Teymur Əhmədov” biblioqrafik kitabı işıq üzü görüb

 

Həyatının böyük bir hissəsini Milli Mətbuatımızın inkişafına həsr etmiş, vətənpərvər, ziyalı, təcrübəli jurnalist olan Teymur Əhmədovun 90 illik ömrünün 70 ilini mütəmadi, davamlı şəkildə mətbuatda olması sözün həqiqi mənasında peşəsinə ruhən bağlılıq və fədakarlıq idi.

Akademik Cəmil Quliyev “Zəhmət və istedadın vəhdəti” məqaləsində yazır: “Soruşularsa Teymur Əhmədov tədqiqatçı kimi qüvvətlidir, yoxsa jurnalist kimi? Çətin sualdır, məncə o, jurnalistik fəaliyyətində yaxşı tədqiqatçı, tədqiqatçı fəaliyyətində yaxşı jurnalistdir. Bu iki tərəf onun yaradıcılığında vəhdət təşkil edir! Ən ümdə Teymur zəhmətkeş, sadə insandır”.

Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra 1954-cü ilin avqust ayında İrəvanda “Sovet Ermənistanı” qəzeti redaksiyasında əmək fəaliyyətinə başlayan Teymur Əhmədov elə həmin vaxtlardan mətbuatımızın keçib gəldiyi yolu, onu yaradanların məramını, maarifçi-pedaqoqların nəzəri görüşlərini öyrənməyə çalışdı, bu mətbu orqanda ədəbi işçi, məsul katibin müavini vəzifələrində işlədi. Onun yazılarının əsas mövzusunu əmək adamlarının ictimai-sosial həyatı, eləcə də ədəbiyyat, mədəniyyət məsələləri təşkil edirdi. Teymur Əhmədov ömrünün sonunadək ölkənin aparıcı qəzetlərindən olanRespublika” qəzetinə rəhbərlik etdi.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın tədqiqatçı alimləri” seriyasından nəşr etdiyi növbəti biblioqrafiya görkəmli ədəbiyyatşünas-alim, publisist, professor Teymur Əhmədovun anadan olmasının 90 illiyinə həsr edilmişdir. Biblioqrafiyada alimin əsərləri ilə yanaşı, həyat və yaradıcılığı haqqında zəngin material toplanmış, eləcə də dünya kitabxanalarında saxlanılan əsərləri öz əksini tapmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Teymur Əhmədov haqqında ilk biblioqrafiya 2005-ci ildə alimin anadan olmasının 75 illiyi münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr edilmiş, yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşri isə 2007-ci ildə çapdan çıxmışdır.

Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan yeni biblioqrafik göstərici daha da təkmilləşdirilmiş, yeni bölmələr və yarımbölmələr əlavə olunmuşdur. Azərbaycan, rus və digər dillərdə ədəbiyyatı əhatə edən göstəricidə Teymur Əhmədovun əsərləri - kitabları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş yazıları, habelə həyat və yaradıcılığını əks etdirən zəngin material toplanmışdır. İlk dəfə olaraq biblioqrafiyayaTeymur Əhmədov dünya kitabxanalarında” və “Teymur Əhmədov dünya universitet kitabxanalarında” bölmələri də daxil olunub.

KitabdaTeymur Əhmədovun həyat və yaradıcılığının əsas tarixləri”, “Teymur Əhmədov yaradıcılığından seçmələr”, “Görkəmli şəxsiyyətlər Teymur Əhmədov haqqında” bölmələri də öz əksini tapıb.

Kitabın tərtib edəni Xeyransa Abbasova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru Mehriban Cəfərovadır. Ön sözün müəllifi isə filologiya elmləri doktoru, professor Şirindil Alışanovdur. “Şərəfli ömür yoluadlanan ön sözdə müəllif professor Teymur Əhmədovun Azərbaycan ədəbiyyatının, milliictimai xadimlərin yaradıcılıq yolunun tədqiqinə həsr etdiyi əsərləri təhlil edərkən yazır: “Ədəbiyyat tarixi sahəsində böyük xidmətləri olmuş müəllimlərinin şərəfli işlərini davam etdirən Teymur Əhmədov A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, M.F.Axundzadə, N.Nərimanov, H.Zərdabi, S.Mümtaz və digər klassiklər haqqında yeni söz demək üçün uzun illər keçmiş SSRİ-nin müxtəlif arxivlərində axtarışlar aparmış, bu klassiklərin ədəbi irsindəki və ictimai fəaliyyətindəki qiymətli məqamları üzə çıxarmışdır ki, onlar milli tərəqqiyə, milli ictimai şüurun inkişafına təkan vermişdir. Bu klassiklər içərisində T.Əhmədovu bütün yaradıcılığı boyu düşündürən və məşğul edən Nəriman Nərimanovdur. Nəriman Nərimanov irsinin toplanması, nəşri və tədqiqinə görə xalqımız Teymur Əhmədova minnətdardır”.

Müəllif qeyd edir ki, Teymur Əhmədov böyük ziyalılar nəslinin yetişdirməsi və davamçısı idi. O, F.Qasımzadə, S.Vurğun, M.Cəlal, M.İbrahimov, M.Arif kimi şəxsiyyətlərin yaratdığı elmi əxlaq dərslərini yeni nəsillərə ötürən, həyat haqqında, insani münasibətlər barədə öz qənaətləri olan orijinal alimdir. Öz müəllimlərinə, öz ustadına olan ehtiramını onun ən ciddi elmi tribunalardakı yarım əsrdən bəri şahidi olduğum çıxışlarında görmüşəm. Xüsusən elmi rəhbəri olmuş xalq yazıçısı, akademik M.İbrahimov, professor M.Cəlal haqqında tədqiqat və nəşrləri ibrətamiz örnəklərdir.

Teymur Əhmədovun beşcildlikSeçilmiş əsərləri” haqqında fikir bildirən müəllif yazır: “...“Seçilmiş əsərləri onun yaradıcılığında tarixçilik, publisistika, ədəbi-nəzəri təhlilin bir-birini tamamladığını göstərir...”

Professor Teymur Əhmədov görkəmli ədəbiyyatşünas-alim olmaqla, eyni zamanda dəyərli elm təşkilatçısı və jurnalist idi. “Respublika” qəzetinin baş redaktoru kimi uzun illər müstəqil dövlətçilik institutlarının formalaşması prosesinə yardımçı olan yüzlərlə dəyərli yazının müəllifi və təşkilatçısı olmuşdu. Xalqımızın tərəqqisi yolunda onun xidmətləri dövlətimiz və ədəbi-elmi ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Kitabın “Teymur Əhmədov yaradıcılığından seçmələr” adlı bölməsində onun ayrı-ayrı vaxtlarda müxtəlif mövzularda yazdığı əsərlərdən maraqlı fikirlər toplanmışdır. Onun kitab haqqında fikirləri bu baxımdan maraq doğurur: “Kitabın insan taleyinə bənzəri var: doğulur, yaşayır, qocalır, amma ölmür, dəyərini, təlqinedici “təravətini” əbədi özündə saxlayır. Bu mənada kitab bəşəri sərvət və özünəməxsus mirasdır. İnsanlar onun varisləridir. Zənnimcə, xoşbəxt o adamdır ki, kiçik yaşlarından kitaba aludə olur, ömrü boyu kitabı özünə həmsöhbət, dost bilir”.

Bəli, Teymur Əhmədov bütün fəaliyyəti boyu cild-cild kitablar yazdı, sözdən abidə ucaltdı, yazdıqları ilə özünə əbədiyaşarlıq qazandı.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2021.- 25 iyun.- S.6.