Azərbaycan-Türkiyə qardaşlığı

 

2020-ci ilin noyabr ayı tariximizə ən şanlı bir ay kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz, Vətənimizin ayrılmaz tarixi parçası, qədim və zəngin mədəniyyətimizin sönməz ocağı, böyük şair, musiqiçi və mütəfəkkirlər yetişdirmiş Qarabağın mənfur düşmənin tapdağından azad olunduğunu bəyan etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

 

Bu xəbər dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhtəşəm bir sevinc, görünməmiş xoşbəxtlik bəxş etdi. Yaşından, hansı ölkədə yaşamasından asılı olmayaraq, bu günü bütün azərbaycanlılar artıq 30 ildir ki, həsrətində olduqları qələbə xəbərini böyük sevinclə, ümumxalq bayramı kimi qarşıladılar. İnsanların sevinci nəinki bir evə, heç bir ölkəyə də sığmadı. Bu sevinc harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının və hər bir anda Azərbaycanın yanında olan Türk dostlarının da sevincinə səbəb oldu. Bir-birlərinə ünvanlanan təbrik mesajları sosial şəbəkələri aşıb-daşdı, bütün qitələri əhatə etdi. Bu tarixi günlərdə qardaş Azərbaycanda baş verənlər bütün türk dünyası tərəfindən böyük həyəcan və maraqla izləndi. Azərbaycan dövləti öz sərkərdəsi, Ali Baş Komandanının rəhbərliyi ilə yeni tarix yaratdı. Amma bu tarix adi bir tarix olmadı. Bu, illərdir səbirlə gözlənilən bir qalibiyyətin tarixi, ədalətin təntənəsidir. 30 ildir işğal altında inləyən müqəddəs torpaqların, şəhər və kəndlərin bir-birinin ardınca azad olunması böyük Qələbənin müjdəsi oldu. Bütün türk dünyasının musiqi beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı, Qafqazın incisi tarixi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə xalqın milli-mənəvi dəyərlərinin məhv olmasının qarşısı alındı, millət yenidən mənəvi istiqlalına qovuşdu. Təbii ki, bu qələbə asan başa gəlmədi. İgid oğul və qızlarımızın həyatını qurban verdiyi bu yolda dövlət başçısının nə qədər böyük əzm nümayiş etdirdiyini gördük. Bu böyük Qələbə Prezident İlham Əliyevin yorulmaz əməyinin, illər boyu müdrikcəsinə formalaşdırdığı xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin məhsuludur. Bu tarixi günlərdə Azərbaycan xalqı ilə birlikdə olmaqdan fəxarət hissi duyan Türkiyədə də əsl Qələbə əhval-ruhiyyəsi yaşanır. Çünki Azərbaycanın məsələsinin bütün türk dünyasının məsələsi olduğu bildirilir. Türkiyənin hər bir vətəndaşı “can Azərbaycan” deyir. Biz bir millətik və Azərbaycanı da canımız, qanımız olaraq görürük deyirlər.

 

Bu gün milli birliyimizin simvolu olan, rəngləri ilə türkçülük, müasirlik və islamçılığı özündə birləşdirən üçrəngli bayrağımız qardaş Türkiyədə Azərbaycan sevgisini tərənnüm edən ən müqəddəs varlığa çevrilib. Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və hərbi təxribatları səbəbindən Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları başlayan andan bu günə kimi üçrəngli, ay-ulduzlu bayrağımız qardaş Türkiyənin ən gözəl məkanlarına yaraşıq verir. Bu məhəbbət Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin bariz göstəricisi kimi tarixə düşüb. İki qardaş ölkənin bayraqları qoşa dalğalananda isə daha əzəmətli görünür.

 

Qəhrəman əsgərlərimizin cəbhədə qazandığı Qələbə Türkiyədə təmtəraqla qeyd edilir. İstanbul, Ankara, İzmir, Antalya, İğdır və demək olar Türkiyənin bütün şəhərlərində əllərində “Yaşasın Azərbaycan”, “Yaşasın Türkiyə”, “Yaşasın “Bir millət, iki dövlət!”, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarları səsləndirilir. Türkiyənin hər zaman, hər şəraitdə Azərbaycanın yanında olduğubu tarixi qələbənin Türk dünyasının qələbəsi olduğu səsləndirilir. Haqq və ədalət öz yerini tapdı. Bütün türk dünyasının gözü aydın olsun. Qarabağ artıq azaddır! Qarabağ Azərbaycandır! Türkiyə bundan sonra da istər hərb meydanında, istərsə də danışıqlar masasında daima Azərbaycanın yanında olacaq. “Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Zəfərin mübarək olsun, can Azərbaycan!” deyirlər.

 

Esmira YAZKAN Aslanova,

Respublika” qəzetinin

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 18 noyabr.- S.9.