Mir CƏLAL: sadəliyin müdrikliyi

 

Yazı, söz, sənət dünyasında olanlar bunu yaxşı bilir. Hər kəsin ürəyində yazmaq üçün məqam gözlədiyi mövzular olur. Böyük mətbuata gəldiyim andan jurnalistika fakültəsində oxuyarkən mənə dərs deyən müəllimlərim haqqında yazmaq üçün mən də məqam gözləmişəm. Redaksiyadan Mir Cəlal Paşayevin doğum günü ilə bağlı yazı hazırlamaq tapşırığı alanda ilk öncə düşündüm: Hə, bu da sənə məqam... Müəllim haqqında yazmaq  həmişə böyük şərəfdir, o ki qaldı sənə dərs deyən müəllim ola...

 

 

 

“Heyhat! Qoca dünya - bəzən öz gərdişini sərt bir sükut, daş bir ürək, kor bir məntiq, daimi bir amansızlıqla keçirən qoca dünya, kimsə ilə hesablaşmır”. Mir Cəlalın müdrik kəlamlarından birində belə deyilir. Doğrudan da, dünya öz işindədir...

 

Mir Cəlal müəllim haqqında çox deyilib, çox danışılıb və düşünürəm ki, onun barəsində yeni bir söz demək də çətindir. Ancaq bir halda ki,  anım yazısıdır, onda bu böyük, sadə, təvazökar insanın yaddaşlarda qalan izi ilə yola çıxaraq mənim əziz müəllimimin obrazını canlandırmağa çalışacağam.

 

1976-cı il 1 sentyabr. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin I kurs tələbələri kimi ilk dərsimiz ixtisasla bağlı oldu. Növbəti dərsimiz “Ədəbiyyat nəzəriyyəsi” idi. Mir Cəlal müəllim tədris etməliydi. O zaman BDU-nun fakültələri indiki kimi kompakt şəkildə yerləşmirdi, humanitar fənlərin bir neçəsi “Kommunist” (indiki “İstiqlaliyyət”) küçəsində fəaliyyət göstərirdi. Mir Cəlal müəllimin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrası da Azərbaycan İqtisad Universitetinin indiki əsas binasında yerləşirdi. Biz “Pasaj” kimi tanınan ticarət obyektinin arxasında kiçik binada yerləşən jurnalistika fakültəsindən üzüaşağı, Kommunist küçəsinə düşməliydik. İxtisas müəllimimiz bunu nəzərə alıb bizi  zəngdən bir qədər əvvəl buraxdı. Mir Cəlal müəllimi görməyə hamımız maraqlı, həvəsli idik. Əsərləri ilə böyüyüb, tərbiyə olunduğumuz yazıçı, indi bizim müəllimimizdi axı. Müdrik çağlarını yaşayırdı o zaman, 70 yaşı hələ tamam olmamışdı. Kiçik kabinetinə girib salamlaşdıq, oturmaq üçün yer göstərdi. Otağı kiçik auditoriyanı xatırladırdı, çünki say hesabı qoyulan stullar hamımıza çatdı. Qrup nümayəndəsini soruşdu. Mən ayağa qalxdım,  adımı soruşdu. Dedim. Əlinin işarəsilə məni yanına çağırdı: “Əvvəlcə, tanış olaq” - dedi. Mən adları bir-bir çəkdikcə qrup uşaqları ayağa durur, özünü təqdim edirdi. Gəlməyənlər də vardı, əhəmiyyət vermədi. Bu, yarım semestr ərzində Mir Cəlal müəllimin ilkson yoxlaması oldu. Dərsdə iştirak etməyənləri xüsusi nəzarətə götürmədi, onu adi, təbii hal kimi qəbul etdi: “Həyatdır, insanıq axı, hər şey ola bilir” - deyib üstündən keçirdi. Sonralar bir dəfə dərsdə olmadığına görə müəllimin qara siyahısına düşənləri çox gördük. Müəllim var idi ki, bir qaibə görə tələbədən on qat artıq heyfini çıxırdı. Bax, onda Mir Cəlal müəllim bizə ucadan-uca, böyükdən-böyük görünürdü. Əslində, onun maraqlı mühazirələrini, bəlkə də həyat dərsini dinləməkdən uşaqlarımız böyük zövq alırdı, Mir Cəlal müəllimin dərsindən üzrsüz yerə heç kəs qalmırdı. Əsərlərini sevdiyimiz Mir Cəlal müəllimi bir pedaqoq kimi də kəşf etmişdik...

 

Yazıya başlamazdan əvvəl kiçik bir araşdırma aparmışdım. Xalq yazıçısı Elçinin “Sadəlik və müdriklik” məqaləsi qarşıma çıxanda sevindim. Axı, o da müəllimi haqqında söz söyləmişdi: “...Mir Cəlal müəllimin mühazirələri də, bədii və elmi əsərləri də sadəliyin arxasında  dayanan müdrikliyin ifadəsi idi. O, təbiəti etibarilə necə sadə idisə, danışığı da, elmi və bədii təhkiyyəsi də eləcə sadə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətində, həm də yaradıcılığındakı o sadəlik qətiyyən primitivlik yox, müdrikliyin nəticəsi idi”.

 

Bəli, həqiqətən belədir, bəzən Mir Cəlal müəllim obrazlı danışanda da onun bənzətmələri sadə, dəqiq və aydın olurdu, ifadə etmək  istədiyi fikri, mülahizəni görümlü edirdi. Mir Cəlal müəllim klassik ədəbiyyatımızın tədqiqatçısı idi. “Füzulinin poetik xüsusiyyətləri”, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadənin realizmi haqqında” və s. kimi monoqrafiyaları mövzu etibarilə klassik ədəbiyyata aid idi.

 

Mir Cəlal müəllim cəsarətli insan idi. Tələbələrindən biri professor Firudin Hüseynov müəllimi haqqında danışarkən belə bir  epizodu xatırlayaraq deyirdi: “Əllinci illərin ortalarında müəllimlə bir axşam dənizkənarı bulvarda gəzəndə, birdən Kirovun projektor işığı altında işıldayan heykəlini gördüm: “Mir Cəlal müəllim, sizcə, o heykəlin yerində kimin heykəlini qoymaq olar?” - deyə soruşdum. Heç özüm   bilmədim ki,  bu sualı necə verdim, bu sözlər ağzımdan necə çıxdı. Bütün bədənimi həyəcan bürümüşdü. Axı, söhbət KQB-nin, hakim sovet rəsmi-inzibati ideologiyasının fironluq etdiyi bir dövrdən gedir. Mir Cəlal müəllim qolumdan tutub bir an dayandı Kirovun heykəlinə baxa-baxaQardaş, (o belə müraciət etməyi xoşlayırdı) kim o heykəli oradan yıxa bilsə, onun da  heykəlini orada qoymaq lazımdır” - dedi.

 

O çətin, mürəkkəb bir zamanda Mir Cəlal müəllimin cavan bir aspiranta verdiyi bu cavab, əlbəttə ki,  onun daxili cəsarətindən xəbər verirdi. Hətta, dəhşətli 37-ci il qasırğası zamanında belə, qələm əhli bir-birinə dəyəndə, bir-birlərinə siyasi-sosioloji ittihamlar irəli sürəndə Mir Cəlal müəllim Füzulini təhlil edir, Mirzə Cəlilin tədqiqilə məşğul olur, əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən ədəbi məktəbləri araşdırırdı.

 

İstiqanlı, qayğıkeş, xeyirxah... Mir Cəlal müəllimi başqalarından fərqləndirən keyfiyyətlər bu idi.

 

Haşiyə: Birinci kursun birinci semestrinin qış imtahan sessiyası başlamışdı. Yanvar ayı idi, bərk qar yağmışdı, yollar buz bağladığından nəqliyyat yaxşı işləmirdi. Mir Cəlal müəllimin fənnindən imtahan verməliydik, hərə bir təhər gəlib çıxmışdı. Vaxt keçir, Mir Cəlal müəllim görünmürdü.  Dekanlıqda hamı narahat idi, evinə zəng vursalar da dəstəyi heç kəs götürmürdü. Müəllimlərimizdən biri: “Mir Cəlal müəllimin evi bura yaxındır, oğlanlardan biri getsə, yaxşı olardı,” - dedi. İçimizdə diribaşlığı ilə fərqlənən uşaqlardan ikisi irəli çıxıb: “Biz gedirik” - dedi. Ünvanı götürüb getdilər. Bir qədər sonra Mir Cəlal müəllimlə birgə qayıtdılar. Sən demə, imtahanın vaxtını unudubmuş, güclü qar telefon xətlərini sıradan çıxardığından mənzildəki telefon da işləmirmiş. Mir Cəlal müəllim imtahan otağına keçdi, məni yanına çağırıb: “Bu gün assistentliyi sən edəcəksən” - dedi. Uşaqları siyahı üzrə çağırır, düşən suallara hazırlaşmaq üçün vaxt verirdik. O dəmdə: “Bu, necə oxuyur, əvvəlki imtahanlardan qiymətləri necədir?” - deyə soruşur, özündə qeydlər aparırdı. Tələbəni çox çətinə salmır, incitmirdi: “Bax ha, gərək elə edək ki, uşaqlar təqaüddən  qalmasınlar” - deyirdi. Onun imtahanından hamı yüksək qiymət aldı...

 

Mir Cəlal müəllimin xasiyyəti elə idi ki, ona razılıq bildirmək, təşəkkür etmək mümkün deyildi, o saat adamın qolundan tutub: “Başqa şey danış!” - deyirdi.

 

Güclü yumor hissinə malik idi. Üzündə, gözlərinin dərinliyində daim işıqlı, munis, nurlu bir təbəssüm olardı. Mənəvi cəhətdən saf, təmiz bir insan idi, tamah hissindən uzaq aza-çoxa qane olan,  gözü-könlü tox, təmiz bir ziyalı idi, Mir Cəlal müəllim.

 

Haşiyə: Biz idman dərslərini ya universitetin idman zalında (əsas binada), ya da “Fəxri xiyaban”ın arxasında yerləşən “Dinamo” İdman Cəmiyyətində keçirdik. Bir gün yenə idman dərsinə gedirdik. Axundov bağının qarşısında 5 nömrəli trolleybusa mindik. Adam az idi, qızlardan biri trolleybusa minən kimi: “A, Mir Cəlal müəllim burdadır” - dedi. Biz hamımız ona yaxınlaşdıq. Oturmağa yer olsa da, ayaq üstə üzü trolleybusun pəncərəsinə dayanmışdı: “Hamımız bir səslə: “Salam, Mir Cəlal müəllim!” - deyəndə yana döndü, salamlaşdı. Qızlar onu söhbətə tutmuşdular. Öyrəndik ki, universitetin əsas binasına gedir. Birdən gözü yanında dayanan qızlardan birinə sataşdı, özünəməxsus tərzdə gülümsəyə-gülümsəyə, qayğıkeşliklə onun qolundan tutub: “Pələng dərisi geyinmiş pəhləvan, yolunuz hayanadır?” - deyə soruşdu (Xatırladım ki, həmin qızın əynində pələng dərisi zolağında təbii kürk vardı). Qızların qəh-qəhəsi trolleybusu bürümüşdü. İçimizdən biri: “İdman dərsinə gedirik” - dedi. Başını razılıqla yelləyib: “Sağlam bədəndə sağlam ruh olar” - dedi. Növbəti dayanacaqda onunla sağollaşıb düşdük, yol boyu onun sözlərini yada salıb düşüncələrə dalırdıq...

 

Mir Cəlal müəllimi hamı sevirdi, xüsusən tələbələri. Ün yetməz, səs çatmaz bir uzaqlıqda qalan o xatirələr yada düşdükcə düşünürəm: Belə bir insanın müasiri həm tələbləri olduğumuz üçün qədər şanslı imişik. Biz o illərdə hər mühazirəsində Mir Cəlal müəllimi hiss etdik, şəxsiyyətinin xüsusiyyətlərini, xasiyyətinin çalarlarını daha yaxından gördük. Gördük sevdik. Mən bu yazını tamamlayarkən Xalq şairi Nəriman Həsənzadənin müəlliminə həsr etdiyi dramatik poemasını xatırladım: “Xəlvətdə yanan şam”. Bəli, o doğrudan da belə idi. Etdiyi yaxşılıqlara görə heç kəsdən heç ummayan Mir Cəlal müəllim xəlvətdə yanan şam kimi ətrafa nur saçırdı. O, bunu heç kəsin görməsini, duymasını istəmədən edirdi. Bax, budur sadəliyin müdrikliyi...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 25 aprel.- S.3.