı ildə rayonda cəmi 4651 hektar fındıq bağı mövcud olduğu halda, indi bu bağların sahəsi 9715 hektara çatmışdır. Rayonda ötən il salınan 1342 hektar yeni meyvə bağının 850 hektarını fındıq bağları təşkil edir. Fındıqçılığın inkişafı ilə bərabər emal müəssisələrinin də sayı artıb. Hazırda rayonda 5 fındıq emalı müəssisəsi, 20 ədəd fındıq qəbulu məntəqəsi fəaliyyət göstərir.

Cari il üçün rayonda 4187,5 hektar tərəvəz və bostan bitkiləri əkilmişdir. Bunun da çox hissəsini pomidor məhsulu təşkil edir. İndiyədək bu sahələrdə 97117,6 ton məhsul istehsal edilmişdir. Rayonun ərazisində 15 nəfər fizikihüquqi şəxsə məxsus 22,65 hektar ərazidə istixana təsərrüfatları fəaliyyət göstərir.

Rayonda heyvandarlığın inkişafı da diqqət mərkəzindədir. Hazırda rayonda 56278 baş iribuynuzlu mal-qara, 54222 baş xırdabuynuzlu heyvan bəslənilir. Quşların ümumi sayı 330835 baş təşkil edir. Bu ilin oktyabrın 1-nə olan məlumata əsasən rayonda 92630 sentner ət, 439681 sentner süd, 16960 min ədəd yumurta istehsal olunmuşdur. Rayon mütəxəssisləri tərəfindən 6287 baş iribuynuzlu heyvanda süni mayalanma tədbirləri aparılmışdır. Arıçılıqla məşğul olan ailə təsərrüfatlarının sayı da artmaqdadır. Hazırda 252 arıçılıq təsərrüfatında 7518 arı ailəsi saxlanılır.

Dövlətin fermerlər üçün bir sıra güzəştləri müəyyən etməsi onları daha yaxşı işləməyə ruhlandırır. Dövlət dəstəyi kənd təsərrüfatı istehsalçısının demək olar ki, bütün problemlərini arxada qoyub. Texnikası, gübrəsi, dərmanı, üstəgəl vaxtı-vaxtında ödənilən subsidiyaları. Rayon ərazisində 8 şirkət mülkiyyətçilərin gübrə və dərman təchizatı ilə məşğul olur. Əkin-biçin adamlarının texnika sarıdan da heç bir çətinliyi yoxdur. Ötən taxıl biçini mövsümündə bunun bir daha şahidi olduq. Biçin kampaniyası dövründə sahələrə kifayət qədər taxıl biçən kombaynlar çıxarıldı. Bu gün rayonumuzda hüquqifiziki şəxslərə məxsus 22 ədəd, “AqrolizinqASC-nin Xaçmaz rayon nümayəndəliyinə məxsus 11 ədəd taxıl biçən kombayn vardır. Hazırda payızlıq dənli bitkilərin əkin prosesi gedir. Şumun qaldırılması, torpağın diskilənməsi, malalanması və toxumun səpilməsi üçün traktor və digər kənd təsərrüfatı maşınları kifayət qədərdir. Əkin sahələrində bu günlər 400-dən çox saz vəziyyətdə olan traktorlar işləyir.

Respublikamızda elektron kənd təsərrüfatının yaradılması bu sahədə işləri xeyli asanlaşdırıb. Elektron kənd təsərrrüfatının yaradılması ilə yeni metodları tətbiq olunur. Bu sistemin tətbiqi informasiyanın çevikliyini, keyfiyyətini, xidmətdən istifadənin asanlığını təmin edir. Qeyd edim ki, bu ildən etibarən rayonumuzda elektron kənd təsərrüfatı informasiya sistemində fermerlərin sənədlərinin qeydiyyatı və bəyan verilməsi ilə əlaqədar rayon mərkəzindən uzaq olan yaşayış məntəqələrində xidmət göstərilməsi üçün hər cür müasir avadanlıqlarla təchiz olunmuş səyyar mikroavtobus fəaliyyət göstərir. Bundan əlavə, kənd təsərrüfatında torpaq sahələrindən, su ehtiyatlarından və istehsal vasitələrindən qənaətli və səmərəli istifadənin, eləcə də əkin sahələrində növbəli əkin sisteminin həyata keçirilməsi məqsədilə “Bir sahədə bir əkin” prinsipi həyata keçirilməkdədir. Bununla da eyni ərazidə fəaliyyət göstərən fermerlərin əməkdaşlığı təşkil olunacaqdır. Hazırda bu mütərəqqi metodun geniş yayılması üçün tərəfimizdən istehsalçılar arasında geniş təbliğat, izahat işləri aparılır. Fermerlər ilə işi daha da yaxşılaşdırmaq məqsədilə 2018-ci ildən rayon DAİM-i yanında “Fermerlər şurası” faəliyyət göstərir. 13 nəfərdən ibarət bu şura yerlərdə qarşıya çıxan problemlərin vaxtında aşkara çıxarılıb aradan qaldırılmasına kömək edir.

Ölkəmizdə müharibə gedir. Xalqımız mənfur ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda vuruşur. Hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər ordumuz ön cəbhədə qələbələr qazanır. Biz kənd təsərrüfatı işçiləri yaxşı başa düşürük ki, müharibə gedən ölkənin bol ərzaq ehtiyatı olmalıdır. Bunu aydın dərk edən rayonumuzun kənd əməkçiləri arxanı da bir cəbhə hesab edərək, bu günlər əzmlə çalışır, gələn il üçün bol məhsulun əsasını qoyurlar. Taxıl sahələrində səhərdən-axşamadək gedir. Şum sürülür. Toxum səpilir. Əkinçilərimiz bu il torpağa daha çox toxum səpmək əzmindədirlər. Məlumat üçün bildirim ki, indiyədək 22 min hektarda şum sürülmüş, 3500 hektara qədər sahədə səpin aparılmışdır. Noyabr ayının sonuna kimi səpinin başa çatdırılması nəzərdə tutulur.

Rayon DAİM-in kollektivibütün kənd təsərrüfatı istehsalçıları dövlətimiz tərəfindən yaradılmış geniş imkandan səmərəli istifadə etməklə məhsul bolluğu yaradılması üçün bütün qüvvə və bacarığını sərf edəcəkdir.

 

Azər HAQVERDİYEV,

Xaçmaz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin

direktoru.

 

Respublika.- 2020.- 3 noyabr.- S.11.