Filoloji düşüncəmizin filosofu

 

Rəhim Nadir oğlu Əliyev filoloji elmimizin seçkin simalarından biridir. O, tanınmış tənqidçi-ədəbiyyatşünas və nasirdir. 1950-ci il noyabrın 6-da Bakının Ramana qəsəbəsində dünyaya gəlib, 198 saylı orta məktəbində oxuyub, BDU-nun filologiya fakültəsini bitirib (1969-1973), zabit rütbəsilə motopiyada bölməsində hərbi qulluqda xidmət edib (1973-1975).

 

İlk mətbuat rəyi AMEA-nın müxbir üzvü Yaşar Qarayevin “Səhnəmiz və müasirlərimiz” (/1973/, “Azərbaycan gəncləri”) kitabı barəsində olub. İlk kitabı isə” Poeziyanın kamilliyidir (1982). 1975-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda laborant işləyib. “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi (1976-78), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978-1985), 1988-1991-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi olub.

 

Rəhim Əliyev Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləyib (1990-91). C.Cabbarlı fondunun sədri seçilib (1994-cü ildən). Xalq hərəkatına aid sosial-siyasi mövzularda məqalələr yazıb, çıxışlar edib. Alim hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisidir (1996-cı ildən). “1970-ci illər lirikasının inkişaf meyilləri” mövzusunda namizədlik (1983), “Cəfər Cabbarlının yaradıcılıq təkamülü:metod, üslub, janrmövzusunda doktorluq dissertasiyaları müdafiə edib(1996).

 

Tanınmış alim ədəbi tənqid və ədəbiyyatşünaslıq, habelə, nəsr və publisistika ilə məşğul olur. Türkdilli hürufi məntnlərdə məzhəb təlimi, dilin yazıdan törəmə olması barəsində fikir, habelə, sözün semiotik işarə sisteminin ədəbi struktura tətbiqi nəzəriyyələrinin müəllifidir.

 

Nüfuzlu tədqiqatçının əsas elmi kitabları: Poeziyanın kamilliyi” (1982), “Cəfər Cabbarlının yaradıcılıq təkamülü” (1989), “Dilimiz, ədəbiyyatımız, tariximiz” (1997), “Nəsimi və klassik dini üslubun təşəkkülü” (2006), “Taleyin sözü” (2008), “Ədəbiyyat nəzəriyyəsi” (2008, 2012), “Sözün mifi” (2011), “Cavidannamə” (2016), “Nəsimi nədən ənəlhəq dedi” (2020) əsərləridir.

 

Rəhim Əliyev tədqiqatlarında demək olar ki, fərdi predmeti öyrənmir, kifayət qədər geniş təfəkkür və idrakda problem-mövzulara nəzəri baxış ifadə edir: sözün mifi, dilimiz, ədəbiyyatımız, tariximiz, sufilik, hürufilik, ədəbi-nəzəri fikrin tarixis. Ədəbi-fəlsəfi şəxsiyyət (Nəimi, Nəsimi, Cabbarlı və s.) problemlərini qaldıranda belə geniş tarixi dövrlərin məcrasından ədəbi obyektə nüfuz edir. Adətən bu, onun elmi-fəlsəfi erudisiyasının genişliyi və tələbindən irəli gəlir.(“Nəsimi və klassik dini üslubun təşəkkülü”, “Taleyin sözü, “Cavidannamə”, “Cabbarlının yaradıcılıq təkamülü” və s.).

 

Nəzəriyyəçi alimin namizədlik işi poeziyadan, doktorluq işi dramaturgiyadan, monoqrafiyaları mifdən, mifologiyadan, sufilikdən-təsəvvüfdən, hürufilikdən, məqalələri XIX-XX əsr maarifçiliyindən olub. Yəni Rəhim müəllim Azərbaycan ədəbiyyatının uzun əsrlik tarixi mərhələlərindən, nəzəri-fikrin təşəkkülü, inkişafı və müasir mənzərəsindən yazıb. Tənqidçiliklə, tənqid tarixi ilə də məxsusi məşğul olub. Yəni Rəhim Əliyev tanınmış tənqidçi-ədəbiyyatşünasdır, ədəbiyyatşünaslıq elminin tənqidi ilə məşğul olan nüfuzlu tədqiqçidir. O, XIX-XX əsrlərin ədəbiyyat tarixi və şəxsiyyətlərini həm də Cənubi Azərbaycan olaraq öyrənib və təbliğ edib. Alim Cənubi Azərbaycan ədəbiyyatı haqqında nəinki məqalələr yazıb, hətta “Taleyin sözü” adlı kitabının üçüncü hissəsini ədəbi-tarixi bir problemə-XIX və XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının tədqiqinə həsr eləyib. Cənubi Azərbaycan ədəbiyyatı Rəhim Əliyevin xalqımızın tarixi taleyi, tarixi yaddaşı və vətən əxlaqı haqqında monoqrafiyasıdır. Monoqrafiyanın önəmi-”Bütövlük rəmzi” adlı başlanğıcı problemə proloq kimi səslənir.

 

“Poeziyanın təbiiliyi”( Bakı, Yazıçı, 1982, 91 s.) monoqrafiyası Rəhim Əliyevin ilk tədqiqat əsəridir. 1970-ci illər poeziyasının tədqiqinə həsr olunub. Xalq yazıçısı, tənqidçi və ədəbiyyatşünas Elçin bu əsəri “mənsub olduğu gənc tənqidçilər nəslinin ilk kitablarından” hesab edib. Aydın, Kamil Vəliyev, Nadir Cabbarov, Vaqif Yusifli, Şirindil Alışanlı, İlham Rəhimli, Nizaməddin Şəmsizadə, Kamal Abdullayev, Qurban Bayramov, Əsəd Məmmədov, Sadıq Elcanlı, Rahid Xəlilov həmin ədəbi prosesin fəal iştirakçıları olub. Elçin yazıb: “R.Əliyev Azərbaycan tənqidçilərinin bu yeni nəslinin nümayəndəsidir və onun ədəbi düşüncələrində, bədiiyyata münasibətində, onu qavramasında həmin nəsil üçün xas olan bədii-estetik meyarlar və prinsiplər təhlillərin, araşdırmaların əsasını təşkil edir. Rəhim nəzəri hazırlığa malik, elmi metodologiyası aydın olan bir tənqidçidir...”

 

Rəhim Əliyevin “Cəfər Cabbarlının yaradıcılıq təkamülü” monoqrafiyası müəllifin “Cəfər Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janrmövzusunda doktorluq dissertasiyası əsasında hazırlanıb. Monoqrafiyada müəllifin” Cəfər Cabbarlı” oçerki, “Od gəlini”ndə peyğəmbərlik və antiutopiya”, “Cəfər Cabbarlı inqilablar dövründə”, “Cəfər Cabbarlı kimdir”, “Cabbarlı üslubu və görünməyən C.Cabbarlı” (sənədli ssenari) bölmələri verilib. Göründüyü kimi, bölmələr problematik olub xronoloji ardıcıllıqla Cəfər Cabbarlı irsini səciyyələndirib - bu irsin yeni ədəbi-tarixi mərhələ olduğu, “sosial satira ilə məşğul olan Azərbaycan realizminə bir sıra yeni mövzu və problemlər gətirdiyi”, “Azərbaycan realizmini dünya realizminin ən müasir axtarışları səviyyəsinə qaldırdığı əsaslandırılıb. Tədqiqatçı Cəfər Cabbarlını yetirən ictimai mühiti, onun həyatının əsas faktlarını, səbəb və nəticələrini aydınlaşdırıb, sənətkarın təsirləndiyi ədəbi ənənə və istiqamətləri, hekayələrinin üslub xüsusiyyətlərini, yaradıcılığındakı romantikrealist ortaq başlanğıcı müəyyənləşdirib, fərdi həqiqət axtarışlarını, milli problem (romantizmin həkk etməli olduğu) ideyasını, sevgi azadlığı konsepsiyasını, qəhrəmanların fərdi özünütəsdiqi ilə cəmiyyət toqquşmasını, yaradıcılıq metodundakı gerçəkliyə konkret tarixi münasibəti, ədibin maarifçi estetika mövqeyini, ümumiləşdirmə, tipikləşdirmə və personajların xarakterindəki realizmi, realizmilə romantikasının vahid bədii üslub paralelliyini, tənqidi realizmə münasibət mövqeyini, sosialist realizmindəki bədii inikas üsulu və prinsiplərinin tarixi mövzulara tətbiqini, yeni tipli insan surətləri və qadın taleyini, ədəbiyyatın Şərq kontekstindən qaçma, Qərb kontekstinə meyillik məsələlərini analiz edib, C.Cabbarlı üslubunun səciyyəvi fərdi xüsusiyyətlərini aşkara çıxarıb...

 

Tanınmış alimin “Ədəbiyyatımız, tariximiz, dilimiz: son 2 on ilimiz (70-80-ci illərin ədəbi-ictimai prosesi)” kitabı (1997), 1970-1980-ci illərə aid icmallar, ədəbi portretlər və azərbaycançılıq ideologiyası mövzusunda məqalələr toplusudur.

 

1970-1980-ci illər ədəbi prosesinin icmal tezislərini belə görüntüləşdirmək olar:

 

-Ədəbi prosesin təkcə ümumi problemlər baxımından yox, həm də ayrı-ayrı aparıcı simaların fərdi axtarışları səciyyəsindən öyrənilməsi;

 

Problemi janr, üslubforma bütövlüyündə öyrənməyin səmərəli yolu;

 

Epik fabulasüjet ünsürlərinin müxtəlif formalarda qalması;

 

Təbiətin poeziyasında poeziyanın təbiiliyi;

 

-Eksperimentlərin şeirin yeni mərhələsinə yol açması, sənətkarlıq axtarışlarının yeni mərhələsi;

 

1960-cı illər poeziyasındakı eksperimentlərin 1970-80-ci illərə keçidləri, forma, üslubovqat axtarışlarının ədəbi mühitdə doğurduğu qızğın mübahisələr;

 

1960-cı illərin poeziyası ilə bədii inkişafda yeni mərhələnin başlanması;

 

Forma sərbəstliyinə doğru artım, sərbəst şeirin spesifik forması və forma sahəsində sərbəstliyin qüvvətlənməsi; Və sair...

 

Rəhim Əliyev müasir ədəbiyyatımızla yanaşı, klassik ədəbiyyatın tədqiqi ilə də dərindən məşğul olub. “Nəsimi və klassik dini üslubun təşəkkülü” alimin qiymətli monoqrafiyalarındandır. Rəhim müəllim dinlərin tarixini, dini kitabları, İncili, Qurani-Kərimi dərindən bilir. Monoteist məğzli problemlərdən yazır. Görünür, bu, ona nəzəri problemlərin qoyuluşuelmi yanaşmalarından irəli gəlir. Lakin ondan soruşanda ki, bu qədər dini mənbələrə maraq göstərməkdə qəsdin nədir,-filosoflar kimi idealistya materialist mövqeyinimi ifadə etmək istəyirsən? Cavab verir ki, mən dinlərin təriqət və məzhəblərinə ədəbi-nəzəri, fəlsəfi-estetik olaraq yanaşıram,bu mənim fəlsəfi-idraki marağımın təzahürüdür...

 

Rəhim Əliyevin”Cavidannamə (monoteizmin IV kitabı)”əsəri dinşünaslıqda və Şərq filologiyasında hürufiliyin ehkam sistemini araşdıran ilk monoqrafik tədqiqatdır. Əsərin birinci fəslində Fəzlullahın ilahi kəlimə ehkamı, ikinci fəsildə Adəm əleyhis-səlamın allahlığı haqqında ehkamlar sırası öyrənilib. Üçüncü fəsildə “Cavidannamə”nin müəllifi Fəzlullah Nəimi Astrabadinin (1340-1394) dinçilik görüşləri, bu görüşlərin bəzi müasir baxışları işıqlandırılıb.(Annotasiyasından)...

 

Rəhim Əliyevin “Nəsimi nədən ənəlhəq dedi” kitabı Nəsimiyə və hürufiliyə həsr olunmuş üçüncü monoqrafik əsərdir. Burada nəsimişünaslıqda ilk dəfə olaraq Nəsiminin Fəzlullahın ölümündən sonra yaşadığı sarsıntılar, bunların doğurduğu dini görüşlərin yaratdığı təbəddülat və şeirlər öyrənilib...”Taleyin sözü” (2008), “Ədəbiyyat nəzəriyyəsi” (2008, 2012), “Sözün mifi” (2011) elmi-nəzəri tədqiqatlardır. “Taleyin sözü” R.Əliyevin ikinci ədəbi tənqid kitabıdır. Birincisi “Ədəbiyyatımız, tariximiz, dilimizdir.

 

İkinci tənqid kitabında alimin ədəbi prosesə aid məqalələri, ədəbi portretləri, müsahibələri, rəyləri və icmalları, nəzəri mövzuda iki məqaləsi, habelə, iki monoqrafiyası: “Cəfər Cabbarlının yaradıcılıq təzahürü” və “Cənubi Azərbaycan ədəbiyyatı” tədqiqat əsərləri toplanıb. Hamısı problematikdir...

 

Sözün mifi (Fonetik sözünfonetik yazının mənşəyi barədə)” monoqrafiyası tənqidçi-ədəbiyyatşünas Rəhim Əliyevin semiotik dil nəzəriyyəsi istiqamətində fonetik sözün, mifinfonetik yazının mənşəyi barəsində tədqiqlərinə həsr edilib. Kitabda nitqin yaranmasında yazının təyinedici funksiyası izah olunub. Müəllif altı bölmə və nəticə verib...

 

Rəhim Əliyevin Ədəbiyyat nəzəriyyəsi haqqında kitabı dərslik deyil, struktural bir tədqiqatdır. Hərtərəfli, dünya ədəbi-fəlsəfi fikrinin qaynaqlı formasıdır, - orijinal nəzəriyyə kitabıdır, müasir, normativ olmayan dərslik-əsərdir. Kitab ciddi, dərin, qüvvətli mənbələrə - elmi-fəlsəfi klassikaya dayanıb. O, müəllifin də yazdığı kimimarksist nəzəriyyə ehkamından” - nəzəri modeldən, standartlardan uzaqdır. Kitabın axtarışları, tapıntıları müəllifin ali məktəbdə oxuduğu mühazirələrə əsaslanıb. Bu mühazirə, konspektlər isə öz mayasını ədəbiyyatdan, ədəbiyyatşünaslıqdan, tarixdən, fəlsəfədən, etikaestetikadan - bir sözlə, dini və dünyəvi sivilizasiya dəyərlərindən alıb. Müəllif yazıb: “Əsərdə klassik filologiyanın və semiotikanın elmi prinsipləri əsas götürülüb”. Sözün, obrazın, mifin, yazı dilinin və mətn nəzəriyyəsinin, dilin mənşəyinin izahı və başqaları alimin həm nəzəri-praktik təfəkkürü, həm də mühakimə, dərketmə və qiymətləndirmə meyarlarının fərdiyyətinə əsaslanıb...

 

Filologiya elmləri doktoru Rəhim Əliyevin ədəbiyyat nəzəriyyəsi sahəsində tədqiqatları 2006-2008-ci illərin nəticəsidir. 2012-ci ildə əsərə yenidən qayıdıb, təkmilləşdirilmiş nəşrini çap etdirib.

 

Rəhim Əliyev müdrikliyi vicdanla üzvi şəkildə birləşdirən alimdir. Doğrudan da, vicdanlı ağıl həqiqi ziyalının mənəvi siması olmalıdır. Bu isə R. Əliyev mövqeyinin həm də dürüstlüyü, ədalətli, etibarlı və etiraflı olmağında təzahür edir. Rəhim Əliyevin aydın, məqsədli ciddi hədəfləri vardır. O, özünə, ruhuna, idrakına yaxın aktual problemlərdən yapışıb onların həlli ilə intensiv, israrlı məşğul olur. İndi Rəhim Əliyev öz mövzuları, öz problemləri olan nüfuzlu Azərbaycan ziyalısıdır.

 

Rəhim Əliyev tədqiqatlarında az mənbə göstərir. Fikrimizcə, bu, onun qədim sivilizasiyalar tarixi, Şərq və Qərb mədəniyyəti, formasiyalar tarixi, fəlsəfə və din tarixi, ədəbi-ictimai və bədii-estetik fikir tarixi ilə, əsaslı mənbələr, qaynaqlar, arxivlər və əlyazmalarla intensiv məşğul olmasilə bağlıdır. O, elmi-tarixi dünyagörüşünü, idrak yaddaşını daim təzələyir, zənginləşdirir, elmi-fəlsəfi təcrübəni öyrənib, özünün müstəqil analizləri ilə birlikdə yoğurub, tamlaşdırıb elmi-nəzəri fikrə tətbiq edir. Yox, bu, qətiyyən başlanğıcdan yayınmaq, onu unutmaq, ondan uzaqlaşmaq deyil. Rəhim müəllim yaradıcı, müstəqil, orijinal təfəkkür sahibidir. “Sözün mifi”, “Ədəbiyyat nəzəriyyəsi” kimi əsərləri bunu aydın ifadə edir. Fakt-qaynaq onun üçün hələ müddəa, nəticə deyil, onlara aparan vasitədir, üsuldur, yoldur.

 

R.Əliyevin vikipediyası ilə maraqlandım. Çox yığcam bir ensiklopedik bioqrafiya verib. Həyatının əsas tarixləri, əsərlərinin siyahısı gülümsər şəkli. Vəssalam. deyim ki, sadəlik konkretlik, aydınlıq səmimiyyət Rəhim Əliyevin səciyyəvi keyfiyyətidir. Sadə danışmaq, aydın yazmaq, təmkinli olmaq, səmimi rəftar, ustadlara ehtiram, çağdaşlara sayğı, gənclərə kömək, dosta-tanışa qayğı rəğbət Rəhim Əliyevin mənəvi-əxlaqi simasıdır.

 

Bu sadə, zəhmətkeş alim sanki etinasız adamdır, heç bir ambisiya güdməz, iddialı görünməz. Daim umacaqsız təmkinli olar. Sanki onun Ədəbiyyat İnstitutundan heç bir alacağı yoxdur. Hətta, -öz sözüdür- heç vaxt ədəbiyyatın çörəyi ilə dolanmayıb. İnstitutun dəhlizləri ilə aram-aram, təmkinlə irəliləyər, kənardan laübalı təsir bağışlayar, ətrafa sanki etina etməz. Rəhim müəllim Müdafiə şuralarında qısa, aydın, məntiqli tezislərlə danışar, iradlarını deyər kürsüdən düşüb gedər. Lovğalıq, təkəbbür, xudbinlik onun təbiətinə, fitrətinə yaddır. Rəhim Əliyev qürurunu da əyməz. Kiməsə öyüd-nəsihət verməyi xoşlamaz. Onun özünəməxsus şakəri vardır. Mən onu belə görmüşəm, belə müşahidə etmişəm.

 

Rəhim Əliyev informasiyalı, erudisiyalı, idraklı alimdir. Ədəbiyyat tarixinin (habelə, dünya, cənub ədəbiyyatı tarixi) konkret dövrlərindən danışmağı xoşlayır. Nəinki uzun əsrlərin ədəbi-tarixi, habelə, Azərbaycan ədəbiyyatı tarixindən, Nizami, Nəsimi, Füzuli, Ş.İ.Xətai kimi şəxsiyyətlərin tarixi-ədəbi dövründən söz açmağa özünü ehtiyaclı bilir. Maraqla, detallarla danışmağa həvəs göstərir. Mən bunun bir sıra hallarda şahidi olmuşam. Bir dəfə isə Qubaya, professor Nazif Qəhrəmanlını ziyarətə gedəndə yolboyu tariximizin ən müxtəlif dövrlərindən, Xətai Nadir şah zamanından elə həzzlə danışırdı ki!

 

Mən bakalavrlara, magistrlərə mühazirə oxuyanda, doktorantlara məsləhətlər verəndə onlara həmişə Rəhim müəlliminƏdəbiyyat nəzəriyyəsikitabını oxumağı məsləhət görmüşəm. Çünki bu kitabın bir universallıq dəyəri vardır.

 

AYB-nin üzvü Rəhim Əliyev 1980-ci illərdən bədii yaradıcılıqla da məşul olur. Bu sahədəGöndərilməmiş məktub” (1984), “Bütövlənməyən borc” (1995), “Zülmətdə çəhrayı” (2014) Qoşulub qaçmayan qız” (2017) kitablarının müəllifidir. O, mətbuatda publisistik yazıları ilə çıxışlar edir.

 

6 noyabr 2020-ci ildə filoloji elmimizin nüfuzlu nümayəndəsinin 70 yaşı tamam olur. Bu fərəhli yubiley münasibətilə biz Rəhim Nadir oğlu Əliyevi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyi səmimi kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor

müavini, filologiya elmləri doktoru.

 

Respublika.- 2020.- 6 noyabr.- S.6.