İstanbul: Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi

 

Bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 29 il ötür. Dünyanın bütün ölkələrində faciənin qurbanları ehtiramla yad edilir, fotosərgilər, konfranslar və Xocalıya ədalət! beynəlxalq kampaniyası çərçivəsində silsilə tədbirlərlə anılır. Türkiyə də Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad edən dövlətlərdən biridir. İstanbulun ən mərkəzi hissəsi olan İstiqlal prospektində yerləşən Qalatasaray Meydanında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan fotosərgi ölkəmizin İstanbuldakı Baş konsulluğu və İstanbulun Beyoğlu Bələdiyyəsinin birgə təşkilatçılığı və təşəbbüsü əsasında təşkil olunub. Tədbirdə ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, Beyoğlu Bələdiyyəsinin sədri Haydar Ali Yıldız, diplomatik korpusun nümayəndələri, dövlət qurumlarının və bələdiyyənin əməkdaşları, siyasi partiyaların rayon üzrə sədrləri, KİV nümayəndələri, eləcə də şəhər sakinləri və qonaqlar iştirak ediblər.

 

Sərginin açılışında çıxış edən Baş konsul Nərminə Mustafayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyi ilə Xocalı sakinlərinə qarşı törətdikləri dəhşətli soyqırımı haqqında danışıb, bu qanlı və kütləvi qırğını insanlığa sığmayan misli görünməmiş cinayət adlandırıb. Baş konsul bildirib ki, illər ötsə də, Azərbaycan xalqı bu faciədə, eləcə də Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızı heç vaxt unutmayacaq. Qırx dörd günlük Vətən müharibəsi nəticəsində tarixi Azərbaycan torpaqlarının uzun illər davam edən işğaldan azad olunduğunu vurğulayan N.Mustafayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və şəhidlərimizin qanı bahasına qazanılan Zəfərin bütün azərbaycanlıları qəlbən, şəhidlərimizin isə ruhunu şad etdiyini bildirib.

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalı, beynəlxalq təşkilatlar, dünya dövlətləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi Xocalı və bu kimi soyqırımı hadisələrinə beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, insanlığa, ümumbəşəri dəyərlərə və humanizmə , eləcə də türk dünyasına qarşı törədilmiş bir cinayətdir. Xocalı kimi dəhşətli bir soyqırımı aktını törətdiklərinə baxmayaraq, Türkiyəyə qarşı əsassız soyqırımı iddiaları irəli sürən ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim edirlər.

 

Xocalı soyqırımını ermənilərin tarix boyu törətdikləri ən böyük vəhşiliklərdən biri kimi dəyərləndirən çıxışçılar əsrlər boyu ermənilərin türk millətinə qarşı düşmən münasibətində olduqlarını qeyd ediblər. Bildirilib ki, Xocalıda baş vermiş qətliam məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilib.

 

Sərgidə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolar nümayiş olunub. Bu fotoşəkillər o gecənin dəhşətləri ilə bağlı əyani təsəvvür yaradır.

 

Tədbirin sonunda İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin şagirdləri Xocalı soyqırımına həsr edilmiş şeirlər səsləndiriblər.

 

 

Esmira Yazkan ASLANOVA

 

Respublika.- 2021.- 28 fevral.- S.3.