SƏFƏVİ DÖVLƏTİNİN XARİCİ SİYASƏTİNƏ ELMİ BAXIŞ

 

Səfəvişünas alim t.ü.e.d. Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” monoqrafiyası haqqında qeydlər

 

 

 

Xarici siyasət - dövlətin əhalisini, xalqını beynəlxalq aləmdə tanıdan və dövlət tərəfindən reallaşdırılan hərəkətlər toplusudur. Xarici siyasət sayəsində dövlətlər beynəlxalq münasibətlər sferasında özünəməxsus mövqe əldə edir, statuslar qazanır. Xarici siyasət və bu siyasətin gücü dövlətə beynəlxalq arenada təsir imkanları qazandırır.

 

XVI əsr Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrdə Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ilə yeni bir siyasi sistem formalaşmağa başladı. Səfəvi dövlətinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq  münasibətlər sistemində siyasi, iqtisadi mövqeyirolu güclənmiş, onun Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir.

 

Bu günlərdə tarix elmləri doktoru, səfəvişünas alim Tofiq Nəcəflinin 236 illik böyük bir tarixi əhatə edən Azərbaycan Səfəvi dövlətinin xarici siyasətinə və diplomatik əlaqələrinə həsr olunmuş “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” adlı monoqrafiyası nəşr edilmişdir. İlkin mənbələr, çoxsaylı elmi əsərlər, xüsusilə də Türkiyə tarixşünaslığının təhlili əsasında yazılan bu tədqiqat əsəri Azərbaycan tarix elmində Səfəvilər dövrü tarixşünaslığının zənginləşməsinə, həmçinin dövrün xarici siyasət sahəsində fundamental məlumatların üzə çıxmasına töhfə verən əhəmiyyətli əsərlərdən biridir.

 

Bu əsərdə Azərbaycan Səfəvi dövlətinin İstər Qərb ölkələri, istərsə də Şərq ölkələri ilə siyasidiplomatik əlaqələri Türkiyə tarixşünaslığı əsasında müqayisəli şəkildə təhlil edilmiş və digər mənbə və elmi əsərlər əsasında araşdırılmışdır.

 

Məlumdur ki, Azərbaycanın orta əsrlər dövrü dövlətçilik tarixinin şah əsəri olan Səfəvi dövlətinin tariximizdəki böyük rolu danılmazdır. Səfəvi dövlətinin banisi Şah İsmayıl Səfəvi 236 illik bir dövrdə Yaxın və Orta Şərqin siyasi və mədəni tarixində mühüm rol oynayan bir dövlətin əsasını qoymaqla bir tərəfdən Azərbaycan xalqını imperiya yaradan xalqlar sırasına daxil etmiş, digər tərəfdən sonrakı tarixi mərhələlərdə bu Azərbaycan dövlətinin etno-siyasi, mədəni və idarəçilik təməlləri üzərində qurulan bir çox çevrə dövlətlərinin strateji istiqamətlərini müəyyən etmişdir.

 

Müəllif bu haqda yazır: “Səfəvi dövləti (1501-1736) Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutur. Azərbaycan xalqının dövlətçilik tarixinin önəmli, keyfiyyətcə yeni mərhələsini təşkil edən Səfəvi dövlətinin yaranması ölkənin tarixi ərazilərinin yenidən vahid türk hakimiyyəti altında birləşdirilməsini şərtləndirdi. Bu dövlətin yaranması Azərbaycanın xarici siyasiiqtisadi əlaqələrinin görünməmiş vüsət almasını təmin etdi” (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 9).

 

Təəssüflər olsun ki, uzun illər boyu Azərbaycan Səfəvi dövləti dünya tarix elmində İran dövləti kimi təqdim olunmuş, dövlətin etno-siyasi sisteminin qeyri-türk etnoslarına bağlanması haqqında mülahizələr irəli sürülmüşdür.

 

Səfəvişünas alim əsərində dövrün çoxsaylı mənbələrinə istinad edərək bu mülahizələrin elmi əsasının olmadığını bir daha ortaya qoymuşdur. Müəllif Budaq Münşi Qəzvininin “Cəvahirül-əxbar” əsərinə istinad edərək yazır: “Aləmin pənahı olan şah (Şah İsmayıl) Təbrizə yollandı və Azərbaycan taxtına əyləşdi” (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 26).

 

Qeyd edək ki, bu məlumatı Səfəvilər dövrü tarixinin ensiklopediyası hesab edilən XVII əsr Azərbaycan tarixçisi İsgəndər bəy Münşiöz əsərində təsdiq edir: “Şirvan vilayətinin uca və məşhur qalalarından olan bu qala (Gülüstan qalası) mühasirəyə alındı. Mühasirə vaxtı qeyb aləmindən xəbər gətirən mələk o həzrətə (Şah İsmayıla) Azərbaycanın səltənət taxtına və padşahlığına yetişmək müjdəsi verdi... O həzrət əzəmətli əmirləri çağırıb onlara dedi: “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?” Müqəddəs Səfəvi xanədanına etiqadı olan adamlar sədaqət və müdriklik aləminə qapılıb, ilham dilinin sidq sözlərini bəyan edərək, bu fikri düzgün sandılar, Azərbaycan taxtının müjdəsi ilə öz sevinc sözlərini Keyvan eyvanına ucaltdılar” (İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi), Bakı, “Şərq-Qərb Nəşriyyat evi, 2010, s.83).

 

“Tarixi-aləmarayi-Abbasi” əsərində və digər mənbələrdə verilən bu məlumat deməyə əsas verir ki, hələ Şah İsmayıl hakimiyyətə gələnə qədər Azərbaycan adlı dövlət (məmləkət) mövcud idionun taxt-tacı (hakimiyyəti) İsmayıl Səfəviyə müjdə verilmişdir.

 

Məlumdur ki, tarix elmində Səfəvi-Osmanlı münasibətləri həmişə elmi mübahisə doğuran məsələlərdən biri olmuşdur. Tofiq Nəcəfli öz tədqiqat əsərində də bu problemə geniş yer vermiş, Səfəvi-Osmanlı münasibətlərinin mahiyyəti, siyasiiqtisadi tərəfləri, bölgə uğrunda mübarizə, Səfəvi-Osmanlı müharibələrinin siyasi-strateji, iqtisadi-ticarət, dini-ideoloji yönlərini elmi əsaslarla şərh etmiş, Səfəvi-Osmanlı müharibələrinin daha çox dövlətlərin siyasiiqtisadi maraqlarından doğduğunu önə çəkmişdir. Müəllif Səfəvi-Osmanlı münaqişəsinin səbəblərini təhlil edərkən haqlı olaraq bu qənaətə gəlmişdir ki, “Səfəvi-Osmanlı münasibətlərinin Türkiyə tarixşünaslığında tədqiqi daha çox Osmanlı qaynaqlarına əsaslandığı üçün bitərəfli qaydada işıqlandırılır, bu münaqişələrin səbəbkarı kimi Şah İsmayıl ittiham olunur. Əfsuslar olsun ki, bu yanlış və təhrif olunmuş təsəvvürlər hələ də Türkiyə tarixçilərinin əsərlərində qalmaqda davam edir. Hərçənd ki, digər çoxsaylı qeyri-osmanlı mənbələrində, tarixi sənədlərdə, diplomatik yazışmalarda əksini tapmış faktlar tamam başqa həqiqətlərdən xəbər verir (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 58-59).

 

Orta əsrlər dövründə Azərbaycan dövlətlərinin mütəmadi olaraq Orta Asiya dövlətləri ilə sıx diplomatik-siyasi və iqtisadi-ticarət əlaqələri olmuşdur. Səfəvilər sülaləsi dövründə də bu əlaqələr davam etmişdir. Müəllif bu əsərdə Azərbaycan Səfəvi dövlətinin Şeybanilər dövləti ilə siyasi münasibətlərini təhlil etmiş, bu münasibətlərin daha çox hərbi-siyasi xarakterli olduğunu qeyd etmişdir.

 

Azərbaycan tarixşünaslığında o qədər də geniş tədqiqata cəlb olunmayan XVII əsr Səfəvi - Türküstan xanları münasibətlərinin araşdırmaya cəlb edilməsi bu monoqrafiyanın əhəmiyyətini daha da artırmışdır. Bu əsərdə XVII əsr boyu Səfəvi hakimiyyətinin Türküstan xanları ilə siyasidiplomatik münasibətləri geniş şəkildə izah olunmuşdur. Bu münasibətlər təhlil olunarkən xüsusilə qeyd olunur ki, “Bu dövrdə Səfəvi dövləti Orta Şərqdə olduğu kimi Mərkəzi Asiyada da hərbi-siyasi təsir gücünə malik olduğuna görə, Türküstan xanları onunla hesablaşmalı olmuşlar (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 222).

 

Əsərdə Böyük Moğol dövlətinin yaranması və inkişafında mühüm rol oynayan Səfəvi dövlətinin Moğol hakimiyyəti ilə münasibətlərinin təhlili də böyük önəm daşıyır. Çünki məlumdur ki, Səfəvi dövlətinin Moğol dövləti ilə siyasiiqtisadi münasibətləri, Səfəvi hakimiyyətinin xarici siyasətində olduqca mühüm rola malik olmuşdur. Teokratizmin hakim olduğu bir dövrdə sünni Moğollarla münasibətlər Səfəvi sarayının xarici siyasətində əsas aparıcı istiqamətlərdən biri olmuşdur. Həmçinin tərəflər arasında dəfələrlə lokal münaqişə mənbəyi olan Qəndəhar problemiDekan əmirliyi məsələsi də bu münasibətlərin əhəmiyyətini artırırdı. Müəllif qeyd olunan məsələləri ətraflı təhlil edərək, Səfəvi-Moğol münasibətlərinin stratejiiqtisadi maraqlardan doğan münasibət olduğunu qeyd etmiş, bu münasibətlərin daha çox siyasi-diplomatik əsaslar üzərində qurulduğu qənaətinə gəlmişdir. Həmçinin Qəndəhar və Dekan məsələsi Səfəvi-Moğol münasibətlərində ciddi hərbi-siyasi problemlər yaratmamışdır.

 

Tofiq Nəcəfli öz əsərində Səfəvi dövlətinin Misir Məmlük dövləti ilə siyasi münasibətlərini də tədqiqata cəlb etmişdir. Qeyd edək ki, Səfəvi-Məmlük münasibətləri də Azərbaycan tarixşünaslığında geniş tədqiq edilməyən sahələrdən biridir.

 

Misir Məmlük dövləti Yaxın Şərqdə inkişaf etmiş feodalizm dövrünün mühüm siyasi dövlət təhsisatlarından biri olmuşdur. Şah İsmayılın hakimiyyəti dövründə Səfəvi dövlətinin xarici siyasətində Misir Məmlük dövlətinin xüsusi yeri var idi. Çünki bu dövrdə Məmlük dövləti bölgədə baş verən siyasidini-ideoloji proseslərdə yaxından iştirak edirdi. Bu amil Səfəvilərin məmlüklərlə münasibətlərini müəyyən edən əsas səbəblərdən idi (Mübariz Ağalarlı. XVI. Yüzyılın Başlarında Safevi Devletiyle Memlük Devleti Arasında Siyasi İlişkilere Genel Bir Bakış./Uşak Üniversitesi Sosyal Bilimler Dergisi, 3/2, Uşak, 2010, s.124).

 

Bu monoqrafiyada Səfəvi dövləti ilə Misir Məmlük dövləti arasında siyasidiplomatik münasibətlər araşdırılmış, Səfəvi-Məmlük münasibətlərində Osmanlı amili izah edilmiş, istər Çaldıran savaşı ərəfəsində, istərsə də sonrakı dövrlərdə tərəflər arasındakı münasibətlər təhlil edilmişdir. Müəllif haqlı olaraq qeyd etmişdir ki, “Şah İsmayılın xarici siyasətində Məmlük dövləti ilə qarşılıqlı münasibətlərə diqqət yetirilsə də, ittifaq yaradılmasına təşəbbüs göstərilsə də, Sultan Səlimin qabaqlayıcı tədbirləri bu əlaqələrin daha da dərinləşməsinə və Məmlük sultanının baş verən hadisələrə müdaxiləsinə imkan verilməmişdir (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 266-267).

 

Müəllif tədqiqat əsərində Azərbaycan Səfəvi dövlətinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri və diplomatik münasibətlərinə böyük yer ayırmışdır. Əsərdə Səfəvilərin Avropa dövlətləri ilə ilk diplomatik təmasları, siyasidiplomatik əlaqələri, elçilik mübadiləsi, Venesiya Respublikası, Papalıq, Portuqaliya, İspaniya, Almaniya, İngiltərə, Hollandiya, İsveç, Fransa ilə münasibətləri geniş şəkildə öz əksini tapmış, bu münasibətlərin siyasiiqtisadi zəmini təhlil edilmişdir. Əsərdə həmçinin I Şah Abbas və sonrakı Səfəvi hökmdarlarının Qərbi Avropa ölkələri ilə siyasi münasibətləri müqayisəli şəkildə araşdırılmışdır.

 

Əsərdə elmi araşdırmaya cəlb edilən istiqamətlərdən biri də Səfəvi dövlətinin Moskva knyazlığı ilə siyasi münasibətləridir. Müəllif Səfəvi dövlətinin Moskva knyazlığı ilə münasibətlərinə toxunaraq qeyd edir ki, XVI əsrin birinci yarısında Azərbaycan Səfəvi dövlətinin Moskva knyazlığı ilə o qədər də əhəmiyyətli əlaqələri olmamışdır. Lakin XVI əsrin ikinci yarısında rus çarı IV İvan Kazan və Həştərxan xanlıqlarını işğal edib Volqa-Xəzər su yolunu ələ keçirdikdən sonra Qafqazın Xəzərsahili bölgələri və Azərbaycan Səfəvi dövlətinin digər hissələri ilə əlaqələri gücləndirmək və gələcəkdə öz təsirini bu regionda yaymaq arzusunda idi” (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 284-285).

 

Bu monoqrafiyada Gürcü knyazları ilə Səfəvi hakimiyyəti arasında mövcud olan əlaqələri də təhlil etmiş, Gürcü knyazları ilə Səfəvi dövləti arasında vassallıq münasibətlərini geniş formada şərh etmişdir.

 

Məlumdur ki, Səfəvilər sülaləsinin hakimiyyəti dövründə, Azərbaycanın Gürcü çarları ilə ənənəvi siyasi münasibətləri davam edirdi. Hələ Ağqoyunlu sülaləsinin Azərbaycanda hakimiyyəti dövründə Gürcü çarları Ağqoyunlu hakimiyyətindən vassal asılılığında idi. XVI əsrdə də Gürcü ərazisinin böyük bir hissəsi Səfəvi hakimiyyətinin siyasi nüfuz dairəsinə aid idi.

 

XVI əsrin əvvəllərində Gürcü bölgəsi bir neçə çarlığa və knyazlığa (Kartli, Kaxeti, İmeretiya, Samtsxe-Saatabaqo-Samçe Atabəyliyi) bölünmüşdü (Əfəndiyev O. Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərnəşr, 1993, s. 92). XV əsrin ortalarından etibarən Ağqoyunlu dövlətinin vassalı olanAğqoyunlu xəzinəsinə illik vergi ödəyən Gürcü çarları Ağqoyunluların varisi olan Səfəvilərin də vassalı hesab olunurdu.

 

Əsərdə Səfəvi hakimiyyəti ilə gürcü knyazlarının münasibətləri tədqiq edilərkən, XVI-XVIII əsrin birinci yarısında Cənubi Qafqazda baş verən siyasi proseslər təhlil edilmiş, Səfəvi-Osmanlı, Səfəvi-Moskva knyazlığı konteksində bu münasibətlərə qiymət verilmişdir. Müəllif bu haqda yazır: “XVI - XVII əsrlərdə Səfəvi dövləti, bir tərəfdən Osmanlı imperiyası və digər tərəfdən Qafqazda möhkəmlənmək uğrunda mübarizəyə başlayan Moskva knyazlığı ilə rəqabətdə Şərqi Gürcüstanı öz nəzarətində saxlamağa nail oldu, hətta müəyyən dövrlərdə Qərbi Gürcüstanın bəzi vilayətlərində möhkəmlənməyə çalışdı (Tofiq Nəcəfli. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı, 2020, s. 284).

 

Səfəvişünas alim Tofiq Nəcəflinin əsərində Səfəvi dövlətinin xarici siyasi əlaqələrinin qurulmasında, dövlətlərarası ələqələrin yaradılmasında və inkişafında müstəsna rola malik olan elçi-səfirlərıin fəaliyyəti haqqında da olduqca qiymətli məlumatlar vardır.

 

Səfəvi dövlətinin xarici siyasətinin güzgüsü olan - Tacəddin Həsən Xəlifə, Hüseyn xan Şamlu, Oruc bəy Bayat, Şahqulu Ağa Qacar, Fərruxzad bəy, Kəmaləddin Təbət ağa, Vəli bəy Ustaclu, Mehdiqulu xan Ustaclu, Cəfər bəy Kəngərli, Həsən Çələbi, Seyid bəy Səfəvi, Yadigar Əli Sultan Rumluonlarla digər qızılbaş-türk diplomatlarının Azərbaycan Səfəvi dövlətinin xarici siyasi əlaqələrinin inkişaf etdirilməsində müstəsna xidmətləri olmuşdur.

 

Görkəmli Türk alimi Yusif Balasaqunlu hökmdarlara xitabən elçi-səfirlər haqqında yazırdı: Yeni səfiri təyin edərkən tələsməyin. Qoy o, zəkalı və savadlı olsun. Yad ölkələrdə sənin işlərini görərkən öz iştirakı ilə sənin adını ucaltsın. Qoy o kiminsə sözlərini dinlədikdə, onların arxasında nəyin gizləndiyini anlasın” (Anar Eyyubov. Diplomatiyanın əsasları. Bakı, 2010, s.15).

 

Tofiq Nəcəfli öz əsərində Səfəvi diplomatlarının fəaliyyətini, onların canları və qanları bahasına həyata keçirdikləri diplomatik missiyanı, bu missiyanın məqsədlərini, nəticələrini müqayisəli şəkildə təhlil etmişdir.

 

Kitabın “Əlavələr” bölməsində müxtəlif elmi kitabxanalardan əldə edilən, Səfəvi dövləti və dövlətin xarici siyasəti ilə bağlı olan rəsmlərin, miniatürlərin əks olunması oxucularda Səfəvi dövləti haqqında praktik-əyani tanışlığı imkan yaratmışdır.

 

Ümumilikdə, səfəvişünas alim t.ü.e.d. Tofiq Nəcəflinin “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” adlı tədqiqat əsəri orta əsrlər dövrü Azərbaycan tarixşünaslığının zənginləşməsinə töhfələr verməklə bərabər, Səfəvi dövlətinin xarici siyasəti və diplomatiya tarixi üçün qiymətli bir araşdırma rolunu oynayır. Uzunmüddətli araşdırmalar nəticəsində belə bir əhəmiyyətli elmi əsəri ərsəyə gətirdiyinə görə müəllifə dərin təşəkkürümüzü bildiririk.

 

Mübariz AĞALARLI,

 

AMEA A.A.Bakıxanov adına

 

Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent.

 

Respublika.- 2020.- 17 sentyabr.- S.7.