Vətən üçün doğulanlar

 

Bir vaxtlar uşaq idilər. Kəndin küçələrində qayğısız gəzib-dolaşır, qaçıb-oynayırdılar. Məktəb yollarında, məhəllələrdə, küçələrdə, cığırlarda qaldı izləri. Heç vaxt ağıllarına gəlməzdi ki, bir gün onların adına kəndin tən ortasında “Xatirə abidəsi” ucaldılacaq. Məktəblilər onların ruhuna qəhrəmanlıq şeirləri söyləyəcəklər. Həmyerliləri “kəndimizin qəhrəmanları”dır, - deyə onlarla fəxr edəcəklər.

 

Vətən üçün doğulmuşdu bu oğullar. Vətənpərvərlik ruhunda, canında, qanında idi bu igidlərin. Oxuduqları kənd məktəbində bu ali hiss onlara çox yaxşı aşılanmışdı. Müəllimləri onlara zaman-zaman xalqımızın başına erməni cəlladlarının gətirdiyi müsibətlərdən, soyqırımı hadisələrindən, Xocalı faciəsindən danışardılar. Müxtəlif kinofilmləri, verilişləri diqqətlə izləyərdilər. Dəfələrlə Quba Soyqırımı Məzarlığında olmuşdular. Diri-diri basdırılaraq üst-üstə qalanmış insan sümükləri bu gənclərdə mənfur düşmənə qarşı qəzəb və nifrət hissini daha da alovlandırmışdı. Tez-tez öz aralarında deyirdilər ki, deyəsən Qarabağı düşməndən bizim nəsil gənclər azad edəcək. O vaxtlar adi görünən bu sözlər sonra gerçəyə çevrildi. Bu gənclər həqiqətən Vətən müharibəsində ölümün gözünə dik baxan, torpaqlarımızı yağı düşməndən azad edən mərd, qəhrəman döyüşçülər oldular, şəhidlik zirvəsinə yüksəldilər.

 

İndi kənd qəbiristanlığında uyuyan bu igidlərin məzarları önündə hamı böyük ehtiramla baş əyir. Doğulub boya-başa çatdıqları ata ocaqları müqəddəs bir ziyarətgaha çevrilib. Bu evlərin qapısı tez-tez döyülür, adamlar bu ailələrə baş çəkir, onlara mənəvi dəstək olurlar. Doğma evlərində bu şəhid oğulların hər biri üçün ayrıca otaqda “Xatirə guşəsi” yaradılıb. Çox qısa ömürlərinin müxtəlif vaxtlarında çəkilən bu şəkillər əziz bir xatirə kimi qorunub saxlanılır. Biz Qubanın Əlibəyqışlaq kəndindən olan 3 qəhrəman şəhidimizdən danışırıq...

 

Bayramov Ruslan Azər oğlu

 

1996-cı ildə dünyaya göz açıb. Azər kişinin ailəsində böyüyən 3 övladın ən böyüyü idi Ruslan. Orta məktəbi əla qiymətlərlə bitirmişdi. Kənddə idmançı kimi də tanınırdı. Cüdo yarışlarının iştirakçısı idi. Ən böyük arzusu peşəkar hərbçi olmaq, Vətənə şərəflə xidmət etmək, torpaqlarımızın azad olunması üçün əlinə silah alıb vuruşmaq idi. Elə bu arzu ilə də C.Naxçıvanski adına hərbi-liseyə daxil oldu. Üç il burada oxudu. Hərbi təhsilini davam etdirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdi. Burada hərbin sirlərini dərindən, mükəmməl öyrəndi. Bir müddət Naxçıvandakı “N” saylı hərbi hissədə leytenant rütbəsində çalışdı. Müharibə başlayan gündən hərbi xidmət yeri dəyişdirildi. Kəşfiyyat bölüyündə döyüş bölgəsinə göndərildi. Burada ona baş leytenant rütbəsi verildi. Bölüyün komandiri təyin olundu. Müharibənin ilk günündən, ta ömrünün sonuna qədər qanlı döyüşlərin içində oldu. Füzulidən Şuşaya qədər ağır döyüş yolu keçdi. Laçın dəhlizinin alınmasında xüsusi şücaət göstərdi. Çox təəssüf ki, müharibənin başa çatmasına saatlar qalmış Şuşa qalasının altında qəhrəmanlıqla həlak oldu.

 

Şuşanın alınmasında Ruslanın xüsusi xidmətləri var. Döyüş yoldaşları burada göstərdiyi igidliklərdən çox danışırlar. Deyirlər ki, Ruslan hamımızı döyüşə, qabağa getməyə ruhlandırırdı. Heç nədən qorxmurdu. Ən çətin yerlərə özü gedirdi. Şuşa ətrafında qanlı döyüşlərin birində yoldaşlarımızdan ölən və yaralananlar çox oldu. Onların arasında qrup komandirivar idi. Çətin vəziyyət yaranmışdı. Qrupu idarə etmək lazım idi. Ruslan tərəddüd etmədən, könüllü olaraq komandirə yaxınlaşdı. Kəşfiyyat qrupunu idarə etməyi öz öhdəsinə götürdü. O, həmin qrupla Topxana meşəsinə qədər getdi. Orada çətin əməliyyatlarda iştirak etdi. Elə orada - İsa bulağının lap yaxınlığında, meşənin içində düşmənin snayper mərmisinə tuş gəldi. Namərd düşmən onu ürəyindən vurmuşdu.

 

Ailəli idi. Müharibəyə üç ay qalmış - hələ Naxçıvanda ikən körpə qız balası dünyaya gəlmişdi. Adını da özü qoymuşdu - Arzu. Məzuniyyət alıb körpəsini görməyə evə gəlmək istəsə də, pandemiya şəraiti imkan vermədi. Müharibə başladı. Ağır döyüşlərdə olsa da, körpə balasını bir an belə unutmadı. Döyüş yoldaşlarından biri kövrək hisslərlə danışaraq deyir ki, döyüşlər arası 10-15 dəqiqəlik fasilə zamanı Ruslan həmişə balaca qızının bir cüt corabını cibindən çıxarıb əzizləyər və deyərdi ki, qardaş, İnşallah müharibə qurtarar, qayıdarıq evimizə, sizi qonaq apararam kəndimizə. Ailəmizlə tanış olarsınız. Balaca qızımı qucağınıza alıb doyunca oynadarsınız. Lakin Allah qismət etmədi. Onu bizdən alıb öz yanına apardı. Torpaqlarımız azad olsun, Arzu kimi bütün körpələrimiz sakit yaşasın deyə canından keçdi Ruslan qardaşımız.

 

Vətən onu unutmadı. Xidmətlərini yüksək qiymətləndirdi. Ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

 

Fətəliyev Səmural Ayaz oğlu

 

O, 1997-ci ilin mart ayında bu kənddə doğulub. 2014-cü ildə orta məktəbi bitirərək Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub. Ali təhsilini başa vurub Vətənə borcunu verməyə gedib. Bir il orduda xidmət edib. 2019-cu ilin oktyabr ayında SOCAR-ın təhlükəsizlik xidmətində əmək fəaliyyətinə başlayıb. Tovuz hadisələri zamanı - 2020-ci ilin avqust ayında könüllü olaraq orduya yazılıb. Sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Quba rayon şöbəsi tərəfindən çağırılaraq Qusardakı “N” saylı hərbi hissəyə göndərilib. Sentyabrın 27-də müharibənin ilk günündən bir çoxları kimi Səmural da döyüşlərə qatılır. O, Füzuli rayonunda gedən qanlı döyüşlərdə qrup komandiri kimi iştirak edir. Burada gedən şiddətli döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi igidlik göstərir. Oktyabrın 5-də o, Yuxarı Seyidəhmədli kəndində qəhrəmancasına şəhid olur.

 

Bu yaz 24 yaşı tamam oldu şəhid balamızın. Ailəsi, yaxınları, qonşuları ilk dəfə onsuz qeyd etdilər doğum gününü. Qısa, lakin mənalı ömür yolundan çoxlu xatirələr söylədilər. Oğlu haqqında fəxrlə danışan Ayaz kişi deyir ki, Səmural olduqca qeyrətli və vətənpərvər bir oğul idi. Həmişə deyirdi ki, bircə bu torpaqları azad edə bilsəydik, daha dərdimiz olmazdı. Ali Baş Komandanın hücum əmrini səbirsizliklə gözləyirdi. Belə bir övladı itirməkdə yeganə təsəllimiz torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsidir. Vətən müharibəsinin zəfəri ilə bütün şəhidlərimizin qisası alındı. İndi bütün dünyaya alnıaçıq, məğrur bir xalq kimi baxmağa haqqımız var. Bu, olduqca çox böyük şərəfdir. Onu bizə Səmural kimi igidlərimiz, rəşadətli ordumuz, böyük sərkərdəmiz İlham Əliyev bəxş etdi.

 

Ölümündən sonra igid döyüşçünün xidmətləri lazımınca dəyərləndirildi. O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundu.

 

Əhmədov Rəvan Yafət oğlu

 

2002-ci ilin fevral ayında Əlibəyqışlaqda doğulub. 2019-cu ildə M.Qonaqov adına kənd tam orta məktəbini bitirib. 18 yaşı tamam olan kimi həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin may ayından Naxçıvan MR-in Culfa şəhərində xüsusi təyinatlı qüvvələrdə xidmət etməyə başlayıb. Oktyabr ayının 23-dən xüsusi təyinatlı qüvvələrin tərkibində xidmətini Şuşa şəhəri uğrunda döyüşlərdə davam etdirib. Burada gedən qanlı döyüşlərdə igidlik və cəsurluq nümunələri göstərib. Bir çox hərbi əməliyyatların iştirakçısı olub. Gecə kəşfiyyatlarına gedib. Düşmənlə əlbəyaxa döyüşüb. Bir sıra qəhrəmanlıqlara imza atan igid əsgərimiz noyabr ayının 9-da Şuşa şəhəri azad olunduqdan sonra aldığı güllə yarasından qəhrəmancasına həlak olub. Şəhidlik zirvəsinə ucalan igid əsgər ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Əlibəyqışlaq kəndi Qarabağ müharibəsində 6 şəhid verib. Onlardan 3 nəfəri Birinci Qarabağ müharibəsində həlak olub. Camaat şəhidlərin xatirəsini əbədiləşdirərək kəndin ortasında onlara abidə qoyub. Burada olarkən “Xatirə abidəsi”ni biz də ziyarət etdik. Şəhid ailələri ilə görüşdük. Söhbətləşdik. Ruslanın atası Azər kişinin bizdən kiçik bir xahişi oldu. Dedi ki, oğlumla Səmuralın arasında çox möhkəm bir dostluq var idi. Nə mən, nə də Səmuralın atası bu uşaqları bir-birindən ayırmırdıq. Çox mehriban idilər. Xahiş edərdim ki, məqalənizdə bu iki gəncin arasında olan möhkəm dostluqdan bir neçə kəlmə yazasınız.

 

Öyrənirik ki, Ruslanla Səmural eyni məktəbdə - bir sinifdə oxuyublar. Eyni vaxtda da Bakı şəhərindəki ali məktəblərə qəbul olublar. Mehriban və sədaqətli dost olublar. Valideynləri deyir ki, hər dəfə onlar kəndə gələndə birbaşa öz doğma evlərinə getməzlərmiş. Bir qayda olaraq onlar əvvəlcə dostunun evinə gedər, valideynlərinə baş çəkər, hətta bir stəkan çay içər, sonra evlərinə gedərmiş. Oxşar talelər yaşayan bu dostların ikisieyni vaxtda Vətən müharibəsində şəhid oldular. Ulu Tanrı onları bir-birindən ayırmadı. O dünyaya da birlikdə getdilər, şəhadətə yüksəldilər. Onların mənalı ömür yolu kimi dostluqları da əbədi nümunədir.

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2021.- 24 aprel.- S.4.