GÖZÜN AYDIN, AZƏRBAYCAN!

 

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Elə o gündən ədliyyə işçiləri öz peşə bayramlarını keçirirlər. “Ədliyyə” ərəb sözüdür və məhkəməyə aid işlərə baxan hökumət idarəsi anlamındadır. Heç şübhəsiz, müstəqil dövləti olmayan xalqın ədliyyəsi də ola bilməz. Bu gün yaranmasının 102 illiyini qeyd etdiyimiz ədliyyə sisteminin tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır. Belə ki, 28 may 1918-ci il Azərbaycan Demokratik Respublikası elan edildiyi gündə Ədliyyə Nazirliyi də yaradılmışdır. Müstəqillik əldə edən Azərbaycan Demokratik Respublikası ədliyyə orqanları və məhkəmələrin daha şəffaf fəaliyyət göstərməsi üçün bir sıra qərarlar qəbul etmişdir. Belə ki, 14 noyabr 1918-ci ildə Azərbaycan Məhkəmə Palatasının əsasnaməsi, 22 noyabrda isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir. Cümhuriyyət dövründə ədliyyə sistemi heç zaman diqqətdən kənarda qalmamışdır. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət məhkəməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 11 avqust 1919-cu il tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tabeliyində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir.

Çox təəssüf ki, Azərbaycan Demokratik Respublikasının ömrü uzun olmadı, 1920-ci il aprel ayının 28-də Bakı neftini ələ keçirmək üçün hər cür hiyləyə əl atan Sovet hökumətinin XI Qızıl Ordusu tərəfindən vətənimiz yenidən işğal olundu. Aradan çox keçməmiş İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə ADR-in yaratdığı Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradıldı. O gündən ədliyyə sistemində, belə demək olarsa, qabarmalar, çəkilmələr olmuşdur. Gah fəaliyyəti genişləndirilmiş, gah məhdudlaşdırılmış, hətta 1959-cu ildə Ədliyyə Komissarlığı ləğv edilərək məhkəmə orqanlarına rəhbərlik və nəzarət Ali Məhkəməyə həvalə edilmişdir.

İllər sonra Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun şəxsi göstərişinə əsasən 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmişbununla da ədliyyə tarixində yeni mərhələ başlamışdır. Doğma Azərbaycanımız ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən və görkəmli dövlət xadimi Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 yanvar və 17 avqust 2006-cı il tarixli Fərmanları məhkəmə və ədliyyə orqanlarının yeni mərhələsini müəyyən etmiş, məhkəmə-hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə şərait yaratmışdır.

Müasir dövrdə əhaliyə daha çevik, daha səmərəli xidmət göstərmək üçün yeni xidmət növlərinin yaradılması tələb olunur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 fevral 2014-cü ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncam imzalamışdır. Bu cür müasir bir sistemin yaradılmasının xalq üçün nə qədər əhəmiyyətli, nə qədər səmərəli olduğunu zaman keçdikcə daha yaxşı dərk edəcəyik.

Bu il 22 noyabr ədliyyə işçilərinin peşə bayramı çox əlamətdar günlərə təsadüf etmişdir. Qarabağın işğaldan azad olunması üçün 27 sentyabrdan başlanan 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, diplomatik gedişləri və müzəffər ordumuzun şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonları və ən nəhayət, Şuşa qalası düşmən tapdağından azad olunmuşdur. Taleyin işinə bax, 1992-ci il 8 mayda mənfur düşmənlər tərəfindən işğal olunan Şuşa şəhəri 8 noyabr 2020-ci ildə işğaldan azad edildi. 8 noyabr gecəsi Ali Baş Komandan İlham Əliyevin xalqımıza müjdə xəbərini eşidər-eşitməz paytaxt Bakıda, Naxçıvanda, Gəncədə, bir sözlə, Azərbaycanın bütün kənd və şəhərlərində əhali küçəyə axışıb bayram əhval-ruhiyyəsi yaşadı. Şəhərlərimiz, kəndlərimiz üçrəngli bayrağımızla bəzədilmişdi. Qaçqın-köçkün adını üstündən atan insanların sevinci hədsiz idi.

Hər bir azərbaycanlı kimi Şuşa mənim üçün də əzizdən əziz bir şəhərdir! Tarixən Şuşa bizim qürur yerimiz olub. Şuşa Bakıda Vətən həsrəti ilə dünyasını dəyişən babam Həsən müəllimin əcdadlarının məskəni idi. Qəribə təsadüfə baxın. Noyabrın 22-si bizim ədliyyə işçilərinin peşə bayramıdır, noyabrın 20-si isə mənin dünyaya gəldiyim, illərlə həsrətini çəkdiyim Ağdam şəhəri, onun kəndləri mənfur düşməndən azad olacaqdır. O gün 27 il sonra Ağdam məscidində azan səsi ucalacaqdır. İnanıram ki, bu gün illərlə Qarabağın, Şuşanın, Ağdamın həsrəti ilə yaşayan atam Bəhruz Axundovun da ruhu şaddır. Çox təəssüf ki, o, bu xoşbəxt günü görmədi. Atam tanınmış naşir idi. Nəşr etdiyi kitabların titul səhifəsində işğal altında qalan rayonlarımızın adlarını yazdırardı ki, gənc nəslin yaddaşına həkk olunsun.

Bu gün xəyalımda, ürəyimdə, ruhumda yaşayan atama üz tutub deyirəm: Gözün aydın olsun, ata! Canından artıq sevdiyin Qarabağ Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, diplomatik səyləri, şanlı ordumuzun müzəffər yürüşləri nəticəsində mənfur düşməndən azad edildi. Bu gün şəhər və kəndlərimizdə, mədəniyyət beşiyi olan Şuşada üçrəngli bayrağımız dalğalanır.

Gözün aydın, Azərbaycan!

Gözləriniz aydın olsun, ədliyyə işçiləri!

Gözünüz aydın olsun, həmkarlarım, dostlarım!

Biz bu gündən fəxarət hissi ilə deyə bilərik ki, biz bütöv Azərbaycanda yaşayırıq!

 

Toğrul AXUNDOV,

Bakı şəhəri Yasamal Rayon

Məhkəməsinin hakimi.

 

Respublika.- 2020.- 17 noyabr.- S.8.