Bir yumruğa dönmüş millət

 

Ruhu oyanmış millətim, birliyin mübarək, əzmin, Qələbən mübarək!!! Bu torpaq, bu millət oğullar yetişdirib hər zaman. Hər biri el dayağı, düşmən çəpəri oğullar.

 

Vətənin dar günündə düşmən üzərinə qartal kimi şığıyan mərd, cəsur oğulların yenə aman vermədi yağı düşmənə. Vətənin keşiyində dayanan, onu göz bəbəyi kimi qoruyan əsgərlərin bu ölüm-dirim savaşında Ana Vətəni mənfur düşməndən təmizləmək, didərgin, əsir ruhları azad etmək uğrunda qəhrəmancasına vuruşdular. Bu yolda oğullarının nəsibi şəhidlik, qazilik oldu. Ağlamadı Şəhid anaları, başını dik tutdu ki, düşmənini sevindirməsin. Əsgər anası nigaran qalmadı balasından - “oğul, səni o dağlara ölməyə yox, olmağa göndərmişəm. Bizim dağların suyu da, havası da dərmandır. Susuz qalanda yarpaq üstündən şehləri topla, susuzluğun yatsın. Anan boyuna qurban, sənin azad etdiyin hər bulağın suyu milyonlarla insanın köksünün yanğısını söndürəcək. Ol oğlum, ol!” - dedi.

 

Hər damlana qurban, Tərtər çayım. Susuzluqdan cadar-cadar olmuş torpaqlarım 30 ildir ki, sənə həsrət idi. Müharibə başlayan gündən yağıların atəşləri sinənə saysız-hesabsız dağlar çəkmişdi. Sinəndə gül-çiçək bitirməyə gəldi oğulların.

 

Əsir qalmış körpə ruhlar, oyanın!

 

Vətəndən vətənə oğullar gəlir.

 

Ay nigaran ruhlar, ay ulu ruhlar

 

Azərbaycan adlı ordun var, gəlir!!!

 

Sənin Ali Baş Komandanına alqış. O komandana ki, güclü siyasəti, dərin zəkası bütün bəşəriyyətə səs saldı. Mənfur düşmənin havadarları onun əzmini qıra bilmədi, əksinə daha da möhkəmlətdi. Dinc əhalini atəşə tutmaqla bizləri qorxutmaq istəyən düşmən Gəncənin dinc sakinlərini, yuxuda olan körpələrini Qələbə gününü görməkdən məhrum etdi. Bərdə küçələrində bir an içərisində qanı su yerinə axıtdı xain düşmən. Ancaq arzusuna çata bilmədi. Övladını itirən ata-ana - “düşmən mənim oğlumu öldürə bilməz, o şəhidlik zirvəsinə yüksəlib. Mən onun övladını da onun kimi qeyrətli böyüdəcəm”, - dedi. Ömür-gün yoldaşını son mənzilə çiynində apardı Azərbaycan qadını.

 

Anam mənə öyüd-nəsihət verəndə “töhmətlə yaşamaqdansa, şərəfli ölüm gözəldir. Qamətini düz tut, polad kimi əyilməz ol” deyərdi. Biz səndən öyrəndik şərəfli, ləyaqətli yaşamağı, Azərbaycan qadını!

 

Dözümünə qurban olum, Şəhid anası. Sənin qanın namusdan, qeyrətdən, dözümdən, əzmkarlıqdan, əyilməzlikdən yoğrulub. Mübarizləri, Poladları bu xalqa verən Ana, baş əyirəm qarşında.

 

I Qarabağ müharibəsi başlayanda ürəyi dayanan, dörd oğul atası Sabir müəllimim, sənin müdrik sözlərini xatırladım: “Əgər dörd oğuldan biri vətən yolunda canını fəda etmirsə, o vətəndir?!” İki oğlun şəhid oldu. Əziz müəllimim, gözün aydın, Vətəni çiyinlərində daşıyan igid oğullarımız savaş meydanında hünər göstərdilər, canları, qanları bahasına doğma torpaqlarımızı düşməndən azad etdilər.

 

Döyüşlər gedən zaman oğlanlarım Qasım və Teymurla yaralılara baş çəkmək üçün Kliniki Tibbi Mərkəzə (KTM) getdik. Cərrahi şöbənin müdiri, cərrah Nazim Həsənov və travmatologiya şöbəsinin müdiri Vaqif Hüseynovla görüşdük. Xəstəxanada olan yaralı əsgərlərimizə bu xalqın, bu millətin övladı olaraq əlimizdən gələn köməyi etmək istədik. Heç nəyə ehtiyacımız yoxdur - “bizi tez sağaldın, cəbhəyə qayıtmalıyıq. Orda qardaşlarımız bizi gözləyir” - dedilər. Sol qolunusağ ayağını itirmiş bir hərbiçimiz isə həkim-terapevt Rahilə Əliyevaya “yaramın qan axmasını dayandırın və məni ön cəbhəyə yola salın. Mənə yalnız sağ əlim lazımdır ki, axıra qədər düşməni sıxıb mənfurları yox edim”, - deyirdi.

 

Sizdəki mübarizə əzminə  heyrət, Azərbaycan oğulları. Qələbəmizə min alqış !!! Biz bu şanlı Qələbəni min illər boyu qəlbimizdə yaşadacağıq. Canınızı fəda etdiyiniz bu torpaq, bu Vətən, bu xalq yaşadıqca siz də yaşayacaqsınız. Azadlığımızı, qürurumuzu, qalibiyyətimizi sizə borcluyuq, Vətənin fatehləri. Gücünüzlə, iradənizlə, əzminizlə sinənizi sipər edərək Azərbaycanın qələbə tarixini yazdınız. Var olduğumuzu dünyaya hayqırdınız. Qalib döndünüz haqq savaşından. Azərbaycan hüdudlarını aşdı, aləmə səs saldı. Qalibiyyətin mübarək, Ana Vətən!!!

 

Sona ƏSGƏROVA,

tibb üzrə fəlsəfə doktoru,

həkim-cərrah.

Respublika.- 2020.- 14 noyabr.- S.6.