Şəfqəti, mərhəməti və işgüzarlığı ilə örnək olan Birinci xanım

 

Ailə özünün soy-kökünə, keçmişinə, milli-mənəvi, əxlaqi dəyərlərə bağlılığı, etibarı, ehtiramı ilə mükəmməldir...

Cəmiyyət bütöv əqidəli, sağlam düşüncəli, bəsirətli, qurub-yaradan vətəndaşların birliyi ilə möhkəmdir...

Dövlət onu idarə edənlərin xalqa, vətənə, dövlətçiliyə sədaqətlə xidmət etməsi ilə qüdrətlidir...

 

 

 

 

 

 

Demək ki, cəmiyyətin, dövlətin milli xüsusiyyətlərə, iti zəkaya malik qurucularını yetişdirən də ailədir. Heç şübhəsiz, illərin sınağından çıxmış “Ailə kiçik dövlətdir” fikri də burdan qaynaqlanır. İki qanad timsalında böyük gücə, birliyə malik olan kişi ilə qadının ailədə yeri və rolu misilsiz əhəmiyyət kəsb edir. Dövlətin böyük bir idraka, dövlətçilik tarixində qazanılmış zəngin təcrübəyə əsaslanaraq idarə olunması da vətənin, xalqın ümdə qazancıdır... Məqamıdır deyək ki, Tanrının yaratdığı ali varlığın bir zərif qanadı olan xilqəti - qadını haqqındadır Sözümüz...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinə günəşli bir mart səhərində qədirdanlıq prizmasından işıq salmaq istəyimiz bir daha qəlbimizdə xoş duyğular oyadır. Hər şeydən əvvəl ona görə ki, bu şəfqətli, mərhəmətli, xeyirxah İnsanın həyatı başdan-başa və bütün məqamlarda xalqın taleyi ilə bağlı olub.

Ümumiyyətlə, Qadın təbiətən ülvi, müqəddəs bir bəşər övladı olduğundan Tanrı onun taxtını ucada qurub. Böyük Yaradan Qadını dünyaya işıq saçan bir varlıq timsalında yaradıb. Çünki qadın dünyaya gəlişindən, özünü dərk etdiyi vaxtdan ömrünü-gününü çiçəklərdən qətrə-qətrə şirə çəkən arı təki saf, təmiz, duyğularla yaşamış, ailəsinə, bütünlükdə cəmiyyətə fayda verməyə həsr edib. Gözəl keyfiyyətlərlə zənginləşən bu incə, həm də qüdrətli, ali varlıq daim özünün mənəvi xəzinəsini yaratmağa çalışıb. Elə sözün, fikrin ilkin mənasında da qadın bir çox xüsusiyyətləri - möhkəmliyi, iradəli, qətiyyətli olması, xeyirxahlığı, nəcibliyi ilə həqiqətən də ucada dayanır. Bu mənada Tanrı Qadını şəfqəti, mərhəməti ilə, qəlbi daim ülvi hisslərlə dopdolu nəcib bir bəşər övladı kimi xəlq edib. Azərbaycan qadını bu alicənablığı Tanrının lütfü kimi qəbul edərək, həyatını ailəsinin xoşbəxtliyi naminə hər cür fədakarlığa həsr edib. Alicənablıq isə bitib-tükənməyən bir xəzinədir. Ömür-həyat davam etdikcə bu ali keyfiyyət ürəklərdə, gözdə-könüldə zəngin bir xəzinə kimi yaşayır. Qadın bu xəzinənin bitib-tükənməyən varidatı ilə mənəvi-əxlaqi davranışa yeni dəyərlər qazandırır, övlad böyüdür, tərbiyə edir, onu həyatın istisinə, soyuğuna alışdırır. Qadın yaşam boyu həyat yollarında böyük mənalar, dəyərlər aramaqla bəşəriyyəti sülhə, əmin-amanlığa, apaydın sabahlara səsləyir. Bu ülviyyətə onun ictimai fəaliyyətini - vətənin çiçəklənməsi, xalqın sağlamlığı, firəvanlığı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda çalışması, qadının şəffaf, parlaq adının, varlığının cəmiyyət həyatını şəfəqlərə boyadığını dərindən dərk etmiş olarıq. Belə bir qüdrətə malik olduğundandır ki, qadın cəmiyyətin tərbiyəçisi adının halal haqqını qazanıb. Odur ki, Azərbaycan qadınları tarixən özünün nəcibliyi, şərəfi, mərdliyi və məğrurluğu ilə hər zaman ucada dayanıblar...

Elə yazımızın qəhrəmanı olaraq Mehriban xanım Əliyevanın torpaqlarımızın faşist yağı tapdağından təmizlənməsi yolunda igid oğullarımıza, yaralılarımıza, ümumən döyüşçülərimizə, şəhid ana və bacılarımıza Birinci vitse-prezident, xalqın mənəvi anası oaraq qayğı, zəhmətini dövlət xadiminin çəkdiyi ağır, həm də şərəfli missiyanı fədakarlıqla daşıdığını əlavə etsək, Onun köksündə necə böyük bir məhəbbətin çağladığını açıq-aydın görərik.

Və bu məqamda bir qədər geriyə boylandıqda Mehriban xanımın indiyədək neçə böyük layihələrə imza atdığını bir daha xatırlamış olarıq. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Unutmayaq ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən deyil, zərif, incə təbiətli, həm də güclü, aydın təfəkkürə, təxəyyülə malik olan qadının - ölkənin birinci xanımı Mehriban Əliyevanın bilavasitə çalışmaları sayəsində həyata keçirilir...

Onun dünyaya gəlişi, uşaqlığı, məktəb çağları, gəncliyi, ali təhsil aldığı illər ilk baxışda həyatın qanunauyğunluğu kimi görünsə də, sonradan müstəqil addımlarını atdığı vaxtlardan özünü göstərə bilməsi, daha dəqiq ifadə etmiş olsaq, özünəməxsusluğu, fərdiliyi ilə seçilməsi heç şübhəsiz, Mehriban xanımın taleyinə Tanrının bəxş etdiyi fürsəti kimi qiymətləndirilməlidir. Həyat onu göstərdi ki, Mehriban Əliyeva bu fürsətdən və qismətdən özünün ağlı, müdrikliyi, əməksevərliyi, ən ümdəsi də vətənə və xalqa sədaqətlə xidmət göstərməsi naminə faydalandı. Burda Onun tərcümeyi-halına geniş şəkildə nəzər yetirmədən (birinci xanımın keçdiyi həyat yolu önun fəaliyyətinin aynasında olduqca aydın görünür), yalnız yaddaşa işıq salmaq məqsədilə bəzi incə nüansları xatırlatmaqla bu gün olduqca aydın və parlaq fəaliyyətinə diqqəti cəlb etmək yazımızın məqsədindən doğur. Həmçinin, əvvəlki illərdə Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinin fonunda obrazını yaratmağa çalışdığımız, müəyyən ömrün müəyyən məqamlarından bəhs etdiyimiz yazılardan düşüncəmizə aydınlıq gətirmək baxımından xatırlamaları da zəruri hesab edirik.

Onun ictimai fəaliyyətə qoşulduğu zaman Azərbaycanda xalqın milli oyanış dövrünün ilkin çağlarına təsadüf edir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapdığı 1992-ci ildən onun üzvü olaraq vətənin çiçəklənməsi, xalqın milli təfəkkürünün yenilənməsi, insanların yeni güc, qüvvə ilə təkmilləşməsi, müasir cəmiyyət qurulması prosesinin fəal iştirakçısına çevrildi.

Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti kimi çətin vəzifələrin məsuliyyətini öhdəsinə alaraq bütün işlərin ibtidasından başlayıb yorulmadan, səylə çalışdı. Unudulmuş, yaddan çıxmış sahələri köhnəlikdən, passivlikdən çıxararaq onlara yeni ictimai məzmun verən qlobal işlər gördü. İctimai həyata atıldığı ilk illərdən Mehriban xanımın Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət etmək istəyi daxilində dumduru axan bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yeni yollar axtarmaq gərəkdi. O, işlərin və vəzifələrin həcmindən qorxmadan, çəkinmədən, usanmadan fəaliyyət göstərirdi. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi. Xalqın mənafeyi yolunda yeni işlər görüldü, böyük təcrübə qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar, dəstəklər yarandı.

Və daha geniş, möhtəşəm fəaliyyətə, ideyaların inkişafına hesablanmış məqsədyönlü layihələri həyata keçirmək üçün dövlət ona Heydər Əliyev Fondunun Prezidenti kimi daha yüksək və məsuliyyətli bir vəzifəni tapşırdı. 2004-cü il mayın 10-da - ulu öndərin doğum günündə təsis olunmuş Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətə başlayanda həyatımızın bütün sahələrində - təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial yönümdə irimiqyaslı layihələrlə işlər görməyi nəzərdə tutmuşdur. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yol idi. Bu, ulu öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin yolu idi. Bu vəzifələrin hər biri ayrılıqda müxtəlf sahələrdə fərdi təşəbbüskarlıq, yeni layihələr, proqramlar ilə icra olunurdusa, indi cəm halda daha geniş aspektdə vahid bir ideyanın inkişafına istiqamət aldı.

2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında ölkə başçısı Sərəncamla Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etdi. Heç şübhəsiz, bu təyinat Azərbaycançılıq məfkurəsinə bütün ictimai şüuru ilə bağlı olan, vətən və xalq naminə işləməkdən zövq alan və bunu həyatının amalı hesab edən, taleyini ölkənin və xalqın taleyində yaşayan Mehriban Arif qızı Əliyevaya bəslənilən böyük etimadın, inamın bariz nümunəsi idi.

Bu qədər məsuliyyətlivə irimiqyaslı işləri əhatə edən ictimai-siyasi fəaliyyət ona bir qadın, ana kimi bağlandığı ailəsi qədər doğmalaşdı, şəxsi taleyinə çevrildi. Doğulduğu, gözəl tərbiyə aldığı ailədən əxz etdiyi azərbaycançılıq ideylarını sonradan şəxsi həyatına başladığı ailədə daha geniş anlamda dərk etdi, təkmilləşdirdi. Heydər Əliyev məktəbi Onun kökdən gələn azərbaycançılıq məfkurəsinin formalaşmasına, alicənab, mərdanə, humanist bir azərbaycanlı xarakterinin dolğunlaşmasına öz təsirini göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə malik olduğundan yaranmış imkanlarını dövlətçiliyin möhkəmlənməsinə, vətənçilik əxlaqının yeni dəyərlərlə inkişafına səfərbər etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını, bununla paralel apardığı vətənçilik əxlaqını həm də daimi müşahidələrdən, ictimai fikirlərdən öyrənmiş, yaxşı mənimsəmiş fiziki və mənəvi varisi Prezident İlham Əliyevlə birgə ulu öndərin yaratdığı yeni azərbaycançılıq ideyalarının davam və inkişaf etdirilməsinə başladılar.

Bu bir həqiqətdir ki, müstəqilliyimizi arzudan reallığa çevirdiyimiz ilk vaxtlardan Vətənin əsl vətəndaşı olaraq, ölkənin inkişafı prosesində Mehriban xanım Əliyevanın xeyirxahlığı, mərhəməti, şəfqəti ilə var olması, xalqın taleyinə günəş təki saçması, geniş miqyaslı layihələri ilə bütün sahələrdə yeniliklərin yaranmasına, həyatımızın sürəkli inkişafına səbəb oldu. Əslində O, özünün işıqlı əməlləri, maarifçilik fəaliyyəti, xeyirxahlığı ilə tarixdə izi qalan bəsirətli qadınlarımızın ideyalarını bu gün daha geniş anlamda davam etdırən nəcib bir xanım, dövlət adamıdır. Təbii ki, belə bir bütövlüyə, qüdrətə malik olmaq adi bir məqamdan, qəlbdə baş qaldıran ötəri, ani fikirdən, hansısa bir hadisədən yarana bilməzdi. Çünki bir təkzibolunmaz həqiqət var ki, insan dünyaya özünün fərdiliyi, ən başlıcası rişədən, qandan əxz etdiyi bir çox xüsusiyyətlərlə gəlir. Böyüdükcə ailə, onu əhatə edən mühit xarakterinin formalaşmasına özünün təsirini göstərir. Tanrının bəxş etdiyi ağlı, kamalı sonradan böyük zəhmətlər bahasına cilalamaqla xalqına xidmət etməyi ali məqsəd olaraq şərəfli bir vəzifə kimi daşıyır. Mehriban xanım Əliyevanın da həyat amalı belə bir idrakın - fəhmin, şüurun yetkinliyindən, kamilliyindən yaranmışdı. Cəsarəti, təfəkkürünün işığı, istedadı ilə bütün həyatını xalqın, ölkənin inkişafına həsr edən bu böyük şəxsiyyətin, vətən sevdalısının işıqlı əməllərindən necə duyğulanmamaq olar!

Mehriban xanımın dövlətçiliyin möhkəmlənməsi, əbədi olması istiqamətində göstərdiyi fəaliyyət heç şübhəsiz, Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətə başladığı vaxtdan böyük bir vüsətlə və yeni inkişafa qədəm qoydu. Bu da təbiidir. Çünki məhz Heydər Əliyevin ideyalarının davam etdirilməsi və inkişafı, gənc nəslin vəətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyə olunması, yetişməsi, Azərbaycançılıq məfkurəsinin yeni dəyərlərlə zənginləşdirilməsi Fondun fəaliyyətinin başlıca istiqaməti idi. 2004-cü ildə Heydər Əliyev Fondunun təsis olunması da məhz bu məqsəddən rişələnmişdi. Cəmiyyət bunu həyatımızın bütün sahələrində və məqamlarında görür və hiss edir. Məqsəd isə böyükdür, davamlıdır, əbədiyaşardır. Bütün bunları ehtiva edən isə, qeyd etdiyimiz kimi, ölkənin gələcəyi olan gənclərimizin vətənçilik əxlaqında tərbiyə olunmasıdır.

Mübaliğəsiz demək lazımdır ki, Fondun məqsəd və məramında qeyd olunmuş vəzifələr birbaşa Mehriban xanım Əliyevanın öz idrakı işığında hazırladığı proqram çərçivəsində həyata keçirilməyə başlamış və illərdir ki, böyük və möhtəşəm uğurlarla davam etdirilir. Bunları aydın şəkildə göz önündə canlandırmaqdan ötrü Fondun qarşıya qoyduğu məqsədləri ictimaiyyətə təqdim olunduğu qaydada, olduğu kimi xatırlatmağı da vacib sanırıq. Beləliklə: görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası; xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verməyi; Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək; elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək; yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək; insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasını, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək; Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək; uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək; Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək; Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək; elmi tədqiqatların aparılmasına yardım göstərmək; xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək; uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək; səhiyyə və tibbi təsisatları inkişaf etdirmək; ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək; Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək; uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək; dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, gördüyümüz, bildiyimiz kimi, fəaliyyətlərinin başlıca amili olmuşdur.

Mehriban Əliyevanın bütün çıxışları, müsahibələri özünün zənginliyi, dərin məzmunu, yenilikçi düşüncəsi ilə böyük maraq doğurur. Bu, fitri istedad sahibinin milli-bəşəri dəyərlərə sadiqliyi, dünya cəmiyyətinə nikbin baxışlarının məntiqi ifadəsidir. Ağlına, zəkasına görə Onu başqa dövlətlərdə də tanıyır və hörmət edirlər. Onun genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial, mədəni həyatını əhatə etməklə tükənmir, O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir.

Təbii ki, bunları həyata keçirmək, xalqın xidmətində olmaq heç də asan başa gəlməmişdir. Bunlara yeni axtarışlar, gecə-gündüz çalışmaq, qarşıya çxan çətinlikləri dəf etmək, cəfalara qatlaşmaq sayəsində nail olunmuşdur. Bütün sahələri əhatə edən layihələrə diqqət edəndə, tərəfdaşların siyahısına göz yetirəndə xoş hisslər qəlbimizi çulğayır. Bütün bunları bir-bir sadalamaq qeyri-mümkün olduğu üçün bu möhtəşəmliyi bir cümlə ilə ifadə edirik: Belə bir iş prinsipi müstəqil Azərbaycan dövlətininin gələcəyinin parlaq olduğunu, xalqın bir yumruq kimi birləşərək eyni məqsədə xidmət etdiyini göstərir. Bunlar həyatımızın panoramında aydın əks olunur.

Mehriban xanımın qurub-yaratmaq və yaşatmaq eşqi tükənməyən bir işıq selidir, bu hərarəti, şəfqəti duymaq, ondan faydalanmaq da gözəlik, həm də xoşbəxtlikdir. Xalqın sosial-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər ruhda tərbiyə etmək - budur Mehriban xanımın istəyi. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Vaxtilə ailə həyatı quranda ilk baxışdan bu incəlikləri görən, duyan həyat yoldaşı İlham Əliyevin də qəlbində həzin, ülvi duyğular yaradan da yəqin ki, bu kefiyyətlər olmuşdur. Qadına zinət verən bu xüsusiyyətlər ailədə birliyin, bağlılığın və mədəniyyətin başlıca meyarıdır. Ailə dəyərlərindən söz düşəndə Mehriban xanım müsahibələrində çox vacib olan elementlərə diqqət yönəldir: “Əgər ailədə hər kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir...”

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanım ora nəzər yetirməsin, qayğısını göstərməsin. Xalqın sosial-mədəni həyatının inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin sahibi olan balalarımızı yetişdirmək, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər ruhda tərbiyə etmək - budur Mehriban xanımın istəyi. Onun nurlu çöhrəsindən sezilən mehribanlığı, alicənablığı, həssaslığı, nəcibliyi, yəqin ki, onunla ünsiyyətdə olan, rəhbərliyi altında çalışan insanların böyük xoşbəxtliyidir. Vaxtilə ailə həyatı quranda ilk baxışdan bu incəlikləri görən, duyan həyat yoldaşı İlham Əliyevin də qəlbində həzin, ülvi duyğular yaradan da yəqin ki, bu kefiyyətlər olmuşdur. Qadına zinət verən bu xüsusiyyətlər ailədə birliyin, bağlılığın və mədəniyyətin başlıca meyarıdır. Ailə dəyərlərindən söz düşəndə Mehriban xanım müsahibələrində çox vacib olan elementlərə diqqət yönəldir: “Əgər ailədə hər kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir...”

Onun genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə göstərdi ki, O, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyanı ləyaqətlə yerinə yetirməsi xalqına böyük sevgisinin ifadəsi idi.

Azərbaycan qadınının cəmiyyətdəki rolunu, ictimai-siyasi fəaliyyətini, milli şüurunda, mənəviyyatında təzahür etmiş bir sıra keyfiyyətləri - diplomatik xüsusiyyətləri, ədəbi yaradıcılığı, xeyriyyəçilik əməllərini səciyyələndirən hadisələr zaman-zaman özünün inkişaf yollarında böyük mənəvi-əxlaqi dəyərlərlə müşayiət olunmuşdur. Bu mənada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının, missiyasının yeni formada davamıdır, desək yanılmarıq. Dövlətçiliyimizin möhkəmlənməsində, gəncliyin yetişib-formalaşmasında, milli-mənəvi irsimizə, mədəniyyətimizə, təhsilin, səhiyyənin inkişafına qayğı göstərməsi birinci xanımın şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşmasına səbəb olmuşdur.

Mehriban Əliyeva mədəniyyətimizə xidmətində ulu öndər Heydər Əliyevdən gələn bir ənənəni də böyük sayqı ilə davam etdirir. Sözün bu məqamında mədəniyyətimizin tarixində əlamətdar olan bir hadisəni də xatırlatmağı vacib sanıram. 2019-cu il mart ayının 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu panoram özünü bütün aydınlığı və şəffaflığı ilə göstərdi. Sənətkarlarımız adıçəkilən sahələrin uğurlarından, onlara göstərilən qayğıdan, ən başlıcası da qarşılaşdıqları problemlərdən söz açdılar. Bu görüşdə hər kəs öz təklif və təşəbbüsləri ilə çıxış etdi. Ədalət naminə qeyd edək ki, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin inkişafı, günü-gündən çiçəklənməsi üçün bundan sonra nələr etməyi, nə kimi tədbirlər görməyi, bir sözlə, sahənin bütün problemlərini eşitmək və dövlət başçısı olaraq, hansı istiqamətlərdə köməklik göstərməyi cənab Prezident sənətkarların öz dilindən eşitməyə imkan yaratdı. Hər kəsi səbrlə, diqqətlə dinlədi və deyilənlərə münasibətini bildirdi, yerindəcə əlaqədar qurumlara öz göstərişini verdi... Burada diqqəti çəkən məqamlardan biri də o oldu ki, mədəniyyətimizin inkişafında qarşıya çıxan problemlərin həllini tapmasında, digər tərəfdən, köməyə, dəstəyə ehtiyacı olanlara qayğı göstərilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri dilə gətirildi, bütün çıxışlarda birinci xanıma səmimi təşəkkürlər səsləndi. Mehriban xanımın gördüyü işlər, həyata keçirdiyi layihələr, bir çox sənətkara qayğısı öz bəhrəsini verdiyindən, görüş iştirakçılarında xoş ovqat yaratdığı aydın görünürdü. Təbii ki, bunlar bir tərəfdən Mehriban xanımın humanizmindən irəli gəlirsə, digər tərəfdən, azərbaycanlı olaraq mədəniyyətimizin təəssübünü çəkmək hissindən doğur...

Burada onu da xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan sonra ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda ağır şəraitdə yaşayan 4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmsına həsr edib. Belə ki, 2017-ci il martın 9-da Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalrında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirə zatən Onun Heydər Əliyev Fondunun Prezidenti olaraq, həyata keçirdiyi proqram və layihələrin davamı kimi anlaşılandır.

Hər dəfə Mehriban xanım haqqında yazdığım məqalə üzərində işləyərkən onun fəaliyyəti boyu gördüyü işləri müşayiət edən fotolardan qarşıma çıxan bir çoxunu diqqətlə nəzərdən keçirəm. Onlara təkrar-təkrar baxıram. Bu fotolar məni düşüncələrə qərq edir. İrimiqyaslı layihələrin həyata keçirilməsi zamanında Onun xarakterində çox vacib detallar görümlü şəkildə yaddaşıma həkk olunr. Bu ömür mənim üçün çox dərin bir məna kəsb etdiyindən sanki bir epopeyanı vərəqləyir, oxuyur, bitib-tükənməyən çalışmaların icrasında əldə olunan yüksək nəticələrin xalqın həyatına gətirdiyi yenilikləri, faydaları görən, duyan şahidlərdən biri olmağımdan çox məmnun oluram...

Mehriban xanım Əliyevanın dövlətçilik ənənələrindən irəli gələn fədakar xidmətləri, milli-mənəvi dəyərlər sırasında xalqa xidmətləri, ictimai-sosial, mədəni sahələrdə gördüyü işlərin əhatəsi o qədər zəngindir ki, onları saymaq, dilə gətirmək belə, sadəcə genişmiqyaslı olduğundan bir portret yazının həcminə sığan deyil. Lakin bu məqamda mütləqdir deyək ki, Birinci vitse-prezident, xalqın mənəvi anası, dövlət xadimi olaraq İkinci Qarabağ müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə qoşa qanad timsalında yenilməz Ordumuzun döyüşçülərinə hər cür qayğını, yanğını ürəklə çəkdilər. Yaralılarımıza, əlini, ayağını itirmiş igidlərimizə təkcə dövlət adamı kimi deyil, bir Ali İnsan olaraq şəfqətlə, xeyirxahlıqla, məhrəmanə yardım göstərdilər. Şəhid ailələrinə bütün məqamlarda yardım göstərdilər. Biz bu qoşa qanadları işğaldan azad edilmiş, dağıdılmış ərazilərimizdə də gördük, onların yaşadığı ağrıları da duyduq. Mehriban xanım Heydər Əliyev Fondunun Prezidenti olaraq, düşmənin dağıtdığı dini-mədəni abidələri yenidən qurub bərpa etməyi də öz öhdəsinə aldı. Burda istər-istəməz düşünürsən: qədim ənənələrimizdən irəli gələn nəciblik, xeyirxahlıq Mehriban xanımın adından başlamış bütün əməllərində özünü olduqca şəffafflıqla əks etdirir...

İllər boyunca apardığım müşahidələr Onun haqqında hər zaman düşüncələrimə, qənaətlərimə geniş yol açır. İndiki məqamda sözümə yekun olaraq, həmin fikirlərdən birini təkrarən səslndirməyə ehtiyac duydum: Mehriban Əliyeva bütün hallarda - çətin və mürəkkəb situasiyalarda, xoş, fərəhli anlarında belə dəyişməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər yerdə, hər zaman özüdür. Ən ümdəsi də olduğu kimi görünən bir inci, nur timsalında fövqəlbəşər İnsandır...

Azərbaycan qadınına məxsus olan ən ali, mənəvi keyfiyyətlərin ümdə daşıyıcısı olan Mehriban xanım Əliyevaya cansağlığı, Azərbaycançılıq naminə əzmlə çalışmağı, vətəninin Böyük Vətəndaşı olaraq, xalqın mənəvi anası olaraq xoşbəxtlik, ailə səadəti arzulayırıq. Bayramınız mübarək, əziz və sevimli Birinci xanım...

 

Şəfəq NASİR,

“Respublika”

 

Respublika.- 2021.- 7 mart.- S.2.