Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazıldı

 

Beş il əvvəl aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini pozmağa başladılar. Həmin gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardanartilleriya qurğularından intensiv atəşə tutuldu. Xüsusən Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşən rayonlarımız - Qazax, Tovuz, Gədəbəyin kəndləri və adsız yüksəkliklər, o cümlədən Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarının kəndləri və bir sıra adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutuldu. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qaldı. Təxribatlar zamanı dinc əhali arasında da həlak olan, yaralananlar oldu. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi və qəti cavab zərbələri endirildi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrində törətdiyi təhlükəni aradan qaldırmaq idi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirildi, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

 

 

 

Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqamətləri olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Uğurlu əməliyyatlar nəticəsində təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

 

Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Həqiqətən də, dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.

 

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri bir daha göstərdi ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Azərbaycan xalqı qəhrəman xalqdır”. Dövlət başçısı Aprel qələbəsinin birinci ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə vurğuladı ki, bu şanlı döyüşlər dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək.

 

Çox keçmədi, 4 ildən sonra o fikirlər reallığa çevrildi. Azərbaycan Ordusu Aprel döyüşlərində yarımçıq saxladığı əməliyyatını tam gerçəkləşdirmək üçün Ali Baş Komandandan hücum əmri aldı. İşğalçı Ermənistan cəmi 44 gün dözə bildi. Erməni əsgəri Azərbaycan Ordusu qarşısında aciz vəziyyətə düşdü. Silahını, texnikasını atıb qaçmağa məcbur oldu. Rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq 44 günlük Vətən müharibəsindəki qələbə ilə torpaqlarımızı işğaldan azad etməklə Aprel döyüşlərində şəhid olan igid oğullarımızın da ruhlarını şad etdi.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə, Vətən qarşısındakı xidmətlərinə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” yüksək fəxri ada layiq görülüb, ordenmedallarla təltif edilib.

 

Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində mühüm əhəmiyyət kəsb edir. Beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu.

 

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən beş il ötür. Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə təsdiq etdi. Bu, Azərbaycan gəncinin əqidəsinin, Vətənə olan sevgisinin, xalqımızın qəhrəmanlığının göstəricisi idi.

 

Bəybala BƏYBALAYEV,

 

Respublika.- 2021.- 10 aprel.- S.9.