Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin sədrliyi ilə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videokonfrans keçirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini qeyd edib. Bildirib ki, 18 aprel tarixi dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

Vurğulayıb ki, bu il həm də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılmış torpaqlarımızda yerləşən mədəni irs nümunələrimizin öz həqiqi sahiblərinə qaytarılması çərçivəsində qeyd etdiyimizə görə əlamətdardır.

 

Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunda təmsil olunur, eləcə də Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupuna rəhbərlik edir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin rəhbərlik etdiyi Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupunun məqsədi işğaldan azad olunmuş ərazilərimizdə mədəni sərvətlərin qeydə alınması, bərpası, qorunması və istifadəsi sahəsində genişmiqyaslı, çoxşaxəli və əlaqələndirilmiş fəaliyyəti təmin etməkdir. Əminik ki, qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələri də bərpa-konservasiya olunaraq xalqımızın mədəni irs nümunələrinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işinə layiqli töhfə olacaqdır.

 

Videokonfransda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, AZMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professoru Qafar Cəbiyev, “Abidələrin Müdafiəsi Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətini bir daha vurğulayıblar. Ölkəmizin mədəni irs nümunələrinin qorunması, həm ölkə, həm də beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlardan danışıblar. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərimizdə Azıx və Tağlar mağara düşərgələri, Leylatəpə, Üzərliktəpə və Çalağantəpə yaşayış yerləri, Xudafərin körpüləri, Şuşa şəhərində Şuşa Tarix-Memarlıq Qoruğu, Qutlu Musa oğlu türbəsi və sair abidələrimiz dünya və ölkəmizin mədəni irsi üçün xüsusi əhəmiyyət kəsb edən tarix və mədəniyyət abidələrindəndir. Qeyd olunub ki, işğal dövründə düşmən tərəfi qəsdən abidələrimizə qarşı vandallıq etmiş, eyni zamanda onları özününküləşdirməyə çalışmışdır.

 

 

 

M.ƏLİYEVA

 

Respublika.- 2021.- 20 aprel.- S.7.