Müstəqillik yolunun uğurları

 

Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini elan etməsinin 29-cu ili tamam olur. 1991-ci il avqustun 30-da Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə və oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi.

Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var. Müstəqilliyi qazanmaq elə də asan olmadı. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. Məhz ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtararaq, ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ulu öndər ölkədə xaos və anarxiyanı dayandırdı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Bu gün bütövlükdə ölkəmizin inkişafı göz qabağındadır. Prezident İlham Əliyevin böyük əməyi sayəsində hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyevin siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdır. Bütün bunlar müstəqillik və qurtuluş məfkurəsinin uğurlarıdır.

Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Hazırda dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmaları var. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.

Prezident İlham Əliyev bu gün ümummilli liderin ən nisgilli arzusunu reallaşdırır və tamama yetirir.

Ermənistan Azərbaycanın tarixi torpaqlarının 20 faizini işğal edib, bununla da beynəlxalq hüququn prinsip və normalarını pozub, BMT-nin 822, 853, 874 və 884 saylı qərarlarına məhəl qoymamağa davam etməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi, “Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyilolmayacaq”. Bu gün Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyi hər kəsə məlumdur.

Azərbaycan bu günlərdə öz tarixinə şanlı səhifələr əlavə etməklə xalqın ruhunu daha da canlandıran, vahid ürək kimi döyündürən iki fakt var: ərazilərin ard-arda işğaldan azad edilməsi və ölkə Prezidentinin öz xalqı ilə daim bərabər olması. Bu günə gələn yolun təqribən 30 illik hazırlıq mərhələsi varonun əsl mahiyyətini Prezident İlham Əliyev 27 sentyabrda həm xalqa müraciətində, həm də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında çox aydın ifadə etdi: “Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Bizim mübarizəmiz haqq mübarizəsidir”.

Xalqımızın illərdən bəridir ki, gözlədiyi günlər gəlib yetişdi. Ordumuzun işğal edilmiş torpaqlarımızın azadlığına doğru zəfər yürüşü davam edir. Prezident İlham Əliyevin hücum diplomatiyası uğurla həyata keçirilir. Şanlı Ordumuz uğurlu əməliyyatla düşmənə sarsıdıcı zərbə vuraraq ərazimizin bir hissəsini mənfur erməni hərbi birləşmələrinin işğalından azad etmişdir. Budur, Azərbaycan bir neçə gündür ki, intizarla gözlədiyimiz daha böyük zəfərlərin sevincini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yazdığı möhtəşəm tarixin qüruru köksümüzə sığmır. Biz Ali Baş Komandanımızın siyasi iradəsinə, ordumuzun gücünə güvənirik. Qəhrəman Azərbaycan əsgəri erməni işğalında olan torpaqlarımızın azad edilməsi üçün uğurlu əməliyyatları əzmlə davam etdirir. İgid oğullarımız bütöv Qarabağı işğaldan azad edərək özümüzə qaytaracaqlar.

Haqq Azərbaycanın tərəfindədir. Rəşadətli Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinə, separatçılara və terrorçulara qarşı döyüşür, ərazi bütövlüyümüz uğrunda mübarizə aparır. Hazırda Ali Baş Komandanın rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusu işğalçı orduya sarsıdıcı zərbələr endirir, doğma torpaqlarımızın azad olunması uğrunda müqəddəs vəzifəni şərəflə yerinə yetirir. Hər gün cəbhədən gələn xoş müjdəli xəbərlər silahlı qüvvələrimizin kifayət qədər güclü olduğunu və üzərinə düşən tapşırığı layiqincə yerinə yetirdiyini təsdiq edir. Bu tarix Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya göstərir.

Hər bir azərbaycanlı üçün vətən Qarabağdan başlayır. Bu müharibə bizim üçün Vətən müharibəsidir. Qarabağın işğalının üzərindən xeyli zaman keçsə də, ürəyimizdəki nisgil heç zaman qaysaq bağlamayıb. Elə buna görədir ki, Ali Baş Komandanın birQarabağ” nidasına milyonlarla hay verildi.

Erməni siahlı birləşmələri tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükləri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək üçün vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, sus. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycanın Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşan Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər. Rəhbərlik etdiyim şirkət də öz növbəsində orduya kömək məqsədi ilə qırxa yaxın müxtəlif təyinatlı nəqliyyat vasitəsi ilə yardım göstərmişdir.

Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inanır, arxalanır, ondan güc alır. Döyüş meydanında düşmənə qalib gələn və qazandığı qələbələrin sayını getdikcə artıran ordumuz özünün Ali Baş Komandanının rəhbərliyi ilə Qarabağı erməni terrorçularından tam azad edəcəyinə əmindir. Kimliyindən, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, bu gün hər kəs Ali Baş Komandanımızın əmrində, ordumuzun yanındadır. Çünki Qarabağ məsələsi bizim milli məsələmizdir. Qarabağ uğrunda savaş bizim Vətən savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Əlixan ƏLİZADƏ,

“AZ Logistika Management

Services” MMC-nin direktoru.

 

Respublika.- 2020.- 18 oktyabr.- S.10.