Qadınlar həyatın bəzəyi və əbədi gözəlliyidir

 

Dünya daim sosial-iqtisadi, siyasi mübarizələr meydanını xatırlatsa da, bu meydanda əsrlər boyu çarpışıb vuruşan əsasən kişilər olsa da, mənəvi ağrılar həmişə qadınların çiyninə düşüb. Bu günümüzün qadını sabahımıza - balalarımıza dərs verir, elm öyrədir. Bu günün qadını məhkəmə kürsüsündə hökm oxuyur, o gənc gələcəyin akademikidir, mühəndisidir, müəllimidir, dövlət məmuru, millət vəkili, xalq elçisidir...

 

Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır.

 

Əsl bahar bayramı olan 8 Mart dünyanın bütün qadınları kimi Azərbaycan qadını üçünbayramlar bayramıdır, çünki bu tarixi günün mərkəzində yalnız onun özü dayanır. Qadın özünü o zaman xoşbəxt saya bilər ki, onun ölkəsində əmin-amanlıq hökm sürsün, ailəsində sakitlik, firavanlıq, qarşılıqlı anlaşma olsun, əhatəsində olanlar tərəfindən dəyərləndirilsin, diqqət və qayğıdan kənarda qalmasın. Bu mənada Azərbaycan qadını qürur duymağa haqlıdır, çünki onun müstəqil ölkəsi, işıqlı sabahlara doğru açılan ümid qapıları vardır.

 

Azərbaycan qadını Vətən, torpaq uğrunda ər savaşında sülh deyib, dinc birgəyaşayış diləyib. Bu gün də belədir, o, barışmaz nankor qonşularımızın xəyanətinə qarşı isə həmişə mübariz mövqedə dayanıb. Bu gün Azərbaycan qadını xoşbəxtdir. Onun mənalı həyat sürməyə, qürurla yaşamağa haqqı var. Biz Azərbaycan qadınları xoşbəxtik ki, inkişaf etmiş güclü dövlətimiz, güclü ordumuz, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, müdrik uzaqgörən, dünya şöhrətli Prezidentimiz var. Elə bunun nəticəsidir ki, Azərbaycan Ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı qələbə ilə başa çatdırdı. 30 illik həsrətə son qoyuldu. Bu hər birimizdə böyük qürur yaradır. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmənə layiqli dərs verdi. Tarixi torpaqlarımız - Qarabağımız öz azadlığına qovuşdu.

 

Tarix boyu Azərbaycanda mədəniyyətimizin, milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasında qadınların misilsiz xidmətləri olubdur.

 

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara xoşbəxtlik, işlərində müvəffəqiyyətlər arzulayıram.

 

Şəhla KƏRİMOVA,

 

ADİU-nun Xarici dillər kafedrasının baş müəllimi,

 

filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

Respublika.- 2021.- 7 mart.- S.7.