Şuşa Bəyannaməsi Naxçıvanın inkişafına mühüm töhfələr verəcək

 

 

15 İyun Milli Qurtuluş Günündə Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Pespublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa Bəyannaməsinin imzalanması iki dost və qardaş ölkə arasında bağlanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdi.

 

Azərbaycan xalqının tarixi Türkiyə xalqının tarixi ilə çox bağlı olmuşdur. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə istiqlal müharibəsində qələbə çalaraq Türkiyə Cümhuriyyətini yaradan türk xalqı Azərbaycan xalqının milli müstəqilliyinin qorunmasında və Cənubi Qafqazda sülhün təmin edilməsində maraqlı idi. Məhz elə buna görə 16 mart 1921-ci ildə Türkiyə ilə Rusiya arasında bağlanan Moskva və 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanan Qars müqaviləsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapmışdı.

 

Bu müqavilədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuş, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən Ermənistan Naxçıvan bölgəsinin Azərbaycanın tərkibində muxtar ərazi təşkil etməsinə razı olmuşonun sərhədlərini tanımışdı. Qars müqaviləsinin 1-ci maddəsinə əsasən müqaviləni imzalayan tərəflərdən Ermənistan indiyədək imzalanmış müqavilələrin ləğv olunmuşöz qüvvəsini itirmiş hesab edirdi.

 

Naxçıvanın ərazi bütövlüyünün qorunması və təhlükəsizliyinin təmin edilməsində Qars müqaviləsinin mühüm əhəmiyyəti vardır. Ümummilli liderimiz Heydər Əliyev Qars müqaviləsinin əhəmiyyətindən bəhs edərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşməsinə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

 

Ermənistan 1990-cı ildə Naxçıvanı Azərbaycandan təcrid etmiş, Naxçıvana və Qarabağa qarşı açıq müharibəyə başlayaraq öz ərazi iddialarını həyata keçirməyə başladı. 1992-1993-cü illərdə rus ordusunun köməyi ilə aparılan müharibə nəticəsində Qarabağonun ətrafındakı 7 rayon - Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonları Ermənistanın və onun havadarlarının silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qarabağ ətrafındakı rayonların işğalının məqsədi bu bölgədə yaşayan erməniləri Azərbaycandan təcrid etmək və Azərbaycan torpaqlarını Ermənistana birləşdirməkdən ibarət idi. Ermənistanın deportasiyaişğal siyasəti nəticəsində Azərbaycan öz torpaqlarında 1 milyondan artıq qaçqını yerləşdirməyə məcbur oldu.

 

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə tutulmuş, mülki əhali və hərbçilər arasında itkilər olmuşdu. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimiz əks-hücum əməliyyatlarına başlamış, böyük qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızı işğalçılardan azad etmişdir.

 

Azərbaycan ordusunun hücumuna davam gətirməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur olmuşdur. İmzalanmış bəyanata görə Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin açılması nəzərdə tutulmuşdur.

 

Bu il Naxçıvanın Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusuna beynəlxalq səviyyədə zəmanət verən Qars müqaviləsinin 100 ili tamam olur. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilir.

 

Ulu öndər ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə olarkən Türkiyə ilə əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət vermişdir. Ümummilli liderin irəli sürdüyü qardaşlıq əlaqələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün çox yüksək səviyyədə davam etdirilir. Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsini Vətən müharibəsində bir daha şahidi olduq. “Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər” söyləyən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl dostluq nümunəsi göstərdi. İki qardaş ölkənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsində tərəflər fəxarət hissi ilə bildirdilər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.

 

Bəyannamədə deyilir ki, Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin olunması istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

 

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla birgə çıxış ediblər.

 

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı demişdir: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi barədə demişdir: “Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edironu dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz olacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir”.

 

Şuşa Bəyannaməsi bir daha göstərdi ki, Türk birliyi sarsılmazdır. Həyata keçiriləcək layihələr bütün bölgələr ilə yanaşı, 30 ildir ki, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafına və təhlükəsizliyinə mühüm töhfələr verəcəkdir.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2021.- 23 iyun.- S.11.