Xalq-ordu birliyi sayəsində şanlı qələbə

 

Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun müzəffər yürüşü Azərbaycanın tarixi Qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biritarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi çox mühüm hadisədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. 28 ildən artıq müddətdə işğal altında olan mədəniyyətimizin beşiyi Şuşanın azad edilməsi həm böyük siyasi, həm strateji, həm də çox böyük mənəvi məna daşıyır.

Son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq arenadakı nüfuzumuz və fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.

Zəfərimizə mənəvi məna verən isə 28 il yarım işğal altında olan torpaqlarımızı, xüsusilə siyasistrateji əhəmiyyət daşıyan Şuşanın döyüşlərlə azad edilməsi oldu. Noyabrın 10-u Azərbaycanın tarixinə Qələbə günü kimi daxil oldu - bizə qürur və fəxarət yaşadan bir qələbə! Vətən müharibəsi zəfərimizlə başa çatdı və nəhayət, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Müzəffər Ali Baş Komandan başda olmaqla, qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış zəfərlər siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Çox böyük qürurverici haldır ki, bu dəfə də silahlı qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşadı, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə qadir olduqlarını sübut etdi. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etməyə qadir olduqlarını əzmkarlıqla nümayiş etdirdi.

Xalqımız bu günü səbirsizliklə gözləyirdi. Hamımız üçün müqəddəs sayılan torpaqlarımızın azad olunması onu göstərdi ki, Vətənimizin hər qarışı uğrunda canımızdan keçməyə hazırıq. Qələbələrimizin əsas səbəblərindən biri də xalqımızın öz Prezidentinə olan inamı, etibarıdır. Öz torpağı uğrunda ayağa qalxan xalqımız məhz Prezidentimizin ətrafında səfərbər olaraq silaha sarıldı. Prezident İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir: “Bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Ordumuz gözəl Qarabağın tacı sayılan bu tarixi şəhəri özünəlayiq misilsiz bir qəhrəmanlıqla—əlbəyaxa döyüşlə aldı. Şuşa hər bir azərbaycanlının irsi yaddaşının silinməz səhifəsi, əsrarəngiz, ecazkar mədəniyyətimizin parlaq rəmzidir. Ümummilli lider Heydər Əliyev demişdir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşanın itirilməsindən bizə dəyən mənəvi-psixoloji zərbənin ağrısı-acısı zaman axarında yalnız artırdı. Şuşanın işğalı milli varlığımıza vurulan daim inləyən yara idi. Şuşa - unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət ocağı, açıq səma altında muzey, canlı tarixdir. Şuşa - Pənahəli xanın, İbrahimxəlil xanın, Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəyovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülündaha neçə-neçə dövlət xadiminin, yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatrkino xadiminin vətənidir.

Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbülgülü bitir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.

Şuşada 1992-1993-cü tədris ilində - işğal olunana qədər 23 təhsil müəssisəsi fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 2 min 836, müəllimlərin sayı isə 582 nəfər olub. Hazırda - 2020-2021-ci tədris ilində rayon üzrə fəaliyyət göstərən 21 təhsil müəssisəsində müəllimlərin ümumi sayı 457, şagirdlərin sayı isə 5 min 380 nəfərdir.

Şuşa həsrətimizə son qoyuldu! Şuşamız düşmən əsarətindən azad edilərək xalqımıza qaytarıldı. Bunu gerçəkləşdirən isə sanki sehrli nağıllardan gəlmiş əfsanəvi cəngavər - Ali Baş Komandanımız Prezident İlham Əliyev və müzəffər Azərbaycan ordusu oldu! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, şərəfini, milli qürurunu, müqəddəs Vətən torpağının ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ!

 

Təvəkkül ƏLİYEV,

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri,

YAP rayon təşkilatının sədri, əməkdar müəllim.

 

Respublika.- 2020.- 17 noyabr.- S.7.