Üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq

 

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Bayraq hər bir dövləti tanıdan, digər ölkələrdən fərqləndirən ən əsas rəsmi atributlarından biridir. Bayraqdan bir atribut kimi ən qədim dövrlərdən etibarən istifadə olunmuşdur. Azərbaycan bayrağı öz rəmzi mənalarında məxsus olduğu dövlətin dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini, milli konsepsiyasını və s. amilləri ehtiva edir. Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir.

 

Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Ümumiyyətlə, dünya ictimaiyyəti xalqımızın öz bayrağına - milli atributlarına nə qədər sayğılı olduğunu görür. Ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Hər bir vətəndaşın borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün öz üzərinə düşəni etsin, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışsın.

 

Azərbaycan Bayrağının keçdiyi tarixi yoldan danışan Prezident İlham Əliyev demişdir: “Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin”.

 

Beynəlxalq tədbirlərdə dəfələrlə yüksək zirvələrdə dalğalanan dövlət bayrağımız ölkəmizin kənarda belə vətən torpağımızın rəmzi, birlik və varlığımızın ifadəsi kimi Azərbaycanın şan-şöhrətini dillərdə dastana çevirir. Azərbaycanın adı ən möhtəşəm tədbirlərdə ön sıralarda çəkilib. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir.

 

Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri, adətən Konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. Dövlət Bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir.

 

Prezident cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”.

 

Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Fəxrlə demək olar ki, bu gün milli bayrağımız dünyanın 180-dən çox müstəqil dövlətinin bayraqları ilə bir sırada BMT-də, Avropa Şurasında dalğalanır. Azərbaycan bayrağı bu gün təkcə Bakıda deyil, Azərbaycanın hər bir guşəsində dalğalanır. Azərbaycan bayrağı yüksələndə və Azərbaycan Respublikasının himni səslənəndə hər Vətən övladı duyğulanır, başqa sözlə, ümummilli lider Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olduğumuz üçün qürur hissi keçiririk. Hər bir azərbaycanlı onu qorumalı, sevməli, əməlləri ilə ucaltmalıdır.

 

Sentyabrın 27-dən başlayaraq, xalqımız hər gün cəbhədən qələbə soraqlı xəbərlər eşitməyə artıq vərdiş edib. Hər gün necə deyərlər, qulağımız səsdə, nəzərlərimiz televiziya ekranlarındadır. Bugünkü hərbi uğurlarımız, cəbhə bölgəsindən bir-birinin ardınca gələn qələbə soraqları Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin siyasi, hərbi, diplomatik, eyni zamanda, iqtisadi sahələrdə düşünülmüş strategiyasının bariz nümunəsidir.

 

İllərdir Vətən, torpaq dərdi məcburi köçkün düşmüş vətəndaşlarımız kimi, bizləri də çox sarsıtmışdı. Bu gün sevinirik ki, möhtərəm Prezidentimiz, əsl bir sərkərdə kimi torpaqlarımızı işğaldan azad edirsiniz. Biz Sizinlə fəxr edirik. Xalqın Sizə böyük inamı var, ona görə də bütün xalq bu gün Sizin ətrafınızda yumruq kimi birləşib və Sizin bir çağırışınızla döyüşməyə hazırdır. Dövlət başçımızın apardığı siyasət məni və xalqımızı qürurlandırır. 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunur. Artıq bir neçə şəhərimiz, kəndlərimiz işğaldan azad olunub. Prezident, Ali Baş Komandanın Azərbaycan xalqı üçün göstərdiyiniz fədakarlıq əsgərlərimizi də ruhlandırır və qələbə əzmini daha da artırır.

 

Azərbaycan Ordusunun uğurlarının kökündə Prezident İlham Əliyevin son 17 ildə davam etdirdiyi, yeni çalarlarla zənginləşdirdiyi, yeni dövrün tələblərinə uyğun çevik formada gerçəkləşdirdiyi siyasət dayanır. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən İlham Əliyev Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirir. Haqq işimizi yarıda qoymaq üçün xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərən, onları dəf edən İlham Əliyev əsl fədakarlıq nümunəsi nümayiş etdirməklə, uzaqgörənlik, vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq, dönməzlik rəmzinə çevrilib.

 

Bu gün Ermənistan insanlığa qarşı cinayət aktları həyata keçirir. Düşmən Gəncədə, Bərdədə, Goranboyda, Tərtərdə aramsız olaraq mülki obyektləri, dinc insanları hədəf alır. Düşmən tərəfindən qadağan olmuş silahlarla dinc insanların hədəf alınması insanlığa qarşı qətliam, hərbi cinayətdir. Bu gün Azərbaycan Ordusuna döyüş meydanında cavab verə bilməyən ermənilər silahlarını mülki şəxslərə qarşı yönəldir, öz tarixi xislətinə sadiq qaldığını nümayiş etdirir. Ermənistanın əsas məqsədi mülki şəxsləri kütləvi şəkildə məhv etməklə, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq və öz çirkin niyyətinə çatmaqdır. Lakin bütün təhlükələrə baxmayaraq, Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var - Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğaldan azad edilən bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpası.

 

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəfə almır. Xalqımızın mərd, igid əsgər və zabitləri əzəli, tarixi torpaqlarımızı yağıdan sonadək təmizləmək əzmindədir. Müsahibələrinin birində cənab Prezidentin Şuşa ilə bağlı səsləndirdiyi fikirlər qəlbimi riqqətə gətirdi. Cənab İlham Əliyev bildirmişdir ki, onun üçün hər bir kəndin dəyəri, qiyməti eynidir. Lakin Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Mən zərrə qədər şübhə etmirəm ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşanı, külli Qarabağı yağı düşməndən tezliklə təmizləyərək, tarixi ədaləti bərpa edəcək.

 

Artıq güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində cəbhədən sevindirici xəbərlər alırıq və bu xəbərlər Azərbaycan Prezidentinin şəxsən özünün xalqa müraciəti ilə çatdırılır. Ali Baş Komandanın hər zaman səsləndirdiyi kimi “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”.

 

Son dövrlər cəbhədə torpaqlarımızın murdar, alçaq düşməndən azad edilməsi və ərazilərimizin, doğma Qarabağımızın qaytarılması kimi müqəddəs amal uğrunda gedən döyüş bölgələrindən gələn xoş xəbərlər bütün Azərbaycan xalqına böyük sevinc bəxş edir. Bu qələbələri, bu xoşbəxt günləri bizlərə yaşatdığı üçün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna öz təşəkkürümüzü bildiririk. Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizədə göstərdiyi rəşadət qələbələrimizin əsas təkanverici qüvvəsidir. Mən inanıram ki, ölkəmizdəki xalq-ordu birliyi Azərbaycanın Dağlıq Qarabağ mübarizəsindəki tam qələbəsini təmin edəcək. Bu gün hər bir Azərbaycan vətəndaşı bu tarixi qələbələri böyük qürur hissi ilə qarşılayır.

 

Azərbaycanın öz əzəli torpaqlarının azad edilməsi uğrunda apardığı haqq işində qəhrəman ordumuz böyük mətanətlə mübarizə aparır və düşmənə ağır zərbələr endirir. Uzun illər əvvəl pozulmuş ədaləti bərpa etmək naminə biz öz torpağımızda vuruşuruq. Artıq işğalçılar başa düşməlidir ki, Azərbaycan torpaqlarından çıxıb getməyin vaxtı çatıb. Prezident İlham Əliyev qeyd edib ki, erməni xalqı gərək öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsin, övladlarını Azərbaycan torpaqlarına göndərməsin. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.

 

Müzəffər Azərbaycan Ordusunun qorxmaz və igid döyüşçüləri qısa zaman kəsiyində hər gün yeni-yeni zəfərlərə nail olur və yeni tariximizi şərəflə yazırlar. Qoy Ulu Tanrı onları qorusun və tez bir zamanda üçrəngli bayrağımızı düşmən tapdağında olan bütün torpaqlarımızda ucaltsınlar. Rəşadətli Azərbaycan Ordusu beynəlxalq hüququn Ermənistan tərəfindən pozulmuş normalarının bərpasına və ərazilərimizi işğaldan azad etməyə başlamışdır. Sizin komandanlığınız altında şanlı Ordumuz qısa müddət ərzində düşmənin silahlı qüvvələrini darmadağın etmiş, torpaqlarımızın xeyli hissəsini, strateji yüksəklikləri azad etmiş, 28 ilə yaxındır işğal altında qalmış bir çox şəhər və kəndlərimizi, 132 km uzunluğunda Azərbaycan-İran dövlət sərhədinə nəzarəti bərpa etmişdir. Artıq Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır. Eşq olsun cəsarətli rəhbərimizə, qüdrətli sərkərdəmizə, qətiyyətli Ali Baş Komandana! Var olsun müdrik xalqımız, birliyimiz, yaşasın müzəffər, şanlı ordumuz!

 

Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar - düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının, habelə strateji əhəmiyyətli hərbi bazalarının güclü atəş zərbəsi ilə məhv edilməsi, mühüm əhəmiyyətli ərazilərimizin geri qaytarılması, xalqımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılanır. Bununla da, bir daha təsdiqləndi ki, ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələri vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna malik, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş peşəkar kadrlardan ibarət olmaqla, Ali Baş Komandanın əmri ilə qısa zamanda torpaqlarımızın işğaldan azad olunmasına qadirdir.

 

Ən önəmlisi odur ki, cənab Prezident yüksək səviyyədə qətiyyətlilik göstərərək, düşmənin bundan sonra da qovulacağını deyir: “Onlar artıq bizim qarşımızda diz çöküb, onları diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır”. Bu gün hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağı var. Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcək!

 

Bayrağımız həmişə uca olsun! Qarabağ Azərbaycandır!

 

 

 

Vəli ALBƏNDOV,

 

“Qarabağ-E.R.” MMC-nin direktoru,

 

Respublikanın Əməkdar mühəndisi, YAP üzvü.

 

Respublika.- 2020.- 8 noyabr.- S.6.