İstanbulda Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş Əsrin soyqırımı-Xocalı adlı fotosərgi

 

Sərgi İstanbul Səfaköy İğdırlılar Sosial Həmrəylik və Mədəniyyət, eləcə də İstanbul Türkiyə-Azərbaycan (İSTAD) dərnəklərinin təşkilatçılığı ilə baş tutub. Sərgidə İstanbul Səfaköy İğdırlılar Sosial Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Cəlal Karaali, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, AZXEBER.COM informasiya portalının redaktoru Hacıbəy Heydərli, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Səfər Qaraqoyunlu bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək mənəvi və qardaşlıq borcumuzdur. Bu il Xocalı soyqırımının 29-cu ildönümünə fərqli bir şəkildə toplandıq. Çünki müzəffər Azərbaycan Ordusu Qarabağda böyük bir qələbə qazanıb. İSTAD rəhbəri deyib ki, Xocalıda baş verənlər insanlıq əleyhinə törədilmiş soyqırımı aktıdır. Bu bəşəri cinayəti görməzliyə vurmağaonu sükutla qarşılamağa heç kəsin haqqı yoxdur. Türkiyə olaraq Qarabağdakı tarixi hərbi zəfəri nə qədər böyük sevinclə qarşılamışıqsa, Xocalı soyqırımını da eyni dərəcədə kədərlə qəbul etmişdik. Xocalı ortaq dərdimiz, ortaq acımız, ortaq müsibətimizdir. Bu soyqırımı heç zaman unutmayacaq, faciəni törədənləri bağışlamayacağıq. Çünki bu, məqsədli şəkildə insanlıq əleyhinə törədilən cinayətdir. Mərasimdə çıxış edənlər , Türkiyənin əvvəllər olduğu kimi, indi də Xocalı soyqırımı başda olmaqla, insanlıq əleyhinə törədilən bütün cinayətlərə qarşı olduğunu, bu mövqenin bundan sonra da dəyişməyəcəyini diqqətə çatdırıblar.

 

Azərbaycan 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verərək, torpaqlarını işğaldan azad etdi. Bu, Azərbaycan və Türkiyənin ortaq mənəvi zəfəridir. Şəhidlərimizə borcumuzu yalnız və yalnız birliyimiz və birgə mübarizəmizlə qaytara bilərik. Xocalı soyqırımını beynəlxalq aləmdə tanıtdırmaq və soyqırımı aktı kimi qəbul etdirmək ümumi məsələmizdir. Bu işdə hər zaman Azərbaycanın yanında olacaqlarını bildiriblər . Digər çıxış edənlər vurğulayıblar ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa, eləcə də türk dünyasına qarşı törədilmiş bir cinayətdir. Bu səbəbdən Xocalıya ədalət üçün bütün dünya Azərbaycanı tam dəstəkləməlidir. Xocalı kimi dəhşətli bir soyqırımı aktını törətdiklərinə baxmayaraq, ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim edirlər, lakin dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı aktını törədən məhz həmin ermənilərdir. Bu qanlı hadisəni törədənlərin cəzasız qalması bütün bəşəriyyətə qarşı cinayətdir.

 

Toplaşanlar qarşısında çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Xocalı soyqırımını XX əsrdə insanlıq əleyhinə amansızcasına törədilmiş cinayət adlandırıb və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir dünyanın gözü qarşısında erməni vandallarının uşaq, qadın və qocalara rəhm etmədən törətdikləri Xocalı soyqırımı insanlıq tarixinin üzqarası olduğunu söyləyib. O, Xocalı soyqırımı qurbanlarını faciənin 29-cu ildönümündə ehtiramla yad etdiklərini, dünya birliyindən bu faciə ilə bağlı ədalətli mövqe gözlədiklərini və tələb etdiklərini vurğulayıb. Fərid Cəfərov qeyd edib ki, Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini 30 il tələb edib. O deyib: Bu gün biz bu tarixi həm ürəkağrısı ilə, həm də qürurla qeyd edirik. 44 gün davam edən Vətən müharibəsi çoxdan gözlənilən qələbə ilə başa çatdı. Bu qələbə rəşadətli Azərbaycan Ordusunun, Ali Baş Komandan İlham Əliyevin sayəsində qazanıldı. Mən çox ümid edirəm ki, hələ də azadlıqda gəzən cinayətkarlar çox tezliklə beynəlxalq məhkəmə qarşısında cavab verəcək və o vaxt biz deyə biləcəyik ki, ədalət zəfər çaldı.

 

Esmira YAZKAN Aslanova,

 

Respublika qəzetinin

 

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2021.- 3 mart.- S.5.