Artıq Vətənə dönməyin vaxtıdır!

 

Sinəmə çəkilib dağ Qarabağda,

Aran Qarabağda, dağ Qarabağda,

Qalmasın zəbt olmuş dağ Qarabağda,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

 

 

Uzun müddət yurd işğalda qalıbdır,

Arsız düşmən elimdə kök salıbdır,

Bu haqsızlıq səbri əldən alıbdır,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

 

 

Yağı çaş-baş qalıb, yolu tam azır,

Quyusunu bir az da dərin qazır,

Ər oğullar cəbhədə tarix yazır,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

 

 

Ali Baş Komandanın qətiyyəti,

Millətimin, ordumuzun hünəri,

Otuzdurdu yerinə bədniyyəti,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

 

 

Açıldı buz bağlamış işin donu,

Budur, artıq çatıb düşmənin sonu,

Axıradək qovacayıq biz onu,

Artıq Vətənə dönməyin vaxtıdır!

 

07.10.2020

 

 

 

Şəhidlərin xatirinə...

 

İgidlər  yerindən   dursun,

Düşmənə zərbələr vursun,

Qarabağda  çadır qursun,

Şəhidlərin xatirinə...

 

***

 

Zamanı verməyək yelə,

Hamımız  verək  əl-ələ,

Sahib çıxaq doğma elə,

Şəhidlərin xatirinə...

 

***

 

Qoymayaq  qan yerdə  qalsın,

Düşmənlər bundan zövq alsın,

Ordumuz qələbə çalsın,

Şəhidlərin xatirinə...

 

***

 

Sonraya qalmasın qisas,

Budur, ən vacib, ən əsas,

Düşmənlərə qurduraq yas,

Şəhidlərin xatirinə...

 

***

 

Səbir olur müvəqqəti,

Artıq mövqeyimiz qəti,

Bitirək bu məşəqqəti,

Şəhidlərin xatirinə...

 

27.09.2020

 

 

 

Qələbə soraqlı nida!

 

Nöqtəni təşvişə saldı,

Biçarə rəqib mat qaldı,

Ondan qisasını aldı,

Qələbə soraqlı nida!

 

 

 

Özünü vaxtlı yetirdi,

Mövzunu qəti bitirdi,

Qəlbə rahatlıq gətirdi,

Qələbə soraqlı nida!

 

 

 

Mükəmməl nitqə rəng qatdı,

Yağıların səsi batdı,

Uğurla məqsədə çatdı,

Qələbə soraqlı nida!

 

 

 

O, məlhəm ol du illətə,

Düşməni saldı zillətə,

Böyük ruh verdi millətə,

Qələbə soraqlı nida!

 

 

 

Heyrətləndirdi hər kəsi,

Dünyanı bürüdü səsi,

Pozacaqdır atəşkəsi,

Qələbə soraqlı nida!

 

04.10.2019

 

Fuad İSLAMOĞLU

 

Respublika.- 2020.- 10 oktyabr.- S.10.