Bütün türk dünyası Zəngəzurla birləşəcək

 

Xalqımız ötən ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Zəfər çaldı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində zəbt olunmuş əzəli Azərbaycan torpaqları işğaldan azad olundu. Azərbaycan, ona dostqardaş olan ölkələr üçün böyük əhəmiyyəti olan şanlı “Zəfər” günümüz bütün türk dünyasının tarixinə əbədi yazıldı. 10 noyabr 2020-ci il... Məhz bu gün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə Azərbaycanın qalibiyyəti ilə son qoydu. Fədakarlıq, igidlik, qəhrəmanlıq və şücaətlə qazanılmış böyük Qələbənin nəticəsi olaraq imzalanmış üçtərəfli Bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdı.

 

Haqq savaşından qalib çıxan Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə türk dünyasının 100 ildən bəri mövcud olan probleminə son qoydu. Belə ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması oldu. 1921-ci ildə Ermənistana hədiyyə edilən, bir zamanlar türkdilli ölkələri parçalayan, bölən, qədim Zəngəzur mahalından keçəcək dəhliz indi coğrafi baxımdan iki yerə bölünən türk dünyası arasında quru əlaqəsi yaratmaqla bərabər, bu gün elə həmin ölkələri birləşdirən bir yol olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış körpü olacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında Prezident İlham Əliyev demişdir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dostqardaş ölkə - Azərbaycan və Türkiyə respublikaları arasında münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran, iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət edən Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalamışlar. Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi qeyd edilir.

 

Bəli, Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülhinkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq.

 

Naxçıvan-Qars dəmir yolunun tikintisi ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsini və mövcud kommunikasiya infrastrukturunun əhəmiyyətini daha da artırır. Havaquru əlaqəsi yalnız İranya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmiryolu və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsi, eyni zamanda Naxçıvanı Azərbaycan və Türkiyə ilə də birləşdirəcək. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu da Türk dünyasının birləşməsi deməkdir. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

 

Naxçıvan - Qars dəmir yolunun tikintisi hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə, bərpa olunmasına, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə imkan verəcək ki, bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas subyektinə çevriləcək. Belə ki, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi, Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar isə hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır.

 

Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirərək onu Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə də birləşdirəcək.

 

Zəngəzur dəhlizinin açılması ilə təcrid şəraitindən azad olunaraq ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək Naxçıvan həm də hərtərəfli iqtisadi inkişafa nail olacaq. Qədim Zəngəzur uzun illər blokadada olmuş muxtar respublikanı blokadadan çıxarmaqla yanaşı, öz qapılarını da illər sonra böyük türk dünyasının üzünə açır.

 

Naxçıvan bu dəhliz sayəsində dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmiryolu ilə həyata keçirə biləcək.

 

Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək Zəngəzur dəhlizi həm də Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.  Laçın dəhlizindən fərqli olaraq Zəngəzur dəhlizi ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaq. Naxçıvanla birbaşa nəqliyyat əlaqəsinin yaradılması ümumilikdə işğaldan azad olmuş ərazilərimizin dirçəlişi üçün unikal imkanlar açacaq.

 

Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.

 

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçünregionda yeni nəqliyyat imkanlarının yaradılmasında strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.

 

Bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitəni əməkdaşlıqda görən, həmişə beynəlxalq və regional əməkdaşlığın tərəfdarı olan Azərbaycan bu gün Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

 

Qitənin nəqliyyat xəritəsini təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

 

Bu dəhlizin tərəqqiyə aparan yol olması özünü həm iqtisadi-sosial, mədəni-siyasi sahələrdə göstərməklə yanaşı, eyni zamanda, sülhün və təhlükəsizliyin qarantı qismində çıxış etməsində də göstərir.

 

Yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olan Azərbaycanın geosiyasigeostrateji mövqeyi gündən-günə daha da möhkəmlənir. Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpa edilməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəqliyyat layihələrinin həyata keçirilməsi artıq Azərbaycan ilə Türkiyə arasında yeni əlaqələri formalaşdıracaq.

 

 

 

Mehparə ƏLİYEVA,

 

Respublika.- 2021.- 23 iyun.- S.11.