İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbulda Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşü keçirilib. Proqram TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət NazirliyiMilli Kitabxana, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, rəsmi şəxslər, elm və mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin məhz qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edilib ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində də hər platformada Azərbaycanın yanında olduğunu bütün dünyaya nümayiş etdirib ki, bu da Azərbaycan üçün çox vacib idi.

 

İki qardaş ölkə arasında hər sahə üzrə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir, bu əlaqələrin mədəniyyət sahəsini də geniş əhatə etdiyini, bu sahə üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu söyləyib. Daha sonra sənətçilərin gələcəyə dair yaradıcılıq planları, mövcud imkanlar və perspektivlər müzakirə olunub. Türkiyənin məşhur 18 kino şirkəti ilə görüşlərin keçiriləcəyi, əhatəli layihələrin nəzərdə tutulduğu bildirilib. Görüş zamanı Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin 2020-ci ildə vəfat edən qızı Feyzavər Alpsar Turanın vəsiyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanları əsasında ona təqdim edilən “Dostluqordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı Şuşada bərpa olunacaq muzeylərə verilməsi üçün nazirə təqdim edilib.

 

Səfər proqramı çərçivəsində nümayəndə heyətimiz Maltepe Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində təşkil olunan Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100-cü ildönümü münasibətilə rəssamın Türkiyədəki əsərlərindən ibarət sərgi və dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunan rəsm, kitab sərgilərində iştirak edib. Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Əməkdar rəssamı Teymur Rzayev müəllimi Mikayıl Abdullayev yaradıcılığı haqqında danışıb, sərginin təşkili üçün başda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olmaqla əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

TÜRKSOY adına tədbir iştirakçılarını

 

salamlayan təşkilatın baş katibi Düsen Kaysenov sənət adamlarının bizlərə qoyduğu mədəni mirasın yaşadılmasının vacibliyini vurğulayıb. Bu sənətçilərin yaratdığı əsərlərin zaman keçdikcə dəyərinin daha da artdığını bildirən baş katib, sərginin Türkiyədə yaşayan rəssamların şəxsi kolleksiyalarından olan əsərlər əsasında hazırlandığını deyib.

 

Mikayıl Abdullayev yaradıcılığını zamana səyahət kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Bakı Dövlət Universitetində oxuduğu illər ərzində kirayə qaldığı evdən bu ali təhsil müəssisəsinə məhz yalnız Bakının deyil, dünyanın ən gözəl metro stansiyalarından olanNizami” stansiyasından keçdiyini və demək olar ki, hər gün bu stansiyada Xalq rəssamının Nizami yaradıcılığını əks etdirən əsərlərlə rastlaşdığını xatırlayıb. Səfir, bu cür sərginin məhz qardaş Türkiyədə təşkil edilməsinin qürurverici olduğunu deyib.

 

Tədbir iştirakçılarını salamlayan nazir Anar Kərimov, Azərbaycan rəssamlıq məktəbinə böyük töhfə verən Mikayıl Abdullayevə həsr olunan sərginin məhz qardaş Türkiyədə açılmasının qürurverici olduğunu deyib. Bildirilib ki, Bakının “Nizami” metrostansiyasındakı miniatürlər Azərbaycan mədəniyyətinin ən görkəmli sənət əsərlərindən biridir və hər bir azərbaycanlı üçün çox dəyərlidir. Azərbaycan xalqı və dövləti tərəfindən hər bir sənətçiyə olduğu kimi, Mikayıl Abdullayev yaradıcılığına verilən yüksək qiyməti vurğulayan A.Kərimov bu əsərlərin Azərbaycanın milli mədəni irsinin ən qiymətli inciləri olduğunu deyib. Nazir tədbirin təşkili və sənətçilərimizin dünyada tanıdılmasında göstərdiyi səylərə görə TÜRKSOY-a təşəkkürünü bildirib. Sərginin açılışı zamanı Teymur Rzayev şəxsi kolkeksiyasından Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilən orijinal əsəri Şuşada açılacaq muzeylərə hədiyyə edib.

 

Sonra sərgiyə baxış olub. Tədbirin bədii hissəsi Azərbaycanın görkəmli dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunanMask-Kara” teatrı tərəfindən hazırlanan “Kimdir müqəssir” tamaşasının premyerası və V Teatr Almanaxının təqdimatı ilə davam etdirilib.

 

Nümayəndə heyətimiz səfər çərçivəsində Topqapı sarayını ziyarət edib. Ziyarət əsnasında Anar Kərimov muzeyin direktoru İlham Kocamanla görüşüb. Sarayda Nizami Gəncəvinin XV əsrə aid “Xəmsə” poemasının miniatürlərinin qapalı nümayişi baş tutub. Səfər kino sahəsi üzrə adamları ilə görüşlə davam etdirilib.

 

Esmira YAZKAN Aslanova,

 

“Respublika”qəzetinin

 

Türkiyə üzrə müxbiri.

 

Respublika.- 2021.- 5 mart.- S.7.