İstedadla zəhmətin bəhrəsi

 

Müsahibimiz sənətşünaslıq doktoru professor Rafiq İMRANİdir

 

Sənətşünaslıq doktoru, professor Rafiq İmrani Azərbaycanda musiqi sənəti sahəsində 52 il iş stajı olan musiqiçidir. Onun Azərbaycan musiqi tarixinə həsr etdiyi və əlində çapa hazır olan bir neçə cilddə Azərbaycanın Musiqi Mədəniyyətinin dünyada təbliği üçün önəmli olan kitabları haqqında məlumat əldə etdikdən sonra bu qərara gəldik ki, onunla görüşüb qəzetimiz üçün müsahibə alaq.

 

Professor Rafiq İmrani tədqiqatçılıq fəaliyyəti ilə yanaşı, milli musiqi sənətinin qızğın təbliğatçısıdır. Oxucularımıza onun əsərləri və fəaliyyəti haqda qısa da olsa bildirmək istərdik ki, 26 ildir ki, o, Azərbaycan Jurnalistlər İttifaqının üzvü kimi ölkəmizdə və xaricdə, müxtəlif qəzet və jurnallarda çoxsaylı məqalələr dərc etdirmiş, AzTV-də, İctimai Televiziyada Muğam və Aşıq verilişlərinin müəllifi olmuşdur. O, həm də musiqişünas alim kimi Azərbaycan Muğam və Aşıq sənətini, Azərbaycan Musiqi tarixi haqqında Respublika, ümumittifaq və xarici ölkələrdə keçirilən Elmi konfranslarda, simpoziumlarda, Beynəlxalq konqreslərdə iştirak etməklə yanaşı, Türkiyədə Beynəlxalq tədbirlərin təşkilatçısı və sədri olmuşdur.

 

R.İmrani 2008-2011-ci illərdə respublikada “Nur” Ziyalılar Birliyinin sədri olmuşdur. O, Ziyalılar Birliyinin sədri kimi AMEA-nın sabiq prezidenti, akademik M.K.Kərimov, AMEA-nm vitse-prezidenti akademik Nailə Vəlixanlı və bir qrup alim və musiqi sənət adamları ilə birgə ulu öndər Heydər Əliyevin 85 illiyini Dərbənddə Dərbəndin rəhbərliyi və Dağıstanın millət vəkillərinin iştirakı ilə yüksək səviyyədə keçirmişdir.

 

Professor Rafiq İmrani musiqi sahəsində analoqu olmayan, orijinal və ilk dəfə olaraq yazılmış; “Azərbaycan Muğamlarının İnkişaf Tarixi” (B.Oğuz, 1994), “Azərbaycan Musiqi tarixi”(Ən qədim dövrlərdən bizim eraya qədər) (B.Elm,1997), “Muğam tarixi”(B.Elm, 1999), “Muğam Şumerdən başlayır” (B.Elm, 1999), “Muğam fəlsəfəsi” (Tehran-Təbriz. 2011), “Bəhram Mənsurov” (B.2000) rus dilində və sayı 10-dan çox olan başqa əsərləri ilə görkəmli musiqişünas alim kimi tanınmışdır.

 

1972-ci ildə A.Zeynallı adma Bakı Musiqi Məktəbini, 1977-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomları ilə bitirdikdən sonra Rafiq İmrani Azərbaycanın xalq artistləri S.Ələsgərov və Ramiz Mirişlinin dəvəti ilə 1979-cu ildə Ü.Hacıbəyli adma Bakı Musiqi Akademiyasında əmək fəaliyyətinə başlamışdır. Burada müəllim, dosent, professor vəzifələrində çalışmışdır. 2001-2004-cü illərdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, 2004-2013-cü illərdə AMEA-nm Folklor İnstitutunda şöbə müdiri vəzifələrində işləmişdir. Onun Azərbaycanın və Türk Dünyasının qədim Musiqi tarixi, Muğam və Aşıq sənəti kimi möhtəşəm sənət janrları haqqında orijinal tədqiqatları vardır. R.İmrani etnik mədəniyyətin, xüsusilə də musiqi mədəniyyətinin tarixinin öyrənilməsində yeni elmi sahənin “Etnomuzopsixologiya” elminin yaranmasının zəruriliyi haqqında Türkiyə elmi dairələrindəki çıxışları diqqətimizi çəkmişdir. Müsahibimizin Universitetlərin qış tətilində Azərbaycanda olmasını eşitdikdə onun fəaliyyətlərindəki yeniliklər haqqında məlumat alıb hörmətli oxucularımıza, musiqisevərlərimizə çatdırmaq məqsədi ilə onunla görüşüb bu müsahibəni verməyi xahiş etdik.

 

Rafiq İmraninin bəstəkarlıq yaradıcılığı da uğurlu olmuşdur. Onun təhsil illəri fakiltativ olaraq bəstəkarlıq sinifini bitirməsi, bu sahədə gərgin çalışması karına gəlmişdir. Onun “Doğma yurdum Türkiyə”, “Vətən sevdası” əsərləri Ankara Prezident Orkestrasına daxil edilmişdir. Xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Azərbaycan-Türkiyə”, mahnısı geniş yayılmışdır. Son illər bəstələdiyi əsərlər barədə Rafiq İmrani yazmışdı: “Sözləri və musiqisi mənə aid olan “Zəfər sənin, Azərbaycan-Türkiyə”, “Qarabağın dağları” mahnılarını, Mədinə Gülgünün “Amandır, qəlbimə toxunma, qatil” sözləri ilə başlayan qoşmasına bir romans yazmışdı. Musiqi sahəsində son bəstəm böyük Simfonik orkestr üçün Türkiyə Cümhuriyyətinin 100 illiyinə ithaf etdiyim “Simfonik poema” əsəridir”.

 

Azərbaycan xalqının mənəvi dəyərlərinin - Muğam və Aşıq sənətinin sorağında olan, ömrünü müqəddəs işə həsr edən - qayğıkeş müəllim, yorulmaz tədqiqatçı alim, istedadlı bəstəkar Rafiq İmraninin müsahibəsini qədirbilən oxuculara təqdim edirik.

 

 

 

–Rafiq müəllim, musiqi ictimaiyyəti Sizi görkəmli musiqişünas, araşdırıcı alim, nəzəriyyəçi kimi yaxşı tanıyır, mümkünsə oxucularımızla yaxından tanışlıq xatirinə həyatınızdan bir neçə kəlmə məlumat verəsiniz:

 

–Ulu babam Hacı İbrahimin nəsli İrəvan xanlığının mədəniyyət mərkəzi qədim İrəvan şəhərinin köklü sakinləri olmuşlar. Babam Hacı Bağırın övladları - atam Hüseyn, əmim Həsən və bibim Məşədi Səhnə İrəvanda Gimnaziyada, sonra isə İrəvan Pedaqoji Universitetində təhsil almışdılar. Əmim və atam görkəmli siyasi xadim Əziz Əliyevlə təhsil illərindən yaxın dost olmuşlar. Bizim bağımız İrəvanda Armudlu məhəlləsində Göy Məscidin arxasında yerləşirdi. Böyük bağımızın ortasından Zəngi çayı axırdı, yay payız ayları bu səfalı bağa atamın dostları - siyasi xadim Əziz Əliyev, akademik Mustafa Topçubaşov, İrəvanda tanınmış ziyalılar, Bağırovlar, Ələkbərovlar, İbrahimbəyovlar qonaq gələrdilər. 1923-30-cu illərdə atam Ermənistanda; Ləmbəlidə və digər məntəqələrdə müəllim, məktəb müdiri, Kalinino rayonunun İlməzli Kənd Sovetinin sədri və digər vəzifələrdə çalışmışdır.

 

1930-38-ci illərdə isə atam Hüseyn İbrahimov Naxçıvanda həm məktəbdə, həm də texnikumda müəllimlik edərkən onun şagird və tələbələri arasında ulu öndər Heydər Əliyev, görkəmli şairlər - İslam Səfərli və Adil Babayev, AMEA-nın müxbir üzvü Kərim Kərimov, əmim oğlu Bağır İbrahimov və başqaları olmuşdur. Ulu öndər Heydər Əliyev Naxçıvanın ziyalıları ilə görüşündə tələbəlik illərini xatırlayarkən demişdir ki, “Naxçıvanda oxuyarkən bizim müəllimimiz Hüseyn İbrahimov var idi, onu xatırlayıram”. Siyasi xadim Əziz Əliyev 1938-ci ildə atamla əmimi İrana işgüzar səfərə göndərmişdi. Onlar İranın Xoy şəhərinə, oradan da Təbriz şəhərində, Təbrizdə “21 Azər Nehzəti” Milli Azadlıq Hərəkatının lideri S.C.Pişəvəri ilə bir yerdə çalışaraq fədai olmuşlar. İrandan 1946-cı ildə geri döndükdən sonra bizim soyadımızda İmrani sözü ləqəb kimi işləndi. Buna görə də məni bəzən iranlı güman edirlər. Rəhmətlik qardaşım Sabir Hüseyn oğlu İbrahimov Naxçıvanda, bacılarım Təbrizdə, mən isə Bakıda anadan olmuşuq. Lakin soyadımızı təsdiq edən şəhadətnamədə İmrani də yazılmışdır. Mənim doğum şəhadətnaməmdə həm İmrani, həm də Bağırov soyadı vardır. Odur ki, deyə bilərəm ki, biz iranlı deyilik. Amma onu da demək istərdim ki, haralı olmağın o qədər də əhəmiyyəti yoxdur. Yetər ki, doğulduğun vətənə layiq övlad olasan. Azərbaycanın, Cənubi Azərbaycanının, Anadolunun və bütün Turan dünyasının hər qarış torpağı bizim vətəndir. Çünki bizlərin qədim soykökümüz Oğuzlara, Kumanlara (Qıpçaqlar), Qutilərə, Lulubəylərə, Turukulara, Kimmerlərə və başqa Türk boylarına, nəhayət Ön Türklərə dayanır. Odur ki, harada doğulmağımızdan asılı olmayaraq biz Türk oğlu Türkük.

 

–Rafiq müəllim, musiqi sənətinə vurğunluğunuz, doğmalığmız necə yaranıb? Siz ömrünüzü musiqi sənətinin öyrənilməsinə həsr edirsiniz. Ailənizdə musiqiçi olubmu?

 

–Xeyr! Ailəmizdə və nəslimizdə musiqiçi olmayıb. Mən isə evdə tar aləti olduğu üçün hərdən onu əlimə götürüb nəsə səsləndirərdim. Musiqiyə olan həvəsimə görə Bakıda 1963-cü ildə 16 saylı musiqi məktəbinə kamança sinfinə getdim.

 

Musiqi məktəbinin 3-cü sinfində artıq skripka üçün yazılmış konsert və digər əsərləri çalırdım. Elə o vaxtdan da ilk musiqi əsərlərimi bir səsli şəkildə kamança üçün yazmışdım. Musiqiyə və xüsusən də klassik musiqi və muğamlara olan böyük marağım məni 1968-ci ildə A.Zeynallı adma Musiqi Məktəbinə gətirdi. Orada həm kamança ifaçılığmı təkmilləşdirdim, həm də fakültativ olaraq bəstəkarlıq və musiqi nəzəriyyəsi sinfində dərslərə girirdim. 1972-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi oldum. Mən 1969-cu ildən başlayaraq musiqiçi kimi mahnı rəqs ansamblında kamança ifaçısı kimi fəaliyyətə başladım. Sonrası da tələbə ikən həm ifaçılıqla Ə.Bakıxanov adma Radio və Televiziya Komitəsi xalq çalğı alətləri ansamblında, həm də Bakıda 6 saylı və 23 saylı musiqi məktəblərində dərs demişəm. Xalq Çalğı alətləri ansamblında Azərbaycanın görkəmli sənətkarlarını əksər xanəndələrimizi müşayiət etmişik. Azərbaycan üçlüyü (tar, kamança, xanəndə-dəf) tərkibində xalq artisti Həbib Bayramovla birlikdə xalq artistləri; Əbülfət Əliyevi, Tükəzban xanım İsmayılovam, Rübabə xanım Muradovanı və başqalarını müşayiət etmişik.

 

Muğamlara və muğam nəzəriyyəsinə olan böyük marağım, Azərbaycanın muğam ifaçılıq sənətinin korifeyləri olan Əhmədxan Bakıxanov, Bəhram Mansurov, Əhsən Dadaşov və digər sənətkarlarımız ilə tanışlıq və 1977-ci ildən etibarən görkəmli muğam sənətkarlarımız ilə A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbində həm ixtisas, həm də muğamlardan dərs verməyim məni muğamların tədqiqatına yönəltdi. Həmçinin bizim dövrümüzdə Azərbaycan “Musiqi Tarixi” olmadığına görə bu sahələrdə tədqiqatlar aparmaq istəyimi gücləndirdi.

 

Hələ 1976-cı ildə tələbə ikən hamı tar alətinin tarixinin XIX əsrlə, Sadıqcanm tarın rekonstruksiyası və ifaçılığa gətirdiyi yeniliklərlə bağlı olduğunu iddia edərkən mən Baba Tahir Üryanın fars dilində olan divanı əsasında elmdə ilk dəfə olaraq tar alətinin tarixinin X yüzilliklə bağlı olmasını yazdım. Daha sonra isə tarix, ədəbiyyat, musiqi sahələrində nəzəri bilgilərimi artırmaq üçün elmin bu sahələrini xüsusi olaraq öyrənirdim. Mütaliyəmi artırmaq üçün muğam, musiqi tarixi sahələrində olan ədəbiyyatları incəliyərək toplayırdım. Xoşbəxtlikdən o dövrün görkəmli sənətkarları, muğam sənəti korifeyləri və görkəmli bəstəkarlardan dərs almaq bizə nəsib olduğu üçün çox şanslı idim. Konservatoriya tələbəsi kimi mən həm öz fakültəmizdə, həm də musiqi tarixi və nəzəriyyəsi fakültəsində fakültativ olaraq dərslərə girirdim. 1980-ci ildən etibarən isə elmi fəaliyyətə tam ciddiyyətlə başladım və etiraf edim ki, 1980-ci illərdə Moskva Dövlət Konservatoriyasının, Özbəkistanın, Qazaxıstanın alimləri ilə olan mütəmadi təmaslar mənim sonrakı elmi fəaliyyətimə çox müsbət təsir göstərdi.

 

Elmə gəlməyimin səbəbi isə dahi bəstəkarımız Ü.Hacıbəyovun tələbəsi və davamçısı olan Azərbaycan xalq musiqisinin nəzəri əsaslarından dərs deyən hörmətli müəllimimiz professor Məmmədsaleh İsmayılovla olan söhbətlərin təsiri ilə bağlıdır. Mən muğamların, dəstgahların ifaçısı olduğuma görə keçilən dərslərdə oxuduğumuz kitablarda milli musiqi ladlarındakı səs tonları ilə praktikada ifa etdiyimiz səs tonları arasında uyğunsuzluqları görəndə həmişə çoxsaylı suallarla müəllimimizə müraciət edərdim. Rektorumuz prof. Elmira xanım Abbasova ilə olan söhbətlərdə niyə bizim musiqi tariximizin qədim dövrləri haqda kitablarımız yoxdur sualını verəndə o deyərdi ki, bunu yazmaq çox çətin məsələdir. O zaman 3-cildlik qalın “Rus Musiqi Tarixi” kitabını gördükdə fikirləşirdim ki, bizim “Musiqi Tariximiz” yazılarsa, o ən azı 10 cild ola bilər. Bu fikri Elmira xanımla bölüşəndə dedi ki, bunu yaza bilən olsa, musiqi tariximizə böyük xidmət etmiş olar.

 

1980-ci ildən başlayaraq elmi fəaliyyətimi cəsarət edib musiqi sənətinin çox çətin sahəsi olan Muğam janrının tarixi və elmi əsaslarının öyrənilməsi istiqamətinə yönəltdim. Daha sonra isə daha qədim olan Aşıq sənətimizinin və musiqi folklorunun tarixi, elmi-nəzəri əsasları üzərində tədqiqatlar apardım. Çətinlik onda idi ki, Muğam janrı Şərq xalqlarının milli ənənələrində klassik musiqi statusunu qazanmış musiqi janrı idi. Ərəblər onu Ərəb, farslar Fars, özbəklər Özbək, taciklər Tacik, hindlilər Hind, uyğurlar Uyğur, türklər Türk, hətta ermənilər “muğamları orta əsr erməni monodik musiqi” adlandıraraq onu erməni milli ənənəsinə aid musiqi janrı olması iddiasında idilər. Bircə bizim bir çox musiqiçilərimiz və musiqişünaslarımız bu unikal sənət janrının bizə ərəblərdən-farslardan gəldiyini söyləyirdilər. Belə bir zamanda Xalq artistləri kimi tanınan sənətkarlarımızın və bir sıra professorların fikrini dəyişib muğamların Azərbaycana məxsus olmasını söyləmək üçün ğüclü elmi arqumentlər ortaya çıxarmaq lazım idi. Çünki hər bir tanınmış muğam ifaçısı, musiqişünası öz bilik səviyyəsinə güvənərək onun muğamlar haqqında fikirlərinin aksiom olması qənaətində idilər. Ona görə mən sənətşünaslıq namizədi mövzumu “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəhram Mənsurovun rolu və əhəmiyyəti”, sənətşünaslıq doktoru mövzumu “Azərbaycan muğamlarının tarixi və elmi-nəzəri əsasları” adında götürdüm. Onu da qeyd edək ki, doktorluq dissertasiyasının adını elmi mövzu kimi götürülməsinə bir cox “alimlər” qısqanclıq göstərdi, mənə mane oldular və yazdığım dissertasiyaya qarşı heç bir elmi arqument göstərmədən böyük kampaniya apardılar. Buna baxmayaraq, istəyimizə nail olduq.

 

Muğamların tarixini yazmaq üçün bir çox elm sahələrini, xarici dilləri bilmək gərək idi.

 

Şərq xalqlarının tarixini, musiqi mədəniyyətini, etnopsixologiyanı, fars, türk, ərəb, ingilis, alman və fransız dillərini və s. elm sahələrini bilmək zəruri idi. Rus dilini səlis öyrəndikdən sonra fransız, ingilis və alman dillərində oxuyub, lüğətlə tərcümələrə başladım. Beləliklə də 35 il ərzində gələcək tədqiqatlarım üçün lazım ola biləcək materialları topladım. İndi sevinirəm ki, muğamların, aşıq musiqisinin, Türk xalqlarının, Azərbaycanın musiqi tarixi və nəzəriyyəsi ilə bağlı çox zəngin kitabxanam var. Əmək fəaliyyətimin sonunda bütün boş vaxtlarımda elmi əsərlərim üzərində çalışıram. Etiraf edim ki, artıq bir neçə cild hazır vəziyyətdədir.

 

–Belə anlaşılır ki, Muğam aləmi nə qədər tədqiq olunubsa, sirri açılmamışdır. Muğam Olimpi zirvəsinə qalxmaq niyyəti ilə Siz hansı tədbiri görmək istəyirsiniz?

 

Müsahibimiz bu sualı eşidəndə gülümsədi, düşüncəli, ciddi tonla dedi - doğurdan da muğam sehrlidir. Sirri tam açılmamışdır.

 

–Mən məsuliyyətli, ağır yol seçməyimin fərqindəyəm. Bu sevdaya düşməyimdə məqsədim xalqımın müqəddəs elm məbədinə onun haqqını- Azərbaycan muğamının abidəsini yaratmaqdır. Muğamın üstündəki “görünməz”, mübhəm örtüyü götürəm ki, Muğamın sirrini öyrənəm, öz dilində dindirəm, ta ki, qədimdən bəri əcdadlarımızın məşəqqətli həyatını, mübarizə dolu qəhrəmanlıq dastanını aça, bəşəriyyəti heyrətdə qoya.

 

Bu yaşdan sonra Allah qismət etsə “12 cildlik Azərbaycan Musiqi Tarixi” seriyasında kitabları oxucularımıza təqdim edəcəyəm inşallah!..

 

1. “İnsan və Musiqi Fəlsəfəsi” əsəridir. Bu kitabda İnsan fəlsəfəsi və onun yaratmış olduğu musiqi və musiqinin fəlsəfi aspektləri öz əksini tapacaqdır. Məlumdur ki, musiqi tarixi, insanın həyatda var olması dövrü ilə bağlıdır. Ona görə də insan fəlsəfəsi və onun yaratmış olduğu musiqi fəlsəfəsi paralel olaraq öyrənilir. Həm də insan fəlsəfəsindən yazan filosoflar insanı ümumi bir fərd kimi götürüb yazırlar. Fikrimizcə, bu yanlışdır. Çünki Şərq insanı ilə Qərb, Afrika ilə, uzaq Asiya insanı və onun təbiəti, psixologiyası, mədəniyyəti arasında çoxlu fərqlər vardır. Bunların hamısı nəzərə alınaraq yazılmalıdır.

 

2. “Azərbaycan Musiqi Tarixi” (Ən qədim dövrlərdən XX əsrə qədər). Bu əsərdə Azərbaycan musiqi mədəniyyətinin Azərbaycan elmində yazılmamış çox qədim dövrləri öz əksini tapmalıdır. Azərbaycan mədəniyyətinin Ön Türk mədəniyyəti ilə bağlılıq məsələlərinə də aydınlıq gətirilməlidir. Azərbaycanda daha qədim, ilk dövlətçilik quruluşunun olması ənənələrinə və o dövrlərdə musiqi mədəniyyətinin inkişaf səviyyəsinə də aydınlıq gətirilməlidir.

 

3. “Azərbaycan Xalq Musiqisinin Nəzəri Əsasları”. Dahi bəstəkarımız Ü.Hacıbəylinin əbədi xatirəsinə ithaf olunan bu əsərdə Azərbaycan xalq musiqisinin və muğamların həm diatonik, həm pentatonik, həm də enharmonik səs sisteminin elmdə ilk dəfə olaraq lad nəzəriyyəsini işləyib oxucularımıza çatdırılacaqdır.

 

4. “Muğam-Makam Tarixi” yeni redaksiyada genişləndirilmiş variantda təqdim olunacaq. Oxucularımızın və muğam sevərlərimizin bu zamana kimi duymadıqları muğam adları ilə onları tanış edəcəyik. Müqayisə olaraq Azərbaycan muğamlarını Əl-İraq, Misir, Əlcəzair, Türk makamları, Uyğur, Orta Asiya, Hind raqası, mukam-makom və makamları ilə müqayisəli şəkildə tanış etmək nəzərdə tutulmuşdur.

 

5. “Muğam Fəlsəfəsi” əsərində Azərbaycanda ilk not yazısının b.e.ə. dövrə təsadüf etdiyini, orta əsrlərdə 7 musiqi janrının melodiyasının bərpasını yeni elmi metodla həyata keçirilməsinin mümkünlüyünü, muğamların Qanunlarından irəli gələn müddəalar əsasında inkişafını və s. başqa məsələlər əksini tapacaqdır.

 

6. “Aşıq Sənəti Tarixi” əsərində Aşıq musiqisinin tarixinin b.e. ə. XII-X minilliyə və Sumer dövrünə dayandığı faktları qədim şəkillər, elmi sənədlər əsasında veriləcəkdir. Saz musiqi alətinin pərdəquruluşu əsasında musiqişünaslıqda ilk dəfə olaraq Sumer dönəmində Azərbaycan musiqi ladları, onların Sumer dilində olan adları əksini tapacaqdır.

 

7. Aşıq -Təsəvvüf Fəlsəfəsi” əsərində aşıq sənətinin fəlsəfi aspektləri, Təsəvvüf fəlsəfəsi yer alacaqdır.

 

8. “Azərbaycan İnstrumental Musiqi Tarixi” əsərində ən qədim dövrlərdən müasir dövrümüzə qədər ümumi sayı 190 olan milli musiqi alətlərimiz haqqında məlumat verilir. Musiqi alətlərimizin etimologiyası verilərkən onların Türk dilinə əsaslanması, o cümlədən Türk dünyasına bağlılığı elmdə ilk dəfə olaraq əksini tapacadır.

 

Muğamsevərlərə ilk dəfə olaraq 3 cilddən ibarət olan “Muğam-Makam Ensiklopediyası” kitabı təqdim olunacaqdır. Bu cildlərdə muğam sənəti ilə bağlı istənilən məlumatları, muğam adlarının etimologiyasını, not nümunələrini, audio lent yazılarını əldə etmək mümkün olacaqdır. Ensiklopediyanın aşağıdaki kimi çap olunması nəzərdə tutulub.

 

9. “Muğam Ensiklopediyası I cild”

 

10. “Muğam Ensiklopediyası II cild”

 

11. “Muğam Ensiklopediyası III cild”

 

12. “Türk Dünyası Aşıq Ensiklopediyası”. Bu kitabda Azərbaycan, İran, Qaraqalpaq (Qarapapaq), Qərbi Azərbaycan (İrəvan), Türkiyə aşıqları haqqında toplanmış materiallar veriləcəkdir.

 

Əsərlər coğrafi məkanından asılı olmayaraq Bütöv Azərbaycan mədəni irsini və nailiyyətlərini əks etdirir. Müqayisə üçün qeyd edək ki, muğam, aşıq sənəti və diğər xalq yaradıcılığı nümunələri Azərbaycan Respublikasında olduğu kimi, İran Azərbaycanında da, Gürcüstanda da, vaxtı ilə İrəvan xanlığı (indiki Ermənistan), Dərbəntdə də eyni şəkildə ifa olunub. Anadolu bölgəsində yaşayan soydaşlarımız aşıq sənətini musiqi folkloru nümunələrini və s. eyni ilə hifs edib bir qədər fərqli interpretasiyalarda ifa edirlər. Yəni eyni milli mədəniyyət daşıyıcıları prinsipcə yaşadıqları coğrafi ərazidən asılı olmayaraq eyni, Azərbaycan etnik mədəniyyətini yaşadırlar. Bu baxımdan Azərbaycan musiqi tarixi Oğuzların, Kumanların və s. Azərbaycanın qədim etnik mədəniyyətini yaşadan Türk etnoslarının yaşadığı ərazilər üzrə araşdırılacaqdır.

 

Musiqi tarixinə gəldikdə isə Azərbaycan ərazilərində, Xocavənd rayonunda tapılan ilk insan çənə sümüyü dövründən başlayaraq musiqi tariximiz haqqında məlumatlar verilir və ilk yallı-halay rəqslərimizin tarixinin m.ö. XII minillikdən yox, daha qədin və m.ö. 40-30 min il əvvəl yaşamış əcdadlarımız olan prtototürk soyumuzdan gəldiyi elmi əsaslara söykənən faktlarla göstəriləcəkdir.

 

 Respublika.- 2021.- 21 fevral.- S.3.