İSTİQLALIMIZIN RƏMZİ

 

9 Noyabr Dövlət Bayrağı Günüdür

 

Bayraq hər bir xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu dövlətçilik rəmzlərindən olan dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

 

Hər il xalqımız 9 noyabr Dövlət Bayrağı Gününü bütün sahələrdə əldə olunan yeni nailiyyətlərlə qarşılayır. Əzəmətlə dalğalanan ücrəngli bayrağımız yaddaşlarda təzələnir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamında da qeyd olunduğu kimi, həmin bayraq 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanun qəbul etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cu il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

 

Azərbaycan Respublikasının dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Yaşıl, qırmızı, göy rənglərdən, aypara və səkkizguşəli ulduzdan ibarət üçrəngli bayraq Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilibbu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi. Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. Yaşıl rəng - İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. “Ay-ulduzun mənası - Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur.

 

Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraqonun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidi. Prezident İlham Əliyev 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı Sərəncam imzalamaqla sınanmış ideyaları reallaşdırdı, bayrağımıza ümumxalq ehtiramını, məhəbbətini artırdı. Varlığımızı təsdiqləyən bayrağımızla bağlı bu tarixlərin il fərqi olsa da, eyni günə təsadüf etməsi Ulu Öndərin ideyalarına sadiqlik ifadəsi oldu. Üçrəngli bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT- nin, Avropa Şurasının, ölkəmizi başqa dövlətlərdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır. Şərəfimiz, müstəqilliyimizin əbədi qarantı olan bayrağımızın dalğalanması da əsrlər boyu xalqımızın azadlığının, müstəqil siyasətimizin, suverenliyimizin, bütün xalqlarla bərabər yaşamaq hüququmuzun ifadəsi, arzuların reallaşması oldu.

 

Daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının səmavi kitablarla birgə bayraq qarşısında and içib xalqına, Vətənə sadiq qalacaqlarına söz vermələridir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı arzulanır. Döyüşlərdə bayrağı silahı kimi canı, qanı ilə qoruyan igidlərimiz çoxdur. “Zəfər güllərini üstündə göyərdən, tarixdən qədim, zamandan qoca adlandırılan” bayraq yalnız onun uğrunda ölən şəhidlərin ruhu qarşısında “baş əyir”, qəhrəmanlara özü kimi əbədilik qazandırır. Vətən uğrunda ölməyi, onun müqəddəsliyinin qorunmasını şərəf işi hesab edən ulu öndər Heydər Əliyev üçün dövlət bayrağı milli azadlığa, milli oyanışa, milli ruhun canlanmasına bələdçi, çağırış idi.

 

Bayrağımızın müqəddəsliyini Azərbaycandan uzaqlarda belə qorumaqla gəncliyə nümunə göstərən, dövlət atributumuzun toxunulmazlığını hər bir vətəndaşın şərəf işi olduğunu bildirən, Azərbaycan bayrağını təhqir edən erməni şovinistinə layiq olduğu dərsi verməklə hərbçi şərəfini və dövlətçiliyimizin müqəddəsliyini, toxunulmazlığını qoruyan Ramil Səfərovun bu hərəkəti bayrağımıza sədaqətin məntiqi ifadəsi oldu. Ramilin Azərbaycana dönüşünü, azadlığa buraxılmasını Prezident İlham Əliyevin bir dövlət başçısı, zabitinin şərəfini qoruyan Ali Baş Komandan kimi qətiyyətinin təntənəsi, haqq-ədalətin qələbə simvolu adlandıran xalqımız sevincini bayrağımızı əbədi uğurlarımızın şahidi kimi dalğalandırmaqla bildirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının bayrağının Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biri kimi dəyərləndirirdi: “Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə, bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.

 

Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Müasir dövrümüzdə Dövlət Bayrağımız dünya ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə, yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsə qürur verir.

 

Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

 

Eldar ƏHMƏDOV,

 

AJB-nin üzvü, “Qızıl Qələm”

 

mükafatı laureatı.

 

Respublika.- 2020.- 8 noyabr.- S.5.