Mənəvi irsimizin yorulmaz tədqiqatçısı

 

Yüzilliklər boyu Şərq, o cümlədən Azərbaycan müdriklərinin və mütəfəkkirlərinin yaratmış olduqları mənəvi irs ayrı-ayrı əlyazma kitabları şəklində zəmanəmizədək gəlib çatmışdır. Odur ki, ömrü yüzilliklərlə ölçülən bu əlyazmaları araşdırmaq həm çətin, həm də şərəfli bir işdir. Bu çətin və şərəfli işi öz həyatının mənasına çevirən və bütün şüurlu həyatını ona həsr edən ziyalılarımızdan biri də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifovdur. O, institutda işlədiyi 50 ildən çox müddət ərzində, orta əsrlərdə qələmlərini müxtəlif elm sahələrində sınamış, ayrı-ayrı Şərq klassiklərinin, eləcə də Azərbaycan alimlərinin və ədiblərinin türk, ərəb və fars dillərində yazılmış irsini öyrənib tədqiq etməklə məşğuldur. Müxtəlif xətt nümunələri ilə yazılmış orta əsr əlyazma kitablarından hər birinin öyrənilməsi və tədqiqi, təbii ki, böyük zəhmət və bilik tələb edir. Kamandar müəllim bu zəhmətə səbirlə qatlaşaraq, araşdırdığı hər bir yazılı abidə ilə tariximizin və ədəbiyyatımızın açılmamış səhifələrini işıqlandırmaqla ədəbiyyat və mədəniyyət tariximizi daha da zənginləşdirmişdir. Dünyanın müxtəlif kitabxana və muzeylərində saxlanılan yazılı abidələr arasında öz tədqiqatçısını gözləyən və indiyədək öyrənilməmiş bir sıra elm və ədəbiyyat xadimləri və onların əsərləri məhz Kamandar müəllimin elmi axtarışları və tədqiqatları sayəsində ilk dəfə olaraq ədəbiyyat tariximizə məlum olmuşdur.

Kamandar Kazım oğlu Şərifov 1940-cı il yanvarın 20-də Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olmuşdur. 1963-1968-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində və 1966-1967-ci illərdə Qahirə Universitetinin filologiya fakültəsində təhsil aldıqdan sonra, 1968-1970-ci illərdə Misir Ərəb Respublikasında, 1976-1980-ci illərdə İraqda, 1988-1990-cı illərdə isə Yəməndə çalışmışdır.

O, elmi fəaliyyətə başladığı ildən (1971) bu günədək Əlyazmalar İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində işləyib. Hazırda “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinə rəhbərlik edir.

K.Şərifov elmi fəaliyyətinin ilk dövrlərində (1971-1980) əhalidə saxlanan minlərlə əlyazma kitablarının, orta əsr yazılı abidələrinin respublikamızın müxtəlif bölgələrindən toplanmasında, Əlyazmalar İnstitutunun yazılı abidələr fondunun zənginləşdirilməsində böyük xidmətləri olmuşdur. Bu dövr ərzində topladığı əlyazma kitabları arasında XIX əsr alimi, pedaqoqu və kitabşünası Əbdülqəni Məhəmməd oğlu Nuxəvi Xalisəqarızadənin əlyazmaları xüsusi əhəmiyyət kəsb edir. Gənc tədqiqatçı topladığı 2000-ə qədər əlyazma abidələri əsasında ilk dəfə olaraq, Ə.N.Xalisəqarızadənin həyat və yaradıcılığını, elmi irsini ətraflı araşdırmış, 1984-cü ildə “Əbdülqəni Nuxəvi Xalisəqarızadə və onun ədəbi-mətnşünaslıq fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar ayrıca “Əbdülqəni Nuxəvi Xalisəqarızadə”, “Alim, pedaqoqkitabşünas” adlı monoqrafiyalar halında çap edilmiş bu tədqiqat əsərində Əbdülqəni əfəndinin Azərbaycan, fars, ərəb ədəbiyyatının öyrənilməsi, mütərəqqi tədris üsullarının işlənib hazırlanması, dərs vəsaitlərinin yazılması sahəsindəki yorulmaz fəaliyyəti hərtərəfli araşdırılmışdır. Bu araşdırmalarda Əbdülqəni Nuxəvi Xalisəqarızadənin elmi yaradıcılığı ilə yanaşı, onun nəsil şəcərəsi, pedaqoji fəaliyyəti, Şəki qazısı vəzifəsində çalışması, maarifçilik sahəsində gördüyü işlər, yaratdığı zəngin kitabxana barədə çox dəyərli məlumatlar vardır. Əbdülqəni əfəndinin yaratdığı və ümumi kitabxana kimi fəaliyyət göstərmiş kitab xəzinəsi 1930-cu illərdə yandırılsa da onun bir qismi ayrı-ayrı yerlərdə gizlədilərək xilas edilmişdir. Yanğından xilas edilmiş 2000-dən çox yazılı abidələr hazırda Əlyazmalar İnstitutunda saxlanılır. Xalqımızın bu fədakar ziyalısının arxivindən əldə edilmiş kitabxana dəftərindən məlum olur ki o, 1835-ci ildən ömrünün sonuna, yəni 1872-ci ilə qədər öz kitabxanasından oxucuların istifadəsinə təmənnasız olaraq hər il onlarca kitab vermişdir.

K.Şərifov Əbdülqəni Nuxəvi Xalisəqarızadənin kolleksiyasının diqqətlə öyrənilməsi nəticəsində yaradıcılıqları bu vaxtadək araşdırılmamış orta əsr Azərbaycan alimlərindən Hüseyn Hüseyni Xalxali, Məhəmməd Əmin Şirvani, Fətullah Şirvani, Qul Əhməd Ağdaşi, Cəmaləddin Ərdəbili, İbrahim Ərəşi Şəkəvi, Sədəddin Bərdəi, Məhəmməd Hənəfi Qarabaği, Əsirəddin Əbhəri, Şeyx Nəcməddin Qəzvini, Numan Şirvani, İzzəddin Zəncani, Nəcməddin Katibi, Cəmaləddin Qəzvini, Yusif Muskuri Şirvani, Abdunnafi Ağdaşi və başqalarının həyat və yaradıcılığı barədə də dəyərli elmi faktlar üzə çıxarmışdır. Tədqiqatçının bu kolleksiyadakı əlyazmaların arasında ilk dəfə aşkar etdiyi ən dəyərli əsərlərdən biri XIV əsr Azərbaycan şairi ümmi İsanın “Mehri və Vəfa” məsnəvisi xüsusilə böyük maraq doğurur. Əlinin “Qisseyi-Yusif”, Suli Fəqihin “YusifZüleyxa”, Yusif Məddahın “Vərqa və Gülşah”, Mustafa Zərinin “YusifZüleyxa”, müəllifi bəlli olmayan “Dastani-Əhməd Hərami” poemaları ilə bərabər, erkən anadilli yazılı abidələr sırasında özünə yer almış bu əsəri elmi ictimaiyyətimizə ilk dəfə təqdim edən, poemanı ətraflı ön söz, şərhlər, sözlüklə çap etdirən Kamandar Şərifov olmuşdur. Əbdülqəni Nuxəvi Xalisəqarızadənin bir sıra əsərləri də ilk dəfə olaraq Kamandar müəllimin tədqiqatları sayəsində işıq üzü görmüşdür.

Bu tədqiqatlarda Əbdülqəni Nuxəvi Məhəmməd oğlunun ulu nənəsi Xalisə qarı haqqında da müəyyən məlumatlar verilmişdir. Zəmanəsinə görə yaxşı təhsil almış, dövrünün müdrik, şair təbli ziyalılarından olan Xalisə qarı vətən övladlarının maariflənməsində və təhsil almasında böyük əmək sərf etdiyinə görə Əbdülqəni Nuxəvinin mənsub olduğu nəsil onun adını soyad kimi qəbul edərək özlərini Xalisəqarızadə adlandırmışlar. Xalisə qarının kitabxanasından olan bir sıra əlyazma kitabları hazırda Əlyazmalar İnstitutunda saxlanılır.

K.Şərifovun çoxcəhətli elmi yaradıcılığı indiyədək öz həllini tapmamış bir sıra mühüm məsələləri əhatə etməsi, tədqiqatlarının geniş miqyası, qoyulan məsələlərin aktuallığı ilə seçilir. Onun tədqiqat işləri arasında ədəbiyyatşünaslığımızda öyrənilməmiş klassik mətnşünaslığın araşdırılması, bu elm sahəsinin nəzəri problemlərinin öyrənilməsi mühüm yer tutur. O, yalnız Azərbaycanda deyil, dünya şərqşünaslığında ilk dəfə olaraq orta əsr türkdilli, farsdilli və ərəbdilli yazılı abidələr əsasında mətnşünaslığın nəzəri problemlərini araşdırmış və bu mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu tədqiqatları ilə müəllif sübut edir ki, mətnşünaslığın ilkin qaynaqları eramızdan əvvəlki dövrlərlə bağlı olsa da, Müsəlman Şərqində bu sahə başlanğıcını Quran və hədislərin düzgün mətnlərinin tərtibindən götürür. Bundan sonra isə Xətib Təbrizi, Yusif Tahir Xoylu, Dostməhəmməd Daraxçı, Saib Təbrizi, Hacı Mirzə Məhəmməd, Əbdülqəni Xalisəqarızadə, Mirzə Kazımbəy və başqa Azərbaycan alimlərinin elmi fəaliyyəti nəticəsində mətnşünaslıq inkişaf etdirilərək, XIX əsrin ikinci yarısında bir elmi sahə kimi formalaşdığı öyrənilmişdir. Bu tədqiqat nəticəsində onun “Mətnşünaslıq”, “Mətnşünaslığın əsasları” və “Mətnşünaslığın nəzəri əsasları” adlı üç monoqrafiyası işıq üzü görmüşdür. Akademik Vasim Məmmədəliyevin sözləri ilə desək, “Kamandar müəllim özünün məhsuldar tədqiqatları ilə Azərbaycanda mətnşünaslıq məktəbi yaratmışdır”. Professorlar Möhsün Nağısoylu və Azadə Musayeva bu tədqiqatın əhəmiyyəti barədə yazırlar ki, araşdırmalar bu “ədəbi-tənqidi fikir tarixinin öyrənilməsi istiqamətində aparılmış fundamental bir tədqiqat əsəri olmaqla yanaşı, həm də ümumtürk, ərəb və fars mətnşünaslığı və onların nəzəri əsaslarının öyrənilməsi üçün böyük imkan yaradır”. Təsadüfi deyildir ki, K.Şərifovun “Mətnşünaslığın əsasları” adlı kitabı respublikamızın ali məktəblərində mətnşünaslığın tədrisi sahəsində dərslik kimi istifadə olunur. Onun digər tədqiqatlarından da ali məktəblərin ayrı-ayrı fakültələrində, xüsusən filologiya və kitabxanaçılıq fakültələrində tədris prosesində istifadə edilir.

O, Azərbaycan əlyazma kitab mədəniyyətinin öyrənilməsi istiqamətində də az əmək sərf etməmişdir. Təsadüfi deyildir ki, filologiya elmləri doktoru, professor Bayram Allahverdiyev yazır ki, müasir dövrdə Azərbaycan kitabşünaslığı görkəmli alim Kamandar Şərifovun bir sıra qiymətli elmi əsərləri və monoqrafiyaları ilə xeyli inkişaf etmiş, zənginləşmişdir”. K.Şərifovun kitabşünaslıq sahəsində bu xidmətləri nəzərə alınaraq, əsərləri B.Allahverdiyevin rəhbərliyi və redaktorluğu ilə 2003-cü ildə BDU-da nəşr edilmiş “Azərbaycan kitabşünaslığı” adlı biblioqrafik göstəriciyə də daxil edilmişdir.

Keçən yüzillikdən üzü bəri erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən aşkar qırğınlara, torpağımıza şərik və sahib olmaq məqsədilə aparılan təbliğatlara, silahlı münaqişələrə və xalqımızın doğma torpaqlarından deportasiyasına erməni kilsəsi və onun ətrafına toplaşmış erməni “ziyalıları” rəhbərlik etmişdir. Azərbaycan ziyalıları ermənilərin bu təcavüzkarlığını, işğalçı siyasətini ifşa edən kifayət qədər əsərlər yazmışlar. Lakin Sovet rejiminin xalqlara qarşı ikili münasibəti ermənilərə istədiklərini etməyə imkan versə də, bizim yazıçılarımızın - M.M.Nəvvabın, M.R.Fənanın, M.S.Ordubadinin bununla bağlı yazdıqları kitabların nəinki nəşrinə, adını çəkməyə belə icazə verməmişdir. K.Şərifovun 1993-cü ildə ilk dəfə çap etdirdiyi (Arif Ramazanovla) M.M.Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsəri erməni yalanlarını ifşa edən, onların xalqımıza qarşı olan düşmən xislətini sübuta yetirən ən dəyərli abidədir.

Dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 800 illik yubileyi münasibətilə onun orta əsrlərdə tələbəlik mədəniyyətinə, təlim-təhsil qaydalarına həsr edilmiş “Adabül-mütəəllimin” əsərini ərəb dilindən ilk dəfə tərcümə edən də Kamandar müəllimdir. Bununla bərabər, Şərqin, o cümlədən Azərbaycanın bir sıra görkəmli dühalarının, o cümlədən Əbu Nəsr əl-Fərabinin, Eynülqüzzat Həmədaninin, Əbu Hamid əl-Qəzalinin, Şeyx Mahmud Şəbüstərinin, Nəsirəddin Tusinin, Mənsur Həllacın, Əbdürrəhman bin Ömər Şufinin və başqalarının əsərləri ilə ilk dəfə olaraq Kamandar müəllimin rəhbərliyi və redaktorluğu ilə ərəb və fars dillərindən dilimizə tərcümə olunmuşdur.

K.Şərifovun Əlyazmalar İnstitutunda saxlanılan yazılı abidələrin elmi təsviri və kataloqlaşdırılması sahəsində böyük xidmətləri vardır. O, ərəbdilli əlyazmalar kataloqunun I, II, III və IV cildlərinin müəlliflərindən olmaqla bərabər, II, III və IV cildlərin həm də tərtibçisidir. Bundan başqa, tədqiqatçı Əbdülqəni Nuxəvi Xalisəqarızadənin kitabxanasındakı orta əsr əlyazmalarının kataloqunun I cildini və ərəbdilli əski çap kitabları kataloqunu hazırlayaraq nəşr etdirmişdir.

Kamandar müəllimin mənəvi irsimizin öyrənilməsi istiqamətində apardığı bu çətin və məhsuldar əməyini fəlsəfə üzrə elmlər doktoru, professor Camal Mustafayev belə qiymətləndirmişdir: “Kamandar elmdə külünglə yol açan alimlərdəndir”.

Orta əsr Azərbaycan alim və ədiblərinin dünya kitabxana və muzeylərində saxlanılan əsərlərinin əlyazmalarının müəyyənləşdirilməsi istiqamətində də K.Şərifov az görməmişdir. O, 2002-ci ildə Misirdə ezamiyyətdə olduğu 10 gün ərzində Qahirədəki “Dərül-kütub” kitabxanasında saxlanılan 350-yə qədər Azərbaycan klassiklərinin əlyazmalarını müəyyənləşdirərək, siyahıya almış və 2014-cü ildə kitab şəklində çap etdirmişdir. Bununla bərabər, bir sıra Azərbaycan klassiklərinin, o cümlədən şair Müsahib Gəncəvinin divanının dünyada məlum üç nüsxəsindən birinin surətini əldə edərək, Əlyazmalar İnstitutuna gətirmişdir.

Kamandar müəllim uzun müddət BDU-daQafqaz Universitetində “Ərəb ədəbiyyatı tarixi” və “Mətnşünaslıq” fənlərini tədris etmişdir. “Mətnşünaslığın nəzəri əsasları” fənni üzrə tədris proqramının müəllifidir. O, gənc elmi kadrların yetişdirilməsinə xüsusi qayğı ilə yanaşır. Onun rəhbərliyi ilə onlarca elmlər namizədi və magistrlər dissertasiya müdafiə etmişlər. O, 32 adda elmi-tədqiqat kitabının müəllifidir. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiya, Türkiyə, İran, Misir, Əlcəzair, Küveyt, Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif şəhərlərində keçirilən çoxsaylı elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Ekspert şurasının üzvü olmuş, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən müdafiə şurasının üzvüdür. O, AMEA-nın fəxri fərmanı və “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.

Yaxın günlərdə görkəmli tədqiqatçı-alim, professor Kamandar Şərifovun 80 yaşı tamam olur. Bu münasibətlə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivielmi ictimaiyyəti adından Kamandar müəllimi təbrik edir, ona cansağlığı, uzun ömür və gələcək tədqiqatlarında yeni elmi-ədəbi uğurlar arzulayırıq...

 

Almaz Ülvi BİNNƏTOVA,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

“Azərbaycan-Türkmənistan-Özbəkistan

ədəbi əlaqələr” şöbəsinin müdiri, f.ü.e.d., professor,

 

Rübabə ŞİRİNOVA,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

“Ərəbdilli əlyazmaların tədqiqi”

şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.fəl.d., dosent.

 

Respublika.- 2020.- 15 yanvar.- S.6.