İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar sərgi

 

İstanbul şəhərinin Yeni Qapı metro qovşağının ən hərəkətli keçidində Qanlı Yanvar adlı fotosərgi açılıb. Sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub. Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunub.

Fotosərgi üç çıxış və üç giriş qapısı olan metro qovşağının mərkəzi keçidinə qoyulub. Tədbirin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, diplomatik korpusun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, azərbaycanlı tələbələr, QHT və KİV nümayəndələri iştirak ediblər.

3 gün davam edəcək sərgidə 20 Yanvar faciəsini faktlarla əks etdirən məlumat lövhələri yerləşdirilib.

Sərgi barəsində məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, tədbiri keçirməkdə məqsəd ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsi olan Yanvar faciəsi haqqında türk ictimaiyyətini maarifləndirməkdir. O həmçinin 1990-cı il yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyıni deyib: Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi həm də xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Bugünkü sərgidə 30 fotoşəkil nümayiş olunur: Sərginin 20 milyon əhalisi olan İstanbulun ən hərəkətli metro qovşağında təşkil olunmasında məqsəd 20 Yanvar faciəsini Türkiyə ictimaiyyəti ilə yanaşı, dünyaya da tanıtdırmaqdır.

Sərgiyə baxış keçirən İstanbul sakinləri türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu və azadlıq uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildiriblər.

Esmira Yazkan ASLANOVA,

Respublika qəzetinin Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2020.- 17 yanvar.- S.6.