Dəyərli sənət, unudulmaz sənətkar

 

Sənətin hər bir sahəsi öz dəyərini əsl sənətkarlardan alır. Həmin fikrə istinadən deyə bilərik ki, aşıq sənətindən söz açılanda istər-istəməz Aşıq Ələsgər yada düşür. Göyçə mahalının Ağkilsə kəndində dünyaya gələn sənətkarın zamanından iki əsr keçməsinə baxmayaraq, onun sənət əsərləri bu günsevilir və araşdırılır. Oxucular tərəfindən sevilə-sevilə oxunan şeirlər öz məzmun gözəlliyi, məna dərinliyi ilə könüllər oxşayır. Fitri istedada, dərin zəkaya malik olan Ələsgər yazdığı şeirlərin əksəriyyətini bədahən demişdir. Bu istedad ona İlahi tərəfindən verilmişdi. Ona görə də sənətkarın yaradıcılığı ilə bağlı yazdığım şeirlərin birində belə qeyd edirəm:

 

Nəzmə çəkdi, dünyamızın halını,

 

Aqilini, nadanını, kalını,

 

Qəmli saza kökləyib kamalını,

 

Haqqı dedi, haqq önündə dinməz o.

 

Ələsgər təkcə aşıq kimi yox, eyni zamanda, istedadlı şair kimi həmişə ədəbiyyat tarixində yaşayacaqdır. Çünki onun şeirləri keçmişlə, bu gün və gələcəklə səsləşən şeirlərdi. Təəssüflər olsun ki, onun yazdıqları zamanında qələmə alınmamış və bütövlüklə gəlib bizə çatmamışdır.

 

Mənfur ermənilərin haqsızlığı ilə üzləşən Göyçə əhli bir neçə dəfə yerindən-yurdundan olmuşdu. Bu ədalətsizliyi gözləriylə görən Ələsgərin yaşadıqlarını biz də yaşadıq. Göyçənin köç karvanı çıxanda sənətkarın, Çata-çat dodaqdəyməzindəki birinci misra yadıma düşdü.

 

El yeridi yalqız qaldıq səhrada misrası ilə başlayan həmin şeirə nəzirə kimi aşağıdakı eyniadlı dodaqdəyməzimi yazdım:

 

Şair elə, el şairə sarışdı,

 

Halallaşdı, için-için alışdı.

 

Neçə-neçə insan halı qarışdı,

 

Çəkdi

 

dara dərd yananı çata-çat.

 

Şeirin bu çətin janrlarında yazıb, yaradan Ələsgər yaradıcılığı özündən sonra Mikayıl Azaflı və başqa sənətkarlara da öz təsirini göstərmişdir.

 

Bu mənada ustad sənətkarın yaradıcılığından bəhrələnən hər kəs kimi, mən də Dədə Ələsgərə minnətdaram.

 

Əli TOĞULCALI,

Yazıçılar Birliyinin üzvü, şai

 

Respublika.- 2021.- 4 aprel.- S.5.