Azərbaycan-Türkiyə

 

Bir millətik, iki dövlət

 

Eyni arzu, eyni niyyət

 

Hər ikisi Cümhuriyyət

 

Azərbaycan-Türkiyə.

 

 

 

Bir ananın iki oğlu

 

Bir ağacın iki qolu

 

O da ulu, bu da ulu

 

Azərbaycan-Türkiyə.

 

 

 

Ana yurdda yuva qurdum

 

Ata yurda könül verdim

 

Ana yurdum, ata yurdum

 

Azərbaycan-Türkiyə.

 

 

 

Birdir bizim hər halımız

 

Diləyimiz, amalımız

 

Bayraqlarda hilalımız

 

Azərbaycan-Türkiyə.

 

 

 

Dinimiz bir, dilimiz bir

 

Ayımız bir, ilimiz bir

 

Eşqimiz bir, yolumuz bir

 

Azərbaycan-Türkiyə.

 

 

 

Bayraq

 

Torpağım üstünə kölgələr salan

 

Mənim varlığımın cilası - bayraq.

 

Zəfərdən doğulmuş

 

Göytürkdən qalan

 

Qurdbaşlı bayrağın balası bayraq.

 

 

 

Üçrəngli bayrağın kölgəsində mən

 

Qaraca torpağı vətən görmüşəm.

 

Zəfər güllərini dövri-qədimdən

 

Bayraq işığında bitən görmüşəm.

 

Bayraq mənliyimdir, bayraq kimliyim,

 

Bayraq - öz yurduma öz hakimliyim.

 

 

 

Harda əcdadımın ayaq izi var,

 

Bu zəfər bayrağım orda dikəlsin.

 

Keçdiyi yerlərdə dağlar, yamaclar

 

Onun hüzuruna salama gəlsin.

 

Tarixdən qədimdir, zamandan qoca

 

Mənim bayrağıma sancılan hilal.

 

Aləmə nur saçdı tarix boyunca

 

Məbədlər başına tac olan hilal.

 

 

 

Daim ucalasan! Savaş günündə

 

Əsgər silahıyla səni tən görüm.

 

Yalnız zəfər çalmış şəhid önündə

 

Səni alqış üçün əyilən görüm.

 

 

 

Vətən Marşı

 

Ey Vətən oğlu, düşün, bil ki,   

 

                     sənindir bu Vətən,

 

Sabahın, həm bu günün,

 

        həm dünənindir bu Vətən.

 

Sənin öz dövlətin, öz millətin,

 

                        öz cəddin var

 

Vətən uğrunda ölənlər

 

                 ölümündən doğular.

 

Biz Vətən məcnunu, el aşiqi,

 

                         sülh əsgəriyik

 

Biz Vətən naminə ölsək,

 

                        dirilərdən diriyik.

 

Mənim öz ulduzumu bağrına

 

                        basmış hilalım,

 

Dedi öndər: “Yönü bayraqdakı

 

                      üç rəngdən alım

 

Sən bu gül bayrağın altında

 

                    məramınca yaşa,

 

Qoyma düşmən nəfəsindən ona                      çirkab bulaşa.

 

Sənin öz bayrağının kölgəsi                           cənnətdi sənə,

 

Günəş hər gün doğur ancaq

 

                      içimizdən Vətənə.

 

Bizim iqbalımızı yazdı qılıncın                                              kəsəri,

 

Bizi biz etdi Dədəm Qorqud                                       oğuznamələri.

 

Ey Azərbaycanımız, türkün                           oğuzlar Vətəni,

 

Ər oğullar, ər igidlər, kişi - qızlar                              Vətəni,

 

Sənin haqqındır azadlıq,                         sənin eşqindir iman,

 

Tapmar haqqa insanlığa                         haqqdan doğulan.

 

Bəşərin dərdini öz dərdi bilib                                           millətimiz.

 

Bizim öz niyyətimizdən doğub                                    hürriyyətimiz.

 

Gecələr yatmadan əvvəl sor                               özündən ki:

 

Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”.

 

 

Bəxtiyar VAHABZADƏ

 

Respublika.- 2020.- 14 noyabr.- S.4.