Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər

 

 

BMU

 

Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası BMU İlk Ərazi Təşkilatının birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdiyini elan etsə də, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran, daxilixarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti ölkənin varlığını sual altına qoymuşdu.

 

Havar Məmmədov bildirib ki, məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi və xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə ölkə Prezidenti seçildi. Bundan sonra ümummilli liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı qətiyyətlə alındı, Ermənistanla atəşkəsə nail olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, liberal iqtisadiyyatın formalaşdırılmasına başlanıldı, yeni neft strategiyası reallaşdırıldı. Heydər Əliyev siyasətinin ötən illər ərzində Prezident cənab İlham Əliyev tərəfindən bütün sferalarda yeni dövrün çağırışlarına uyğun davam etdirildiyini, hər sahədə böyük uğurlar qazanıldığını bildirən Havar Məmmədov, ötən il ulu öndərin daha bir vəsiyyətinin həyata keçdiyini, əzəli torpağımız olan Qarabağın 44 günlük müharibə nəticəsində düşmən tapdağından azad edildiyini xüsusi vurğulayıb.

 

Millət vəkili, professor Anar İsgəndərov ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda baş verən hadisələri və faktları xronoloji ardıcıllıqla vurğulayıb. O, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdəki böyük xidmətlərindən və uğurlarından geniş bəhs edib.

 

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətindən, eyni zamanda Azərbaycanın müstəqillik qazanması və inkişafı uğrunda gördüyü işlərdən danışıb.

 

BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsi.

 

İmişli

 

İmişlidə Milli Qurtuluş Günü münasibətilə rayonun Mədəniyyət mərkəzində tədbir keçirildi. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri, rayon ictimaiyyəti və sakinlər iştirak etdilər.

 

İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər gül dəstələri qoyuldu. Mədəniyyət mərkəzinin önündəki rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. Tədbirdə icra başçısı Elçin Rzayev cəmiyyətin bütün təbəqələrinin nümayəndələri tərəfindən müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününün fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edildiyini bildirdi. Rayon rəhbəri qeyd etdi ki, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Tədbirin bədii hissəsində Heydər Əliyevin keçdiyi mənalı ömür yolunu əks etdirən tamaşa təqdim olundu. Tədbir zamanı həmçinin musiqilər də səsləndirildi və rəqs ifa edildi. Qurtuluş Günü münasibətilə hazırlanan bədii proqram iştirakçılar tərəfindən böyük maraqla izlənilib.

 

 

 

Biləsuvar

 

15 iyun 2021-ci il tarixdə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Azərbaycan xalqının tarixində ən möhtəşəm və tarixi əhəmiyyətli günlərdən biri 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.

 

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad etdilər. Sonra ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərə baxıb, sənədli filmə tamaşa etdilər.

 

Bildirildi ki, ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi idi. Həmin dövr çox ziddiyyətli və təhlükəli idi. Azərbaycan müstəqilliyini demək olar ki, yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkə əslində idarə olunmurdu.

 

Hər bir xalqın ən çətin günündə üz çevirdiyi, özünə arxa-dayaq hesab etdiyi lideri olur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir, onlar xalqın inam və etimadlarını reallaşdırmağa nail olurlar. Çünki liderlik, məhz lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır. Azərbaycan xalqının da belə çətin məqamlarda ümid bəslədiyi, xilaskar rolunda gördüyü yeganə şəxsiyyət dünya şöhrətli lider Heydər Əliyev idi.

 

Xalqımız üzünü öz liderinə tutdu, onu köməyə səslədi, lider də xalqın çağırışına səs verdi, xilaskarlıq missiyasını üzərinə götürdü.

 

Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdrik uzaqgörənlik və əzmkarlıq Milli Qurtuluşumuzun əsasını qoydu. Ölkədə milli barış və inkişaf dövrü başladı. Tezliklə Dağlıq Qarabağda atəşkəs imzalandı. İqtisadi sahələri tənzimləyən qərarlar qəbul edildi, ordu quruculuğunun təməli qoyuldu.

 

Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik yollarında inamla irəliləyir. Ümummilli liderimizin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir, dönməzdir, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir!”

 

Ərəstun ABDULOV

 

Respublika.- 2021.- 18 iyun.- S.11.