İçməli su təchizatı layihələri dövlətimizin həyata keçirdiyi uğurlu sosial siyasətin məntiqi nəticəsidir

 

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

 

Tarix boyu insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir” sözləri də insan amilinə verilən önəmin təcəssümüdür.

 

Təbiətin əvəzsiz nemətlərindən sayılan sudan səmərəli istifadə şirin su ehtiyatlarının məhdud olduğu Azərbaycanda bütün dövrlərdə aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü isə XIX əsrin sonu, XX əsrin əvvəllərinə təsadüf edir. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda Şollar-Bakı su kəməri çəkilib və 1917-ci ildə istismara verilib. Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb. Bütün bunlar su təsərrüfatı tariximizin ilk böyük layihələri kimi tarixə düşüb.

 

Bu sahədə qazanılmış təcrübədən istifadə edilməklə Xaçmazdan Bakıya çəkilmiş ikinci kəmər 1958-ci ildə istismara verilib. Abşeron yarımadasında sənayenin sürətli inkişafı və əhalinin artımı nəticəsində içməli suya artan tələbatı ödəmək üçün 1961-ci ildə Ceyranbatan Sutəmizləyici Qurğuları işə salınıb.

 

Azərbaycanın içməli sukanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihələr sürətlə böyüyən və inkişaf edən Bakının içməli su ilə təchizatında həyati əhəmiyyət kəsb edib.

 

1970-80-ci illərdə ulu öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutanBöyük kanalizasiya” layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

 

Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində içməli və tullantı su sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə ulu öndərin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.

 

Müstəqilliyin ilk illərindən əhalinin içməli su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə 88,7 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə KürCeyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.

 

2003-cü ilin oktyabrında İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirdi. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıldı. Dövlət başçısının “Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı.

 

Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırdığından şəhərə yeni mənbədən suyun gətirilməsi aktuallaşdı. Vaxtilə “Bakıya bol-bol su gətirəcəyik” deyən ümummilli lider Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmişbu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu öndərin ideya müəllifi olduğu həmin layihə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Dövlət Neft Fondundan maliyyələşdirilən layihə çərçivəsində Oğuz rayonu ərazisində məhsuldarlığı saniyədə 5 kubmetr olan mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkildi. Tikintisinin böyük bir hissəsi mürəkkəb relyefdə aparılan kəmər 2010-cu ilin dekabrında istismara verildi. Bununla da, Bakı şəhərinin əksər ərazilərinin su təchizatında sabitlik təmin edildi, bəzi yerlərdə isə fasiləsiz rejimlərə keçirildi.

 

Bununla belə, sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təchiz etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. Abşeron yarımadasındakı qəsəbə və kəndlərdə mərkəzləşdirlmiş su şəbəkələrinin yaradılması ilə suya olan tələbatın artması, əhalinin keyfiyyətli su ilə təmin edilməsi, magistral kəmərlərdə qəzalar zamanı su təchizatında problemlərin yaranmaması məqsədilə su mənbələrinin əlaqələndirilməsi nəzərə alınmaqla Bakı şəhərinə yaxın yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur”.

 

2020-ci il martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min kubmetrya saniyədə 1,6 kubmetr olan bu qurğu 450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb. Bu yaşayış məntəqələrini içməli su ilə təchiz etmək məqsədilə qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə 16,5 km uzunluğunda magistral su kəmərləri çəkilərək şəhərlərə suyun verilməsi təmin edilib.

 

Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Lənkəran, Mingəçevir, Quba, QobustanAğstafa sutəmizləyici qurğuları istismara verilib.

 

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə 182 km uzunluğunda 4 magistral kəmər çəkilib. Hazırda bu şəhərlər və magistral kəmərlərə yaxın yerləşən 50-dən artıq kənd Külüllü mənbəyi hesabına keyfiyyətli içməli su ilə təmin olunur.

 

Ötən dövrdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli su mənbəyi yaradılıb. Quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Tovuz, Gədəbəy, Şamaxı və Lerik şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra edilib.

 

Yaranmış su çatışmazlığının və perspektivdə gözlənilən risklərin aradan qaldırılması məqsədilə zəruri tədbirlərin icrasına başlanıldı. Bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən xüsusi Komissiya yaradıldı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda su təsərrüfatının vəziyyətinə həsr olunmuş geniş müşavirə keçirilib, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı təsdiqlənib.

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq sukanalizasiya layihələrinin icrasına başlanılmış 54 şəhər və rayon mərkəzinin 32-də içməli su və tullantı su, 12-də isə içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

 

Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 500 min nəfər olan 1126 kəndin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər də görülüb. Prezident İlham Əliyevin 2017 və 2018-ci illərdə imzaladığı sərəncamlar, həmçinin dövlət investisiya proqramları çərçivəsində son 4 ildə 254 kənddə içməli su layihələri icra olunub. Bununla da 400 min kənd sakininin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra həyati əhəmiyyət daşıyan su təchizatının bərpasına başlandı. Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra “Azərsu” ASC-nin mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başladı. Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə bərpa edildi və noyabrın 25-də Şuşaya suyun verilişi bərpa edildi.

 

Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq bir mənbədən asılılığı aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 km uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa edilərək dekabrın 20-dən alternativ mənbə olaraq Zarıslıdan suyun verilişi təmin edildi. Eyni zamanda, relyef baxımından yüksəklikdə yerləşən ərazilərin su təminatının aparılması məqsədilə şəhərin əsas su anbarında generator, nasos, eləcə də hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu quraşıdırldı.

 

Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Proqramı hazırlanıb və icrasına başlanılıb. Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq. Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq. Bu tədbirlər çərçivəsində ilkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb.

 

Şuşa şəhəri ilə yanaşı, işğaldan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilan rayonlarında xidmət aparan heyətin yerləşdiyi bina və tikililərin, sərhəd zastavalarının su təminatı ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

 

Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə Abşeron yarımadasının su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üzrə Master Plan hazırlanıb və layihələr bu sənədin tələblərinə uyğun icra edilir. Master Planın əsas layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, həmçinin kəmərin marşrutu boyunca yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təminatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Pirallahı, Dübəndi, Gürgan, Türkan, Zirə, Qala, Mərdəkan, Şüvəlan və Şağan qəsəbələri, həmçinin Binəqədi, Sabunçu və Suraxanı rayonlarının digər yaşayış məntəqələri dayanıqlı içməli su ilə təchiz edilib.

 

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr olan +118Abşeron” və +82 “Masazır” su anbarları tikilib. Layihə çərçivəsində Xırdalan şəhərində 167 km içməli su və 83 km kanalizasiya şəbəkəsi yaradılaraq abonentlərin yeni şəbəkələrə qoşulması təmin edilib. Şəhərdə yağış və tullantı sularının optimal idarə olunması məqsədilə 1 və 26 saylı kanalizasiya nasos stansiyalarının ərazisində yeni nasos stansiyaları inşa edilib, 26 saylı nasos stansiyasından Binəqədi kollektoruna qədər 1200 mm diametrli borularla 4 km uzunluğunda təzyiqli kollektor tikilib.

 

2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemlərinin “Azərsu” ASC-nin balansına verilməsindən sonra 6000-dək binanın içməli su, 3000-dən çox binanın zirzəmisindəki kanalizasiya xətləri yenilənib.

 

Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun tikintisi yekunlaşıb. Qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib. Eyni zamanda, Zabrat-Kürdəxanı-Pirşağı istiqamətində yaranan tullantı sularının təmizləyici qurğuya axıdılması məqsədi ilə kollektorun tikintisinə başlanılıb.

 

Azərbaycanda ilk dəfə innovativ texnologiyalardan istifadə edilməklə tunel tipli kanalizasiya kollektorlarının tikintisi həyata keçirilir. Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Zığ-Hövsan, Novxanı-Sumqayıt kollektorları kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına və Xəzər dənizinə təmizlənmədən axıdılan tullantı sularının qarşısının alınmasına hesablanıb. 14 km uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 km-lik Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının istismara verilməsi, eləcə də Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə dənizə axıdılan tullantı sularının qarşısını alıb.

 

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 260-dan çox su anbarı və anbar kompleksi, 22 min km-dək magistral və paylayıcı su, 6000 km-dən artıq kanalizasiya xətləri, 21 tullantı sutəmizləyici qurğu, 120-dən çox sukanalizasiya nasos stansiyası tikilib, 357 arteziansubartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində abonentlərin sayı 700 min artaraq 1 milyon 630 minə çatıb.

 

2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 81,6 faizə, ölkə üzrə isə 70,5 faizə qalxıb.

 

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 118-ə, nümunə sayı 7 mindən 74 minə, monitorinq nöqtələrinin sayı isə 94-dən 4270-ə çatdırılıb.

 

Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə edilməklə respublikada 9 regional laboratoriya yaradılıb. Regional laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq mümkündür.

 

Azərsu” ASC- informasiya kommunikasiya texnologiyalarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması, yeni elektron xidmətlərin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

 

Bir neçə ildir uğurla tətbiq olunanAzersuGİScoğrafi informasiya sistemi istehsalatda müsbət nəticələr verməkdədir.Azərsu” ASC- aid bütün yeraltı yerüstü infrastruktur məlumatlarının toplandığı bu sistemə indiyə qədər 20200 km su, 9500 km tullantı yağış su xətləri, 12 minədək qurğu kompleks, 515 min bina tikili, 19 min km yol məlumatları daxil edilib.

 

Vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması, müraciətlərin asanlaşdırılması, göstərilən xidmətlərdə operativliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni Elektron Su Portalı (e-su.az) yaradılıb.Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Prezident fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən elektron xidmətlərdən istifadə imkanları genişləndirilib. Hazırda 19 adda elektron xidmət vətəndaşların istifadəsindədir.

 

İnsan resurslarından səmərəli istifa

 

də məqsədilə kompleks tədbirlər həyata keçirilir. Hövsan Aerasiya Stansiyasının ərazisində yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Mütəxəssislərin praktiki biliklərinin artırılması məqsədilə burda təcrübə poliqonu inşa edilib.

 

44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında “Azərsu” ASC-nin kollektivinin də payı olub. Müharibənin ilk günlərindən kollektivin 200-dən çox əməkdaşı könüllü olaraq cəbhəyə yollandı və onlardan 3-ü qəhrəmancasına şəhid oldu, 20 nəfər yaralandı. Eyni zamanda, kollektivin 20 əməkdaşının ailə üzvü şəhidlik zirvəsinə ucaldı.

 

Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Qarşıda işğaldan azad olunmuş ərazilərimizdə su təchizatı sistemlərinin bərpası kimi müqəddəs missiya dayanır. “Azərsu” ASC-nin çoxminli kollektivi su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bundan sonra da əzmlə çalışacaqdır.

 

Respublika.- 2021.- 4 iyun.- S.4.