Azərbaycanın nəbzi tarixi zəfəri ilə döyünür

 

Xalqımızın 30 illik həsrətinə nəhayət ki, son qoyuldu. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi. Vətən müharibəsi gücsüzaciz, işğalçı Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi, Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi.

 

Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 10-da xalqa müraciətində demişdir: “Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdir”.

 

Bəyanat, eyni zamanda əmin-amanlığın qorunmasına yönəlik sülhməramlı mərkəzlərin təşkil olunmasına, hərbi əsrlərin, girovların, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaqdır. Bu bəyanat beynəlxalq hüquq və prinsiplərə, ədalətli, uzunmüddətli son sülh müqaviləsinin imzalanmasına təkan verəcəkdir. Müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.

 

Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. Xalqımıza qələbə yaraşır. Biz illərlə həsrət qaldığımız tarixi torpaqlarımıza qayıdırıq. Azərbaycan ədaləti, haqqı, öz ərazi bütövlüyünü bərpa edir. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Bu tarixi zəfər Azərbaycan ordusunun, onun Ali Baş Komandanının, bütün Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan xalqının nə qədər güclü, nə qədər mətin, nə qədər mübariz olduğunu bir daha bütün dünyaya sübut etdi.

 

Şuşanın azad edilməsi xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram ab-havası ilə qeyd edilir. Bu, Şuşanın xalqımız üçün nə qədər əziz, nə qədər doğma, nə qədər önəmli olduğunu göstərir. Təbii ki, hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanın isə hər bir insanın ürəyində ayrıca yeri olduğu birmənalıdır. Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Dövlət başçımızın qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi böyükdən kiçiyə daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inandı, arxalandı, Ondan güc aldı. Vətən Müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu.

 

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq! Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

 

Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzaladı.

 

Qürursevinc hissi ilə qeyd etmək istərdim ki, bu gün müstəqil Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazır, qüdrətli Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyütarixi ədalət bərpa olunur. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

 

Şuşanın işğaldan azad olunması bayram əhval-ruhiyyəsi ilə respublikamızın hər yerində böyük sevinccoşqu hissi ilə qeyd edilməkdədir. Şuşanın 8 may 1992-ci ildə işğal edildiyi gün bütün Azərbaycan alqının mənəviyyatına ağır bir zərbə vuruldu, Şuşanın işğalı Azərbaycan xalqı üçün ağır bir dərd oldu. Şuşanın işğalı zamanı 200 nəfər şəhid oldu, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı, yerli dinc əhali isə məcburi köçkünə çevrildi. Azərbaycan Ordusunun bu şəhər uğrunda apardığı müqəddəs savaş yalnız torpaq uğrunda, sənət və mədəniyyət beşiyi olan bir şəhər uğrunda deyil, milli şərəf və ləyaqət uğrunda, milli mənlik uğrunda ölüm-dirim savaşı idi.

 

Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində daha sonra bildirmişdir: “Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

 

Bu gün Şanlı Ordumuz tarix yazır, şərəfli tarix! Biz Ordumuza, onun Ali Baş Komandanına hədsiz inanırıq. Tarix dəfələrlə sübut edib ki, o yerdə ki, xalqla ordununAli Baş Komandanın sarsılmaz birliyi var, o yerdə zəfər, qələbə, uğur var. Var olsun bu sarsılmaz birlik! Qoy Ulu Tanrı xalqımıza yeni qələbələr nəsib etsin!

 

 

 

V.ALBƏNDOV,

 

Qarabağ-E.R.” MMC-nin direktoru,

 

Əməkdar mühəndis.

 

Respublika.- 2020.- 15 noyabr.- S.4.