Şelli qartalı

 

XOSROV BİLAL OĞLU MƏMMƏDOV 1949-cu ildə yanvarın 20-də Ağdam rayonunun Qurdlar kəndində anadan olmuşdur. Həmin kənddə orta təhsili almışdır. 1967-1969-cu illərdə Lənkəranda hərbi xidmətdə olmuşdur. Sürücülük peşəsinə yiyələnmişdi. 1973-cü ildə ailə həyatı qurmuş, iki qız atası idi . Xosrov Məmmədov Ağdam Suvarma Sistemləri İdarəsində mirab vəzifəsində çalışırdı. Erməni hərbi təcavüzü başlayan günlərdən silaha sarılaraq, çoxları kimi, o da Vətənin müdafiəsinə qalxmışdır. Xosrov Şellidən olan gəncləri ətrafına yığıb “Qarabağı müdafiə şahinləri” özünümüdafiə dəstəsini yaradaraq, ermənilərə qarşı vuruşmuşdu. O, Qarabağı əlinin içi kimi tanıdığından Ağdamın özünümüdafiə dəstəsində kəşfiyyatçı kimi iştirak edir, ən çətin tapşırıqlara gedirdi. Xosrovun ailəsi onun üz-gözü sıyrılmış halda, yaralı və tikanlar içində gəlməsinə adət etmişdi. Ailə üzvləri hər kəşfiyyatdan qayıdanda onun bədənindən tikanları bir-bir təmizləyirdi. Həmişə gecə evə gələr, hal-əhval tutub, qayıdardı. Gedəndə evdə bişirilən təndir çörəyindən və yavanlıqdan da döyüş dostlarına aparardı. Xocalı faciəsi başlanan gecə növbədən gəlmişdi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə əksəriyyəti erməni silahlılarından ibarət keçmiş 366-cı motoatıcı alayı Xocalını mühasirəyə alaraq, neçə-neçə günahsız insanı qətlə yetirdi, girov götürdü, insanlar itkin düşdü. Xosrovla birlikdə könüllü döyüşçülər faciədən sonra döyüşə atıldılar. Onların əsas məqsədi mümkün qədər irəliləyərək, qətliamdan sağ çıxanlara - qarlı meşədə donub qalmış insanlara kömək edib, onları xilas etmək idi. Meşəyə sığınan camaat Ağdam tərəfə gələ bilmirdi, çünki Qaraqaya tərəfdən erməni silahlıları atəş açırdı. Qoca bir kişidən eşidəndə ki, ermənilər adamları donuz pəyəsinə salıb, o istiqamətə yollanır. Atəşlə pəyənin qapısının qıfılını qırıb açmış və içəridə olan yüzə yaxın arvad-uşağı azad edərək, onların Şelli kəndinə getmələri üçün təhlükəsizliklərini təmin etmişdi. Bu vaxt yaxınlıqda qadın naləsi eşidilib. Sakitcə səs eşidilən tərəfə yaxınlaşaraq, ermənilərin üç qadına işgəncə verdiyini görür. Gördüyü mənzərədən sarsılan Xosrov erməninin ikisini öldürür, o biri isə qaçır. Sinəsindən bərk yaralansa da, qaçan ermənini diri tutmaq məqsədilə onu qovmağa başlayır. Qızı Səyyad xanımın atasının ölümü haqqında dedikləri: “Atılan atəş onu dayandıra bilməyib. Dostu deyirdi ki, atam son nəfəsində qəhqəhə çəkib, gülərək bunları deyib: “Kişi belə məqamda ağlamaz, bala! Gülər, eşitdin, gülər!”. Ölümün gözünə gülərək baxan Xosrov Məmmədovun məzarı Ağdamın Şelli kəndindədir. 1997-ci il fevralın 25-də Xocalı sakinlərinin xilas edilməsində göstərdiyi igidliyə görə ulu öndər Heydər Əliyevin fərmanına əsasən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Bu, Xosrovun qəhrəmanlığına və Vətən sevgisinə verilən qiymətin göstəricisidir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

 

 

Rəqibə Məmmədova

 

Respublika.- 2021.- 10 mart.- S.6.