Dövlət gənclər siyasəti sağlamintellektual nəslin formalaşmasına xidmət edir

 

2 Fevral Azərbaycan Gəncləri Günüdür

 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən ölkə həyatının bütün istiqamətlərində qoyulan islahatları 16 ildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni dövrün tələblərinə uyğun uğurla davam etdirir. Məhz 2003-cü ildən başlayaraq sosial-iqtisadi, mədəni və sair sahələrdə əldə edilən nailiyyətlər dövlətimizin başçısının apardığı düşünülmüş və uzaqgörən daxilixarici siyasətin bəhrəsidir. Parlaq qələbələrin qazanılmasında ölkə əhalisinin 27 faizini özündə cəmləşdirən gənclərin özünəməxsus payı var.

Bu bir reallıqdır ki, hər bir xalq özünün sağlam, xoşbəxt gələcəyə olan ümidlərini gənc nəslə bağlayır. Gənc nəslin sağlam, bilikli yetişməsi hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan inkişaf etmək istəyən dövlətlərin müqəddəratı bugünkü gənclərdən daha çox asılıdır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan vətənpərvər və istedadlı gənclər ölkəsi kimi tanınır. Hər bir Azərbaycan gənci də öz dövlətini, milli-mənəvi dəyərlərini, doğma ana dilimizi göz bəbəyi kimi qoruyur.

Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da gənclərlə bağlı dövlət siyasətini əsas vəzifələr sırasına çəkmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması, onların problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi yetişməsi üçün lazımi şərait yaratmışdır. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı ildən gənclər forumu keçirilmiş, 1999-cu ildə dövlət gənclər siyasəti haqqında fərman imzalanmışdır. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycanda 2 Fevral- Gənclər Günü qeyd olunur. 2 fevral tarixinin Gənclər Günü kimi seçilməsi ümummilli liderin adı ilə bağlıdır. Belə ki, ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən gənclərin birinci forumunda Heydər Əliyev gənclərimiz qarşısında tarixi bir vəzifə qoyaraq demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq, müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Qeyd edək ki, bu forum Azərbaycanda gənclər hərəkatının inkişafına təkan verdi. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən böyük öndər həm də “2 Fevral- Gənclər Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən 24 ildir ki, 2 fevral ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və dövlətimizin dəstəyi sayəsində gənclərə göstərilən diqqət və qayğı ildən-ilə daha da artır və konkret nəticələrlə müşahidə olunur. 2007-ci ilin “Gənclər ilielan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın şəhər və rayonunda Gənclər Mərkəzinin, Olimpiya İdman Komplekslərinin inşası, 2013-cü ildə gənclər üçün Prezident mükafatının təsis edilməsi ölkə rəhbərinin gənclərə, onların potensialına nə dərəcədə önəm verdiyinin bariz nümunəsidir. Bundan başqa, dövlət başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” gənclər siyasətinin yeni mərhələyə qədəm qoymasının sübutudur. Nəhayət, bu istiqamətdə daha önəmli bir hadisə möhtərəm Prezidentimiz İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsidir. Qloballaşma dövründə Azərbaycan dövlətinin milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti sözügedən Dövlət Proqramının uğurlu icrası ilə yeni inkişaf mərhələsinə doğru irəliləyir. Bu proqram 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının davamı olaraq yeni çağırışlara cavab verməklə sağlamintellektual nəslin formalaşmasına xidmət edir.

Fevralın 2-si həm də Azərbaycan gənclərinin hesabat günüdür. Gənclər bu günü bayram etməklə yanaşı, həm də ötən müddətdə görülən işlərə yekun vurur, qarşıdakı vəzifələrini müəyyənləşdirirlər. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə, o cümlədən idmanda parlaq qələbələrə imza atırlar. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycan idmançıları 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Bu medalların böyük əksəriyyəti gənclərin hesabınadır.

Həmçinin, ötən ildə ölkəmizdə gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub. Regionlarda 129 kütləvi aksiya keçirilib.

Ən önəmlisi isə Azərbaycan Gəncləri Günü münasibətilə 2019-cu il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısıdır. Qeyd edim ki, 3500-dək gəncin qatıldığı tədbirdə 6 nəfərə “Gənclər üçün Prezident Mükafatı” təqdim olundu. Dövlətimizin başçısı cənab İlham Əliyev həmin tədbirdəki nitqində gənclərə müraciətlə demişdir: Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar”.

Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsi olmaqla bütün sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanın vətənpərvər, dövlətinə sədaqətli, savadlı gəncliyi var. Gənclər və İdman Nazirliyi, onun aidiyyəti qurumları, tələbə-gənclər hərəkatları, Gənclər Təşkilatları Milli Şurası, Qeyri-Hökumət Təşkilatları, könüllülər və digər qurumlar cənab Prezidentin apardığı uğurlu dövlət siyasətinin gənclər istiqaməti üzrə tapşırıqlarını layiqincə yerinə yetirirlər.

Azərbaycan gəncləri Vətənimizin daha da qüdrətlənməsi uğrunda əllərindən gələni edirişğal altında olan torpaqlarımızın azad olunması üçün hər an hazırdırlar. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi.

Gənclərimiz ölkə Prezidentinin daxilixarici siyasətini dəstəkləyir və hər zaman onun yanındadırlar. Dövlət tərəfindən gənclər üçün hərtərəfli şərait yaradılıb və onların bütün sahələrdə iştirakı təmin olunur.

Nizami rayonunun gəncləri də sosial-iqtisadi, mədəni və digər sahələrdə öz fəallıqları ilə seçilirlər. Bir faktı nəzərə çatdırmaq yerinə düşər. Məlum olduğu kimi, “İdeyaİctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın bütün rayonlarında insanların istirahəti üçünAbad məhəllə” layihəsi həyata keçirilir. Rayonumuzun gəncləri də belə məhəllələrin yaradılmasında ən yüksək fəallıq göstərirlər.

“Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz, mən də sizə arxalanıram”— Prezident İlham Əliyevin ölkə gəncliyinə verdiyi dəyərdən ruhlanan Nizami rayonunun gəncləri bundan sonra da dövlət başçısının ətrafında sıx birləşərək müstəqil respublikamızın çiçəklənib daha da qüdrətlənməsi, paytaxt Bakımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi yolunda var qüvvələrini əsirgəməyəcəklər. Bütün gənclərimizi bu əlamətdar gün münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

 

Ziyad ƏZİZOV,

Bakı şəhəri, Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 31 yanvar.- S.6.