Qubadlı Odlar diyarının qəhrəmanlıq qalasıdır

 

Vətənin hər yerində olduğu kimi, Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağlarla əhatə olunan Qubadlı torpağında da tarixin daş yaddaşları - abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Ulu babalar bu abidələri daha etibarlı tarix hesab etmişlər.

 

Qubadlı torpağının tarixi uludur. Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır.

 

Tarixin hər bir dövründə olduğu kimi, ötən yüzillikdə də Azərbaycanın başına çox müsibətlər gəldi. Elə bil ki, bu torpağın Babək, Koroğlu yurdu olduğu zalımların yadından çıxmışdı.

 

Zaman oğul istəyirdi. Koroğlu ürəkli, Babək qeyrətli, Cavanşir hünərli Azərbaycan oğulları Qırat misallı, Dürat misallı atlarının belinə qalxdılar. Hər biri zamanın tələbinə, xalqın çağırışına səs verdi: “Oğul mənəm!”. Azərbaycan oğulları hər tərəfdən axışıb Nəbinin dəstəsinə qoşuldular. 20 ildən çox bir müddətdə ədalətsiz quruluşa qarşı vuruşdular, xalqın qisasını aldılar.

 

Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar çayın sahilində yerləşir. Sovetlər dövründə, ermənilər tərəfindən işğal edilməmişdən öncə şəhərdə 62 idarə və müəssisə fəaliyyət göstərirdi. Burada həmin vaxtlar asfalt zavodu, inkubator-quşçuluq fabriki, daş karxanası, texniki-təchizat idarəsi, tikiş fabriki Azərbaycan “Neftazavtomat” təcrübə zavodunun filialı, mərmər sexi, pendir zavodu, üzümün ilkin emalı zavodu və digər istehsal xarakterli müəssisələr var idi.

 

Qubadlı şəhəri 1933-cü ildən rayon mərkəzi idi. Rayonun 94 kəndi var idi, sahəsi 802 kvadratmetr, əhalisi 1988-ci ilin məlumatına görə, 28 min nəfər olmuşdur.

 

İşğaldan əvvəl Qubadlının qəsəbə və kəndlərində onlarca yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmiş, səhiyyə və təhsil ocaqları yaradılmış, yeni məişət xidmət obyektləri istifadəyə verilmişdir.

 

Qayğı və diqqət nəticəsində rayonun Çərəli, Dondarlı, Mahruzlu, Muradxanlı, Balasoltanlı, Çardaxlı, Qaracallı, Göyərçin, Qayalı, Dəmirçilər, Tarovlu və digər kəndlərin siması başdan-başa dəyişilmiş, insanların həyat tərzi yaxşılaşmışdır.

 

Səngər dağının səfalı bir guşəsində cənnət misallı Armudlu bağında tikilən pansionat müasir görkəmi ilə diqqəti cəlb edirdi.

 

Qubadlı kənd təsərrüfatı rayonudur. Qeyd etmək lazımdır ki, Sovetlər dövründə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin qayğı və diqqəti sayəsində rayonda kənd təsərrüfatının inkişafına maksimum səy göstərilmiş, əkinçilik və heyvandarlıqda yüksək zirvələr fəth edilmiş, meliorasiya işləri genişləndirilmiş, yollar abadlaşdırılmış, bir sözlə, burada yaşayan bütün insanlar Qubadlının şöhrətini artırmaq üçün əməyin qulpundan möhkəm yapışmışlar. Qubadlı Vətənin hər günündə keçmiş əyyamlarda da, Böyük Vətən müharibəsi illərində də, dinc quruculuq vaxtlarında da həmişə ön cəbhələrdə getmiş, sınaqlardan alnıaçıq çıxmışdır, müharibə dövründə Qubadlıdan cəbhəyə gedən 3557 döyüşçüdən 1587-si doğma yurda qayıtmamışdır.

 

Əhalinin hər min nəfəri hesabı ilə alimlərin sayına görə Qubadlı respublikamızın rayonları arasında ilk yerlərdən birini tutur. Burada çox sayda tanınmış alimlər yetişdirilmişdir.

 

Qubadlının təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət qoruğu yaradılmışdır. Rayonda 13,2 min hektar meşə sahəsi vardır. Palıd, bu meşələrin arxası, alma, armud, fısdıq, əzgil, zoğal, yemişan min bir dərdin dərmanıdır. Dağ çayları, buz bulaqları, qara gözlü əriklər, xınalı kəkliklər, qırqovullar, turaclar bu məkana gələnlərin diqqətini cəlb edir. Qubadlı torpağında uca dağlardan Xan Araza qədər uzanıb gedən yerləri qarış-qarış gəzsən, uca dağlardan Yazıya, Göyənə qalxıb ucsuz-bucaqsız düzləri dolaşıb, seyr etsən, yalqız qayalara baxsan, özünü dünyanın ən bəxtəvər adamı hesab edərsən. Maral bulağının, Mir Məhəmməd bulağının, Bayram bulağının, Ceyran bulağının dişgöynədən şərbət sularından doymazsan. İlin yaz-yay fəsillərində Qubadlının Seytac, Dəmirçilər, Dondarlı, İşıqlı, Çaytutmas, Muradxanlı meşələrinin romantik mənzələrini seyr etməkdən zövq alarsan... Qubadlının insanları da təbiəti kimi saf və gözəldir, etibarlı və dəyanətlidir, söz, saz vurğunudur, musiqi pərəstişkarıdır.

 

Qubadlı tərəqqi, yüksəliş yolunda olduğu bir dövrdə-ötən əsrin 90-cı illərinin əvvəllərində faşist xislətli ermənilər Azərbaycan torpaqlarına göz tikdilər. Uydurma Qarabağ məsələsini ortaya atan daşnak quldurlar ermənipərəst Mixail Qorbaçovun himayəsindən istifadə edərək Azərbaycan ərazisinin 20 faizini işğal etdilər.

 

Birinci Qarabağ savaşında Qubadlının neçə-neçə cəsur igidləri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Qubadlının Sarıyataq kəndinin yetirməsi Kazımağa Kərimov Azərbaycanın jurnalistləri arasında ilk Milli Qəhrəman adını qazandı.

 

İşğaldan sonra qubadlılılar respublikamızın ayrı-ayrı şəhər və rayonlarında məcburi köçkün kimi yaşayır, doğma torpaqlarının işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdilər. Haqq-ədalət zəfər çaldı, nəhayət Qubadlının da işğalına son qoyuldu.

 

2020-ci il çoxəsrlik tariximizin ən parlaq səhifəsini-Zəfər Gününü yazdı. 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz azad olundu. “Qarabağ Azərbaycanındır!” çağırışının tam olaraq gerçəkləşdirilməsi tarixə şərəflə həkk olundu. Vətən müharibəsindəki parlaq qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın onun ətrafında dəmir yumruq tək birləşməsi sayəsində qazanıldı.

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsindən sonra dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri, həmin torpaqlarımızda yeni həyatın başlanması üçün biri-birindən əhəmiyyətli addımların atılması, Zəfər günümüzün təsis edilməsi barədə Sərəncamı, xalqa müraciətlərində böyük inamla qeyd etdiyi vədinə uyğun olaraq ölkəmizdə Qələbə paradının keçirilməsi ölkə Prezidentinin bu sevincimizi xalqımıza paylaşmaqla yanaşı, haqqın-ədalətin bərpasının dünyaya bir daha çatdırmaq istəyindən xəbər verir.

 

Bu gün işğaldan azad olunmuş rayonların sakini qürur hissi keçirir. Azərbaycanın əsgər və zabitlərini böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı şərəflə yerinə yetirdiklərinə görə ürəkdən alqışlayırlar.

 

Vətən müharibəsində, döyüş meydanında düşmənə Qubadlıda da sarsıdıcı zərbələr endirildi. 30 ilə yaxın düşmən tapdağında olan Qubadlı işğaldan azad edildi.

 

Etiraf etmək lazımdır ki, faişist xislətli, nankor, azğınlaşmış ermənilər Qubadlının bütün ərazisini xarabalığa döndərmiş, bir sözlə, hər yeri söküb dağıtmış və daşı-daş üstündə qoymamışlar. Bu qəddarlığa görə ermənilər cavab verəcək, gec-tez türk xalqlarının məngənəsində əziləcək, onların “böyük Ermənistan” “Dənizdən-dənizə” xülyaları heç vaxt reallaşmayacaqdır.

 

Qubadlılıların doğma yurda, hər qarışında ayaq izləri qalan qədim oğuz ellərinə qayıdacağı vaxt heçuzaqda deyildir. Çox tezliklə işğaldan azad olunmuş ərazilər yeniləşəcək, müasirləşəcək, Qubadlının tərəqqi, yüksəliş günləri başlayacaq, şairlər, igidlər məkanına ilhamlı şeirlər, bəstəkarlar ürəyəyatan nəğmələr, rəssamlar gözəl lövhələr həsr edəcəklər...

 

Qədir Aslan

 

Respublika.- 2021.- 18 fevral.- S.6.