Möhtəşəm qələbənin sevincli günləri

 

10 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq tarixi gün kimi düşəcək. Çünki son 200 il ərzində Azərbaycan ilk dəfə itirdiyi əraziləri bərpa edə bilib. Ermənistan-Azərbaycan münaqişəsinə - Azərbaycan dövlətinin başçısı İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyi, Ordumuzun gücü, qüdrəti sayəsində işğala son qoyulduğundan bu gün Azərbaycan tarixinə BÖYÜK QƏLƏBƏ və BÖYÜK QAYIDIŞ kimi daxil olacaq. Tarixin unudulmaz bu gününü Azərbaycan xalqı böyük coşqu ilə möhtəşəm qələbəsinin sevincini yaşayır. Həmin gecə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqına müraciət edərək şanlı qələbəmizi böyük zəfər xəbəri ilə müjdələyib: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları bu bəyanatın tarixi əhəmiyyəti var. Dövlət başçısı İlham Əliyevin xalqa müraciətini dinlədikcə buna əmin oluruq. Bununla qürurlanırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən otuz ilə yaxın işğalda saxlanılan torpaqlarımızla Azərbaycanımızın bütövləşdiyi tarixin şahidləriyik. İkinci Qarabağ müharibəsinin başladığı gündən, ordumuzun uğurlu əks-hücum əməliyyatına keçdiyi vaxtdan Azərbaycan xalqı bu xəbəri gözləyirdi. Qüdrətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan bütün ərazilərimizin tezliklə azad ediləcəyinə inanırdıq. Və indi böyük fəxarətlə, sonsuz qürurla, səsimiz gəldikcə deyirik: Qələbə bizimdir!

 

Bu qələbə heçasan başa gəlməyib. Qələbə 28 il müddətində əvvəlcə ulu öndər Heydər Əliyevin və daha sonra həmin siyasi kursun layiqli davamçısı cənab Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən, müdrik, qətiyyətli və cəsarətli siyasəti nəticəsində mümkün olub. Azərbaycan xalqı da bu siyasi kursa sadiqliyini nümayiş etdirərək Prezidentin ətrafında sıx biləşərək onun yürütdüyü siyasəti hərtərəfli dəstəkləyib. Misal var deyərlər, el bir olsa dağ oynadar yerindən. Məhz Ali Baş Komandan ətrafında bir yumruq kimi birlik nümayiş etdirməyimiz nəticəsində bu qələbələr mümkün oldu.

 

Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, öz prinsipiallığını və əzmini bir daha nümayiş etdirən Ali Baş Komandan, Prezident İlham Əliyev qətiyyətli siyasətçi olduğunu bütün dünyaya göstərdi. Möhtərəm dövlət başçımız bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları onun üçün ən ali dəyərdir.

 

Sentyabrın 27-dən başlayaraq növbəti erməni təxribatına qarşı həyata keçirilən əks-hücum həmləsi zamanı səbri tükənən xalq yumruq kimi birləşərək ancaqancaq qələbə uğrunda mübarizə apardı. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı tarix yazan müzəffər Azərbaycan ordusu döyüş meydanında geosiyasi vəziyyəti dəyişərək davamlı qələbələrə imza atdı. Həm xalqın birliyi, həm xilaskar lider, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli komandanlığı və Azərbaycan ordusunun döyüş meydanındakı şücaəti nəticəsində noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb edən Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Artıq qaçqın düşmüş vətəndaşlarımız həm Şuşaya, həm də işğaldan azad edilmiş bütün torpaqlara geri dönəcəklər, həyat yenidən qaynayacaq. Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqlara yenidən həyat verəcəyik. Bütün dünya görür ki, mənfur düşmən bu yaşayış məskənlərini hansı vəziyyətə salıb. Vəhşiləşmiş ermənilər bütün binalarımızı, məscidlərimizi dağıdıb, təhqir edib, tarixi abidələrimizi məhv edib, muzeylərimizi talan edib. O cümlədən təbiətimizə böyük ziyan vurulub. Azərbaycan dövləti bunları bərpa edəcək. 28 ildən sonra işğal olunmuş ərazilərimizdə və Şuşada yenə də azan səsi eşidilir. Yenidən həmin ərazilərdə Azərbaycanın qanunları icra ediləcək, üçrəngli bayrağımız dalğalanacaq, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilir ki, artıq döyüşlə geri aldığımız Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi keçmiş sovet dönəmində mərkəzin təzyiqi ilə süni yaradılmış “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ərazimizdir.

 

Artıq erməni işğalına son qoyulur, Dağlıq Qarabağ münaqişəsi bitir. 28 il əvvəl yaşanan kədər sona çatır. Azərbaycan xalqının yeni, gözəl çağları başlayır. Bu birliklə, bu yenilməz güclə, bu yüksək qələbə ruhu ilə ən böyük zəfərlər bizimdir.

 

 

 

Mahir MUSAYEV,

 

“Caspian Catering Cerviceşirkətinin direktoru.

 

Respublika.- 2020.- 15 noyabr.- S.4.