Kəlbəcər - Vətənimizin zümrüd qaşı

 

Azərbaycanın bir parçası olan Kəlbəcər atlas geyimli, romantik mənzərəli dağlarla əhatə olunmuş, insanların sidq ürəklə bağlandığı məkanlardan biridir. Geniş əraziyə, əsrarəngiz relyefə malik olan bu diyarın gözəlliklərini beyninə həkk edib, sonra da onu naxış üzərinə köçürmək hər kəsin hünəri deyil! Vaxtilə məşhur səyyah Abex yazıb ki, kim Tərtər vadisi ilə üzüyuxarı getməyibsə, İsveçrəni ancaq o tərif edə bilər!

 

Keçmiş sovetlər dövründə də Kəlbəcər təbii sərvətləri ilə məşhur idi. İstisu sanatoriyasının sorağı ilə dünyanın müxtəlif guşələrindən buraya axın-axın insanlar gəlir, müalicəvi su ilə sağlamlıqlarını bərpa edirdilər.

 

Kəlbəcər uzunömürlülər diyarı adlanırdı. Azərbaycanın zümrüd qaşı, zirvələrin tacı idi. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biribizi dünyaya tanıdan və loğman kimi insanlara sağlamlıq bəxş edən məşhur İstisu sanatoriyası idi. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaqdili ilə desək belə alınardı: ...Kəlbəcər rayonundakı İstisu, mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının suyu ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir.

 

Dəlidağ, Murov, Kəpəz, Qoşqar, Qoçdaş, Laçın-qaya, Alagöllər, Gəlin qayası, Sarıyer, Ceyranbulağı və digər yerlər mahir bir rəssam fırçasından çıxmış tablonu xatırladır.

 

Kəlbəcər bir yandan Murov, Kəpəz dağları silsiləsi, bir tərəfdən Göyçə dağları, bir tərəfdən Dəlidağ və Cermux dağları, bir tərəfdən də Laçın dağları ilə əhatə olunmuşdur.

 

Bura aran tərəfdən isə Ağdam və Ağdərə ərazilərinə çıxışı olan bir bölgədir.

 

Kəlbəcərin ulu tarixini vaxtilə olduğu kimi qələmə almayıblar. Bu qədim Oğuz yurdunun kökləri Qafqaz Albaniyasından da o yana gedib çıxan türk məskəni olub.

 

İlin yaz, yay fəsillərində dağların sinəsində bir vaxtlar çadırlar qurulur, insanlar təbiətin qoynunda istirahətlərini mənalı keçirir, kəhər atlar kişnəyir, telli sazlar köynəkdən çıxır, el aşıqları elə bir çal-çağır edirdilər ki, gəl görəsən! Çoxları Kəlbəcər ellərinə Dədə Şəmşirin sorağı ilə ayaq basardı. Yerli sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğul olardılar. Hər eldə, hər obada Vətən sevgisi, bolluq-bərəkət duyulurdu.

 

Kəlbəcərlilər qonaqpərvər idi, hansı neməti desən süfrələrində tapmaq mümkün idi.

 

Akademik Budaq Budaqovun söylədiyi kimi, Kəlbəcər hər yandan qıfıllı dərənin yuxarı axınının mərkəzində, geniş dağ düzənliyi üzərində yerləşib. Kəlbəcər şəhərini əhatə edən dağların hamısı öz ətəklərini Kəlbəcərin ayaqları altına sərib.

 

Çox vaxtlar Kəlbəcərin və ulu Göyçənin el şənlikləri birgə keçər, at belində dağ yolları ilə bir-birilərinə qonaq gedərdilər. Burada dərc olunan Yenilik rayon qəzetinin yaradıcı kollektivi Basarkeçərdə həsr edilən Bolluq uğrunda qəzetinin əməkdaşları ilə sıx əlaqə saxlayır, hər iki qəzetdə dostluq səhifələri verilərdi.

 

Kəlbəcərdə bədii sənət nümunələrindən olan, min bir çeşnisi ilə seçilən xalçalar toxunar, mahir ustalar ilmələrlə lövhələr yaradardı.

 

Sovetlər dövründə burada dünyanın nadir faydalı mineralları: Söyüdlü, Keyti qızıl yataqları, istisular, rayon tərkibli nadir sular, Şorbulaq, Ağyataq civəsi, Nadirxanlı, Sarıdaş rəngli mərmər yataqları, Dəvəgözü, Keçəldağ perlitisair faydalı minerallar möcüzə kimi diqqəti cəlb edirdi.

 

Bu məkan vaxtilə həm də Azərbaycanda turizm məkanı kimi də tanınardı. Yalçın qayalara, qıy vuran qartallara, ilan kimi qıvrıla-qıvrıla axan dağ çaylarına turistlər heyranlıqla tamaşa edər, xatirə şəkilləri çəkdirərdilər.

 

Kəlbəcər vaxtilə Azərbaycanın çoxsahəli inkişaf etmiş rayonlarından biri sayılardı. Xüsusilə heyvandarlıqda yüksək nəticələr əldə olunur, insanların həyat səviyyəsi ilbəil yaxşılaşırdı.

 

Ulu öndər Heydər Əliyev Azərbaycana ilk rəhbərliyində Kəlbəcərin iqtisadiyyatının yüksəldilməsinə ciddi qayğı və diqqət göstərir, məhsul istehsalı və səhiyyənin maksimum səviyyəyə çatdırılması diqqət mərkəzində saxlanılırdı.

 

90-cı illərin əvvəllərində Vətənimizin zümrüd qaşı olan Kəlbəcər faşist xislətli ermənilər tərəfindən işğal olundu. Sərt qışın qarlı, çovğunlu günlərində kəlbəcərlilər bir çox işgəncələrlə və faciələrlə üzləşdilər. Mülki əhaliyə daşnaklar tərəfindən dəhşətli divan tutuldu. Azərbaycanın o vaxtkı rəhbərlərinin laqeydliyi ucbatından alınmaz qala olan Kəlbəcər düşmən tərəfindən odlara qalandı. Köməksiz qalan insanlar Gəncəyə, Göygöl rayonuna və digər yerlərə pənah gətirdilər. Neçə-neçə günahsız insanlar şəhid və şikəst oldu, əsir götürüldü, huşunu itirərək yollarda qaldı.

 

Bu işğal nəticəsində 200 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş, yaxud girov aparılmışdır. Ən çox itki isə Kəlbəcər şəhərindən uzaqda olan Başlıbel kəndinin taleyinə düşdü: 28 nəfər mənfur erməni quldurları tərəfindən bir gecədə qətlə yetirildi, 18 nəfər girov götürüldü.

 

1996-cı il aprel ayının 1-də Kəlbəcərin işğalının 3-cü ildönümündə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, rayonun işğalının səbəblərini araşdırmış, komissiya yaradılmış, kəlbəcərlilərin həyat şəraitinin yaxşılaşdırılması üçün göstəriş və tövsiyələr vermişdir.

 

Məcburi köçkün kimi yaşayan bütün kəlbəcərlilərin qəlbi yurd eşqi ilə döyünür, Murov, Dəlidağ üçün darıxır və onlar inanırdılar ki, gec-tez Kəlbəcər işğaldan azad olunacaq, günlərin bir günündə Azərbaycan oğullarının dəmir yumruğu ermənilərin başına enəcəkdir. Elə də oldu. 2020-ci ildə müzəffər Azərbaycan ordusu, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan Azərbaycan əraziləri azad olundu, o cümlədən də Kəlbəcər də yağı düşməndən təmizləndi, nəhayət ki, burada da üçrəngli Azərbaycan bayrağı dalğalandı.

 

Qürur hissi keçiririk ki, artıq Kəlbəcər də bizimdir. İşğaldan azad olunmuş bu əraziyə qayıdış başlanacaq, Kəlbəcər bərpa olunacaq, müasirləşəcək, turizm diyarına çevriləcək, həmişəki kimi bu gözəl məkanda çal-çağırlı günlər başlanacaqdır...

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 3 aprel.- S.4.