Qələbəyə gedən yol

 

Hər bir xalqın həyatında müəyyən tarixi mərhələlər olmuşdur. Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, dünyada nüfuzuna görə də seçilir. Bu gün Azərbaycan dünyada öz milli maraqlarına uyğun müstəqil xaricidaxili siyasət aparan dövlətdir.

Ölkəmiz müstəqilliyinin ilk illərində daxili böhran, ayrı-ayrı qruplaşmalar arasındakı siyasi çəkişmələr, nizami ordu quruculuğunun olmaması, bəzi siyasi qrupların öz siyasi məqsədləri üçün silahlı qüvvələrdən hakimiyyətə gəlmək məqsədi ilə istifadə etməsi ölkədə xaos yaratmış və bunun nəticəsi olaraq da Birinci Qarabağ müharibəsində torpaqlarımızın 20 faizi erməni işğalçıları tərəfindən işğal edilərək, ərazi bütövlüyümüz pozulmuş, müstəqilliyimiz təhlükə qarşısında qalmışdı.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər tərəfindən Xocalı işğal edilərkən, orada yaşayan azərbaycanlılara qarşı soyqırımı baş vermiş, insanlığa sığmayan vəhşiliklər törədilmişdir. Bu faciə nəticəsində 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçı siyasəti nəticəsində Ermənistandan, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayondan 1 milyondan artıq etnik azərbaycanlılar qaçqın və məcburi köçkün olmuşdu.

Cəmiyyətdə hökm sürən ümidsizliktotal apatiya yalnız xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından və ictimai-siyasi sabitlik təmin edildikdən sonra başa çatmışdır.

Həmin vaxtdan etibarən ölkənin böhrandan çıxarılma prosesi, enerji layihələrinin reallaşdırılması və nizami ordu quruculuğunda genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ölkədə hərbi təhsil sistemi yenidən quruldu. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

30 ilə yaxın işğal altında olan torpaqları geri qaytarmaq, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 822, 853, 874 və 884 saylı qətnamələrinin icra olunması ilə bağlı möhtərəm Prezidentimiz dəfələrlə müxtəlif beynəlxalq tribunalarda, beynəlxalq qurumlar çərçivəsində məsələ qaldırsa da, dünya ictimaiyyətinin Azərbaycana münasibətdə bu ədalət bərpa olunmadı. Baxmayaraq ki, Azərbaycan tərəfi hər zaman sülh danışıqları variantında iştirak edirdi, eyni zamanda ölkədə ordu quruculuğu da paralel şəkildə ən yüksək səviyyədə aparılırdı. Ona görə də Ermənistan Respublikasının rəhbərliyi tərəfindən səsləndirilən “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları, “yeni torpaqlar üçün yeni müharibə” çağırışları və həmin çağırışların təmas xəttində bir sıra hərbi təxribatlarla müşayiət olunması, eləcə də işğalçı tərəfin beynəlxalq hüququn prinsiplərini yox sayaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda PKK terrorçularının, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin işğal altında olan Azərbaycan ərazilərinə köçürülməsi münaqişənin sülh danışıqları yolu ilə həll imkanlarını heçə endirdi. Buna paralel olaraq zaman-zaman Ermənistan tərəfi həm qoşunların təmas xəttində, həm də Azərbaycanın dövlət sərhədində də müəyyən təxribatlardan əl çəkmirdi.

Belə ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi güclü artilleriya atəşinə məruz qoymaqla işğalçılıq siyasətlərini davam etdirdiklərini bir daha ortaya qoymuş oldular. Ermənilərin bu təxribatları təbii ki, cavabsız qalmadı və qısa müddətdə Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirərək, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və Seysulan kəndini, eləcə də Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad etdi.

2020-ci ilin iyul ayında erməni tərəfi yenidən hərbi təxribatlara əl ataraq, dövlət sərhəddini Tovuz rayonu istiqamətində pozaraq əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Yüksək səviyyədə müasir hərbi texnika ilə təchiz olunmuş Azərbaycan ordusu tərəfindən vurulan zərbə nəticəsində düşmən yerinə oturduruldu.

Ermənistan tərəfinin diversiya-kəşfiyyat qrupu 2020-ci ilin avqust ayında da, təmas xəttinin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərsə də, görülən əks-tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür. Ermənistanın davamlı olaraq işğalçı siyasətdən əl çəkməyib 2020-ci il sentyabr ayının 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq təxribatlar həyata keçirməsi həmin təxribatların qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlanılmasına və respublika ərazisində hərbi vəziyyətin elan olunmasına səbəb olmuşdur.

Vətənə sevgi, ərazi bütövlüyünün bərpa olunması istəyi, illərcə gözlənilən ədalətin bərqərar olunmasında iştirakdan duyulan qürur və şərəf hissi ilə Azərbaycan ordusu 44 gün ərzində mənəvi üstünlük və şücaət nümayiş etdirərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut (Ağoğlan) qəsəbəsini, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini, bütövlükdə 300-dən çox yaşayış məntəqəsini döyüşlə işğaldan azad etmişdir.

Ədalətin bərqərar olunması üçün davam edən 44 günlük müharibədə Ermənistan tərəfi “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Xızı, Ağcabədi və digər rayonlarımıza, mülki əhaliyə qarşı raketlər ataraq çoxsaylı təxribatlar həyata keçirmişdir. Ermənistan bu yolla Azərbaycan ordusunu Ermənistan ərazisinə keçməyə təhrik etməyə çalışsa da, buna müvəffəq ola bilməyib özləri məğlubiyyətə uğradı. Erməni faşizmi özünü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində 30-a yaxın insanın həlak olmasında, daha sonra Bərdəyə “Smerçraketi ilə atəşin açılması nəticəsində 21 insanın həlak olmasında və 70 insanın yaralanmasında özünün barbar xislətini bir daha göstərdi. Dövlətimizə və xalqımıza qarşı törədilən bu təcavüzlər nəticəsində 98 mülki şəxs həlak oldu, 414 nəfər isə yaralandı, 3410 ev, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binaları isə yararsız vəziyyətə düşdü.

Ermənistan tərəfi həmçinin BMT-ninBioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində fosfor olan mərmilərlə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətlərimizi qəsdən yandıraraq dövlətimizə külli miqdarda ziyan vurmuşdur. Həmçinin ilk insan yaşayış məskənlərindən olan “Azıx mağarası” da düşmən tərəfindən dağılmış, oradakı bir sıra tarixi əhəmiyyətli abidələr məhv edilmişdir.

Sadalananların hər biri Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırıb aparmasının və terrorçuluq cinayətini törətməsini sübut edir. Lakin bu cinayətlər cəzasız qalmayacaq və Ermənistan dövləti beynəlxalq məhkəmələrdə bu vandallıqlarına və Azərbaycan dövlətinə vurduğu ziyana görə cavab verəcəkdir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi siyasəti və rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin peşəkarlığı nəticəsində Ermənistan tərəfi məğlubiyyəti qəbul edərək, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları diplomatik danışıqlar əsasında bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ali Baş Komandan İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.

2020-ci il bütün dünya ölkələri üçün çətin keçmiş, pandemiya, dünya iqtisadi böhranı əksər ölkələrin iqtisadi durumuna ciddi təsirlər göstərmiş, lakin, Azərbaycan dövləti və xalqı hər hansı iqtisadi, sosial və səhiyyə çətinliklərinə, müharibənin gətirdiyi maddi ziyanlara baxmayaraq, özünə qarşı edilmiş təcavüzə biganə qalmayıb, sipər gərmiş və torpaqların azad edilməsi üçün əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan dövləti və xalqı 2020-ci ildə iki cəbhədə mübarizə apardı. Bunlardan biri mənfur düşmənlərimiz idi ki, xalqımız və ordumuz Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək, düşməni məğlub etdi.

Bu gün bütün dünya Azərbaycanın “Dəmir yumruq” əməliyyatlarını öyrənir. Bu Qələbə təkcə bizim şərəf məsələmiz deyildi, həm də Azərbaycan xalqının necə bir qəhrəman xalq, millət olduğunu, öz lideri ətrafında bir yumruq kimi birləşməsinin bütün dünyaya nümayişi idi. Eyni zamanda ölkə rəhbərliyinin dünyanı cənginə alan COVİD-19 virusu ilə bağlı uzaqgörən siyasəti və vaxtında atılmış zəruri addımlar nəticəsində ölkəmiz bu virusla bağlı digər qonşularımızla müqayisədə vəziyyətdən çıxa bildi.

İkinci Qarabağ müharibəsi həmçinin ölkəmizin dostlarını da bir daha sınaqdan keçirdi. Belə ki, 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduqdan sonra Türkiyə Respublikası Ermənistan Respublikası ilə sərhədlərini bağlamaqla bizim yanımızda olduğunu, bizim mövqeyimizi qoruduğunu bildirmişdi. İkinci Qarabağ müharibəsi zamanı da torpaqlarımızın işğaldan azad olunması üçün apardığımız hərbi əməliyyatların ilk günündən etibarən qardaş ölkə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu öz bəyanatlarında dövlətimizə ilk dəstəyi verərək, tək olmadığımızı, haqlı mövqeyimizi bütün imkanları ilə qoruduqlarını bildirərək, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu bütün dünyaya göstərdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının dəstəyini bu cür ifadə etmişdir: “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Türkiyənin güclü olması Azərbaycanın və bütün digər müttəfiqlərin də güclü olması deməkdir”.

Türkiyə istehsalı olanBayraktar TB2” pilotsuz uçuş aparatları da İkinci Qarabağ müharibəsində zəfər çalmağımızda böyük rol oynamışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq üçün əməli-praktiki işlərə başlanılmışdır. 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasından başqa Pakistan, Əfqanıstan, İsrail, İtaliya və digər ölkələrbizim haqlı mövqemizi dəstəklədilər.

Bu gün dövlətin öndəgələn vəzifələrindən biri də, ərazi bütövlüyümüzün bərpa olunmasında iştirak edərək yüksək vətənpərvərlik göstərib şəhidlik zirvəsinə ucalmış əsgərlərimizin ailələrinə və qazilərimizə layiqli qayğı və diqqət ayırmaqdır. Buna görə tarixi ədalətin bərpa olunmasında iştirak edərək şəhid olmuş, yaralanmış qazilərimiz, eləcə də döyüşlərdə qəhrəmanlıq və şəxsi şücaət göstərmiş əsgər və zabitlərimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən fəxri adlar və ordenlərlə təltif edildi. Cənab Prezidentimizin 8 dekabr 2020-ci il tarixdə imzaladığı fərman əsasında şəhid ailələri və qazilərimizin sosial rifahının yüksəldilməsi məqsədilə “YAŞAT” fondu yaradıldı. Həmçinin dövlət başçısının imzaladığı fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü də təsis olundu.

Şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək qayğının dövlətin diqqət mərkəzində olmasına cari ilin fevral ayının 25-də 1512 mənzildən ibarət və bütün sosial infrastrukturla təchiz edilmiş kompleksin şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunması, dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla təsdiq olunmuş proqramlara əsasən 2021-2025-ci illərdə 11 mindən çox şəhid ailəsinin və müharibə əlilinin mənzillərlə təmin olunmalarının nəzərdə tutulması da bir daha təsdiqləyir.

Həmçinin, şəhid ailələrinin və qazilərin rifahlarının yüksəldilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi diqqətindədir. Bu kateqoriyadan olan insanlara daim qayğı ilə yanaşan Mehriban xanım bu gün də erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə həm maddi-mənəvi, həm də sağlamlıqlarının bərpasına öz dəstəyini göstərir. Məhz onun diqqəti və qayğısı sayəsində müharibə əlillərinin əksəriyyəti dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır.

Dövlətimizin qarşısında duran prioritet məsələlərdən biriişğaldan azad olunmuş torpaqlarda yeni infrastrukturun yaradılması, müharibə cinayətləri törətmiş cinayətkarların ifşa edilərək məsuliyyətə cəlb edilməsi, ölkəmizə vurulmuş ziyanın beynəlxalq məhkəmələrin qərarları əsasında Ermənistan tərəfindən ödənilməsinə nail olmaqdır. Hazırda Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu istiqamətdə müvafiq sübut və dəlillərin toplanılması, vurulmuş ziyanın hesablanması işi davam etdirilir.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Prokurorluq əməkdaşlarının bu fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək 38 nəfər müxtəlif ordenmedallarla təltif edilmişlər.

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları olaraq ölkəmizin rəhbərliyini bir daha əmin edirik ki, bundan sonra da dövlətimizin daha da güclənməsi, qanunçuluğun bərqərar olması istiqamətində üzərimizə düşən vəzifələri məsuliyyət və qürurla icra edəcəyik.

 

Ramin HÜSEYNOV,

Göyçay rayon prokuroru, ədliyyə müşaviri.

 

Respublika.- 2021.- 17 mart.- S.9.