Tariximizin şərəf və qürur səhifəsi

 

Vətən müharibəsində qazandığımız şanlı qələbədən üç aydan artıq vaxt keçməsinə baxmayaraq, sevinc hissləri çöhrələrdən silinməyib. Bu tarixi zəfər xalqımızın şərəfini və qürurunu özünə qaytardı, düşmən tapdağı altında inləyən torpaqlarımız indi azad nəfəs alır. İşğaldan azad edilən yurd yerlərində genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Hər iki müharibədə ağır itkilərə məruz qalan Ağdam rayonunda da quruculuq və bərpa işləri davam etdirilir.

 

Qədim Azərbaycan torpaqları üzərində dövlət qurmağa çalışan Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ildən başladığı müharibənin episentri Ağdama düşdü. Elə həmin ilin son aylarında Ermənistandan - öz dədə-baba yurd yerlərindən, sonra isə Dağlıq Qarabağdan qovulan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. Hadisələrin ilk günlərindən ən böyük ağırlığı üzərində daşıyan Ağdam rayonu 1993-cü il iyul ayın 23-də Ermənistan tərəfindən bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə yerlə-yeksan edilib.

 

Qafqazın “Xirosiması” adlandırılan və “Ruhlar şəhəri”nə çevrilən Ağdamda dəhşətlərin, faciələrin, işğalın, azərbaycanlılara qarşı düşmən nifrətinin, erməni faşizminin şahidi olan yeganə tikili Cümə məscididir. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən təkrarolunmaz memarlıq üslubunda tikilən iki minarəli bu məscid iki müharibənin, həmçinin Xocalı qurbanlarının şahidi olub. 27 ildən sonra burada azan səsi eşidilib.

 

Müharibənin ilk günləri bir daha göstərdi ki, biz təkcə Ermənistanla döyüşmürük. Şanlı və qəhrəman ordumuzun ildırımsürətli hücumları düşməni və onun havadarlarını ciddi təşvişə saldı.

 

ATƏT 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək əzmini göstərə bilmədi. İkili standartlar, hətta tərəfkeşlik, Azərbaycana təzyiq göstərmək cəhdlərinin qarşısını qətiyyətlə alan Prezidentimiz 44 günə işğala son qoydu.

 

Ötən il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdıqdan sonra birinci xanım Mehriban Əliyeva ilə birgə Ağdam məscidini ziyarət ediblər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayaraq deyib: “Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb...”

 

Ağdam görkəmli şəxsiyyətlər, dünya şöhrətli alimlər, əmək və müharibə qəhrəmanları, yazıçılar, aktyorlar, muğam ustaları yetişdirib. Onların bir çoxunu dünya tanıyır. İşğaldan əvvəl rayonda dəzgahqayırma, metizfurnitir, traktor təmiri, konserv və 15-ə yaxın şərab emalı, şampan istehsalı, çörək emalı zavodları, xalça fabriki, ət kombinatı, tikinti-quraşdırma müəssisələri, xəstəxanalar, dəmir yolu stansiyası, tibb, musiqi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumları, orta təhsil ocaqları, muzeylər, kinoteatr və dövlət teatrı fəaliyyət göstərib. Bütün bunlar erməni varvarları tərəfindən tamamilə məhv edilib, bir sözlə, yer üzündən silinib.

 

30 ilə yaxın işğal etdikləri torpaqları sülh yolu ilə azad etmək danışıqlarına məhəl qoymayan Ermənistanı Azərbaycanın “Dəmir yumruğu” ağır məğlubiyyətə uğratdı.

 

Müzəffər ordumuz döyüş meydanlarında, haqq savaşında tərəflərin nəyə qadir olduğunu yüksək peşəkarlıqla nümayiş etdirdi. İtkilərimiz ürəyimizi dağladı, şərəfimizi, qürurumuzu ucaldan şəhidlər qəlbimizdə əbədi yaşayacaq.

 

Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin valideynləri övladlarının itkisinə göz yaşı töksələr də, məğrur dayanaraq bildirdilər ki, Qarabağı azad edən oğullarla fəxr edirik, təki torpaqlarımız murdar düşmən tapdağından azad edilsin. Arzuları çin oldu, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir.

 

Yeri gəlmişkən qeyd edim ki, Vətən müharibəsində kollecimizin 32 nəfər müəllim, tələbə və məzunu iştirak edib. Müəllim Elçin Cəfərov “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Tələbə Cəmaləddin Adıgözəlzadə döyüşlərdə göstərdiyi şücaətə görə “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medallarına layiq görülüb. Tələbəmiz Tərxan Cəfərov müharibədə göstərdiyi qəhrəmanlığa görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Kollecimizə başucalığı gətirən tələbələrimizdən Zahid Əlizadə və Əfsun İbrahimov da medallara layiq görülüblər. Kollecimizin kollektivi şəhid məzunlarımızın, Munis Abbaslının, Ramin ZeynalovunAnar Yusifovun əziz xatirəsini minnətdarlıqla yad edir, onların adını uca tuturlar.

 

Üçtərəfli bəyanatın nəticəsində Azərbaycan qələbə əldə edərək 27 il həsrətində olduğu torpaqlarda bayrağının ucaldılmasına nail oldu. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, bir güllə atmadan, siyasi yolla işğaldan azad etdi ki, bu da tarixi hadisəyə çevrilərək hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

 

Rəhbərlik etdiyim Ağdam Dövlət Sosial-İqtisadi Kolleci tarixi və ənənəsi olan təhsil ocağıdır. Kollec Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.08.2002-ci il tarixli 140 saylı qərarı ilə Ağdam Kənd Təsərrüfatı və Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi texnikumlarının bazalarında yaradılıb.

 

Ağdam Kənd Təsərrüfatı Texnikumu SSRİ Nazirlər Sovetinin qərarı ilə 1925-ci ildə təsis edilib. Ağdam Kənd Təsərrüfatı Texnikumunun fəaliyyətə başlamasından bir neçə il sonra kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisasının bazasında Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumu yaradılıb.

 

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci 100 yaşına yaxınlaşır. Kollektivimizbütün ağdamlılar üçün çox sevindiricidir ki, kollecimiz öz yubileyini əvvəlkindən də gözəl və əzəmətli Ağdam şəhərində keçirəcəkdir.

 

Qələbə ilə başa çatan 44 günlük mühari

 

bədə Xalq-Ordu-Prezident birliyi dövlətimizin gücünü dünyaya sübut etdi. Bir güllə atmadan, bir şəhid vermədən Ağdam rayonunun işğaldan azad edilməsi möhtərəm Prezidentimiz, qalib Ali Baş Komandan İlham Əliyevin fədakarlığı, güclü siyasəti, lider qətiyyəti nəticəsində mümkün oldu. OnunQarabağ Azərbaycandır!” ifadəsi bu gün hər birimiz üçün milli qürur, birlik və həmrəylik nişanəsidir. Mən bir vətəndaş kimi əzəli və əbədi torpaqlarımızın azad olunması sevinci ilə ölkə başçısına daim yaşadığımız tarixi zəfərə görə minnətdarlığımı bildirirəm. Biz möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşmişik, doğma yurd yerlərinə qayıdacağımız günü səbirsizliklə gözləyirik!

 

Natiq CAVADOV,

 

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, iqtisad üzrə elmlər doktoru, professor.

 

Respublika.- 2021.- 3 mart.- S.5.