Şəhidlərin xatirəsi əbədi yaşayacaq

 

Torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda döyüşlərdə xaçmazlı gənclər də igidliklə vuruşmuş, onlarla rayon sakini Vətən uğrunda şəhid olmuşdur. Rayonda şəhidlərin xatirəsi əziz tutulur, onlar daim  böyük ehtiramla yad olunurlar.

 

Bu günlərdə Xaçmaz Rayon Polis Şöbəsində şəhid ailələri ilə görüş keçirilmişdir. Əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov Şuşa şəhərinin işğaldan azad olunması və Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. 1988-ci il hadisələrindən sonra Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad olunmasından fəxrlə danışan RPŞ-in rəisi Vətənin hər qarışı uğrunda canını fəda edən, ölümün gözünə dik baxaraq şəhid olan igid oğullarımızın sayəsində qələbəyə imza atdığımızı bildirib.

 

O qeyd edib ki, cəmi 44 gün ərzində düşmənin keçilməz saydığı sədləri yararaq Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının şəhər, kənd və qəsəbələrinin, strateji yüksəkliklərin və noyabr ayının 8-də Azərbaycanın musiqi beşiyi, Qarabağın gözü olan Şuşa şəhərinin işğaldan azad edilməsi bizim bir xalq olaraq birliyimizin bariz nümunəsidir. Müharibəni dayandırmaq üçün dövlət başçımıza edilən təzyiqlər bitib-tükənməsə də xalqımızın gücünə, birliyinə arxalanan möhtərəm Prezidentimiz güclü iradə nümayiş etdirdi. Əsl tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması uğrunda diplomatiyamız da siyasət meydanının ön cəbhəsində oldu. Biz hər iki cəbhədə qalib gəldik və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

 

Vətən uğrunda şəhid olan igid oğullarımızın ailələrinə başsağlığı verən H.Həsənov şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb və onların əziz xatirələrinin hələ bundan sonra yüz illər boyu yaşayacağına inamını ifadə edib. Politoloq Ağacan Məmmədov bu tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş torpaqlarımızda tezliklə abadlıq və quruculuq işlərinə başlanacağını, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarını diqqətə çatdırıb.

 

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən daimi  qayğı və diqqət üçün ölkə başçısına və  bu tədbirin təşkilatçılarına  minnətdarlıqlarını ifadə ediblər.

 

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2020.- 17 noyabr.- S.8.