Qaliblər Bayrağı - Azərbaycan Bayrağı

 

Vətənə böyük məhəbbət, dədə-baba yurduna bağlılıq azərbaycanlılara xas olan nəcib bir xüsusiyyətdir. Ana  südü ilə qanımıza işləyən bu xasiyyət hesabına xalqımız öz torpağını, dilini, adətlərini qoruya bilmiş, öz dövlətçilik ənənələrini yaşatmışdır. Üçrəngli, ay-ulduzlu bayrağımız isə bu vətən məhəbbətinin simvolu kimi hər zaman xalqımızın qürur yeri olmuş, hansı etnosa, əqidəyə və dinə mənsub olduğumuzu göstərmişdir.

 

Xalqımızın vətənə hədsiz sevgisinin, dövlətə və onun atributlarına böyük hörmətin təcəssümü kimi, 2010-cu ildən başlayaraq ölkəmizdə hər il Dövlət Bayrağı Günü təmtəraqla qeyd olunur. Bu il isə ölkəmizdə baş verən önəmli hadisələrlə bağlı Dövlət Bayrağı Günü daha da aktuallaşmışdır.

 

Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini atəşə tutmuşdur. Bu təxribat nəticəsində hərbçilərimiz və mülki vətəndaşlarımız, o cümlədən qadın və uşaqlar qətlə yetirilmiş, yaralanmış, çoxsaylı evlərə və obyektlərə ciddi ziyan dəymişdir. Son zamanlar Ermənistan tərəfindən belə təxribatlar dəfələrlə törədilmişdir, bunlardan  2016-cı ilin aprel döyüşlərini, bu ilin iyulunda baş verən Tovuz hadisələrini və avqust ayında ermənilərin xüsusi təyinatlıların Azərbaycan sərhədini keçmək cəhdini göstərmək olar.

 

Sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasına, zəruri tədbirlər görməsinə rəvac verdi. Düşmənin bütün istiqamətlərdən hücuma keçməsi, Azərbaycan ərazilərində mülki əhalinin yaşadığı məntəqələri uzaq və yaxın mənzilli artilleriya qurğularından raket atəşinə tutması Qarabağ savaşının yeni - həlledici mərhələsinin başlanmasına təkan verdi.

 

İyirmi yeddi ildən artıq bir müddətdə Azərbaycan tərəfi problemin sülh yolu ilə həllinə çalışsa da, düşmən tərəfi hər dəfə müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır, danışıqlarda konkret addımlar atmaqdan yayınırdı. Maraqlısı burasıdır ki, beynəlxaq təşkilatlar da bu illər ərzində təcavüzkar Ermənistana sanksiyalar tətbiq etmək, onları danışıqlar masasında real addımlar atmağa vadar etmək əvəzinə, demək olar ki, heç bir görmədilər.

 

Buna görə də Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücum əməliyyatlarına başlayaraq erməni hərbi qüvvələrə sarsıdıcı zərbələr endirməsi nəticəsində işğal altında olan torpaqlarımızın azad olunmasına başlandı. Çox qısa zamanda müzəffər ordumuz 30 ilə yaxın  düşmən tapdağı altında qalan 200-ə yaxın yaşayış məntəqəsindən erməniləri qovaraq orada Azərbaycan bayrağını sancdı. Bu gün xilaskar Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirir. Artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayon mərkəzləri də daxil olmaqla, yaşayış məskənlərinin mütləq əksəriyyəti, o cümlədən Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri düşmən tapdağından azad olunmuşdur. Murovdağ silsiləsinin ən yüksək strateji nöqtəsi də ordumuzun nəzarətindədir.

 

Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb. Bütün cəbhələrin qalibi Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və “güclüsənsə, haqlısan” məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək, ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faizondan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla, Ermənistanın analoji büdcəsini, təxminən, 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfıra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 78-ci olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

 

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividendlər gətirmişdir.

 

Ermənistan ordusunun, guya, mübarizgüclü olması barədə dünyaya car çəkmişdi. Hətta iddia olunurdu ki, erməni əsgərlərinin Dağlıq Qarabağdakı müdafiə mövqelərinin keçilməsi mümkün deyil. Bəli, ötən 27 ildə işğalçı Ermənistan Dağlıq Qarabağı olduqca güclü şəkildə hərbiləşdirmiş, istehkamlarını bir sıra vasitələrlə möhkəmləndirmiş, bir neçə xəttdən ibarət müdafiə mövqeləri yaratmış, beton tunellər düzəltmişdi. Lakin Ordumuz əks-hücum əməliyyatlarına başladığı cəbhənin bütün istiqamətlərində, elə döyüşlərin ilk günü Ermənistanın əsas müdafiə mövqelərini darmadağın edərək düşməni geri oturtdu. Qəhrəman Azərbaycan əsgərləri işğalçının alınmaz hesab etdiyi istehkamları ilk həmlədə ələ keçirdilər. Bütövlükdə, döyüşlərdə düşmənin ard-arda yaratdığı bütün mövqelər yüksək hərbi peşəkarlıqla darmadağın olundu və həm də işğalçı əsgərlərin böyük qismi məhv edildi.

 

Bununla yanaşı, Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Dağlıq Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Artıq vəziyyət o həddə çatıb ki, düşmənin adi yük avtomobilləri belə qalmayıb. Ermənistanın canlı itkilərinin sayı isə minlərlədir. Canlı itkisinin sayını cidd-cəhdlə gizlədən Ermənistan işğaldan azad etdiyimiz ərazilərdə qalan əsgərlərinin cəsədlərinə belə yaxın durmaq istəmir.

 

Azərbaycan Ordusu cəbhədəki uğurlu hərbi əməliyyatlarını davam etdirir. Cəbhədə döyüşlər getdiyi müddətdə düşmən ağır itkilər verərək, geri çəkilməyə məcbur olsa da, ağır artilleriyadan dinc sakinlərə atəş açmaq, dağıntılar törətmək, infrastruktura ziyan vurmaq kimi çirkin əməllərindən əl çəkməyir. Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə, Bərdə və digər şəhərlərə qarşı edilən terror nəticəsində çox sayda dinc sakin qətlə yetirilib, yaralanıb, sosial infrastruktur dağıdılıb.

 

Gəncədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycanın bu qədim şəhərinə yönələn vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında körpələrin olması isə düşmənin faşist xislətinin, insanlığa sığmayan əməllərinin göstəricisi idi.

 

Son məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 93 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb. Bundan başqa, 461 mülki obyekt, 97 hündürmərtəbəli yaşayış binası və 2488 yaşayış evi yararsız hala düşüb. Açığı bu fakt və rəqəmlər insanı dəhşətə gətirir və düşmənə olan nifrəti hədsiz edir.

 

Hər gün cəbhədən xoş müjdələr gəlir. Aciz qalan Ermənistan beynəlxalq ictimaiyyətdən istədiyi dəstəyi də ala bilmədi. Paşinyanın üçüncü dövlətləri müharibəyə cəlb etmək planları isə iflasa uğradı. Prezident İlham Əliyev ayrı-ayrı xarici təzyiqlərə qətiyyətlə sinə gərdi, onları yüksək diplomatik peşəkarlıqla neytrallaşdırdı, informasiya müharibəsində Azərbaycanın milli maraqlarını uğurla təmin etdi.

 

Azərbaycanın bu ədalətli mübarizəsində qardaş Türkiyənin yanımızda olması, xalqımıza mənəvi dəstək göstərməsi isə xalqımıza əlavə bir güc-qüvvə verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sınaq günlərində Azərbaycanın haqq savaşı apardığını daim vurğuladı: “Vətən uğrunda mübarizə aparan azərbaycanlı qardaşlarıma Rəbbimdən güc, qüvvət, zəfər arzu edirəm. Ermənistanın həm hücum edən, həm də atəşkəsi pozan tərəf olmasına baxmayaraq, Azərbaycana təzyiq edən ölkələrin məqsədi münaqişəni dayandırmaq deyil. Əgər belə olsaydı Azərbaycanın yaşayış yerlərinə ballistik raketlərlə hücumlar edən Ermənistana təzyiq edərdilər. İşğal altındakı Azərbaycan torpaqlarındakı zülmləri, qətliamları otuz ildir görməzliyə vuranların bu gün ədalətdən danışmaları səmimi deyil. Yaşadığımız təcrübələr bizə deyir ki, haqq-ədalətə nail olmağın yolu mübarizədir. Azərbaycanlı qardaşlarımız da bu istiqamətdə qərarlı mübarizə yolundadırlar”.

 

Azərbaycan ordusu hərb meydanında bu gün də müzəffər şəkildə irəliləyir, öz xilaskarlıq missiyasını uğurla həyata keçirir. Ardıcıl olaraq, yeni yüksəklikləri, yeni kənd, qəsəbə və şəhərlərimizi azad edir.

 

Bu gün xalqımızda ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Azərbaycan Prezidenti demək olar ki, hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibəsində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verir, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırır.

 

Qalib ordumuz əks-hücum əməliyyatına başladığı andan hər yerdə, ölkəmizin paytaxtı Bakıda və digər iri şəhərlərində, qəsəbə və kəndlərdə, evlərin damlarında və mənzillərin eyvanlarında, şəxsi və ictimai nəqliyyat vasitələrində Azərbaycan bayrağı asılaraq dalğalanır. Bu, Xalq-Prezident-Ordu birliyinin monolitliyindən, sarsılmazlığından xəbər verir. Əminəm ki, bu birlik və vəhdət tezliklə Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağını təmin edəcək. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!

 

 

 

Telman QULİYEV,

 

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi.

 

Respublika.- 2020.- 8 noyabr.- S.5.