Azərbaycan: tolerantlığın həyat normasına çevrildiyi unikal ölkə

 

Müstəqillik hər bir dövlət, xalq üçün əziz nemətdir. Müstəqillik özünü, varlığını qoruyub saxlamaq, dünyaya öz sözünü deməkdir. Dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilmişdir. Bu gün Azərbaycan Respublikası həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdəndir.

 

Bu gün özünü demokratiyanın, insan hüquqlarının “qoruyucusu” hesab edən Avropa qitəsində hazırda mühacirlərə qarşı qeyri-tolerant münasibət göstərilir və bu qəbuledilməz hal geniş yayılmaqdadır. Tez-tez multimədəniyyət cəmiyyətinin baş tutmaması ilə bağlı bəyanatlar səsləndirilir. Azərbaycan isə müxtəlif millətlərin və dini konfessiyaların dinc, yanaşı mövcudluğunun mümkünlüyünü sübut edir, bütün dünyaya multikulturalizmin Azərbaycan modelinin uğurlu, mütərəqqi bir model olduğunu nümayiş etdirir. Bununla da dünyada daha gərəkli vacib məsələnin həlli yolunda bir nümunəyə çevrilir.

 

Bu dəyərlərə böyük önəm verən ulu öndərimiz Heydər Əliyev respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycanı multikulturalizmin, tolerantlığın məkanı kimi tanıtmağa çalışmışdır. Müstəqilliyimizin ilk illərində təkrar hakimiyyətə qayıdışı ilə cəmiyyətimizdə milli birlik təmin edildi, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs ümummilli liderin özünəməxsus müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası ətrafında bir araya gəldi. Milli-mənəvi dəyərlərimizin qorunması yönündə mühüm işlər görüldü, insanların dinetiqad azadlığının sağlam əsasda inkişafı təmin edildi. Ulu öndərin ölkəmizdə mövcud din, tolerantlıq və multikulturalizm mühitinin daha da gücləndirilməsi ilə bağlı siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir” fikirlər ölkə rəhbərinin multikulturalizmə böyük önəm verdiyinin göstəricisidir. 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da dövlətimizin multikulturalizm siyasətinə önəm verməsini bir daha təsdiqləyir.

 

Azərbaycan ta qədimdən müxtəlif etnosların dini icmaların dinc yanaşı yaşamalarının unikal nümunəsidir. Respublikamızın bu sahədə əldə etdiyi təcrübə dünya tərəfindən yüksək qiymətləndirilir. 2008-ci ilin mart ayında Bakıda rəsmi səfərdə olan Vatikanın dövlət katibi Kardinal Qarqizio isə ölkəmizdəki mövcud tolerantlığa belə qiymət vermişdir: “Azərbaycanda tolerantlıq onun xalqının nailiyyətidir. Mən Azərbaycanda qardaşlıq münasibəti gördüm başa düşdüm ki, bu, burada yaşayan xalqın ənənəsidir”.

 

Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən qurumlardan biri Heydər Əliyev Fondudur. Fondun həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı pravoslav kilsəsində təmir-bərpa işləri aparılmış “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmiş, Binə qəsəbəsindəki “Möhsün Səlim”, Gəncə şəhərindəki “Həzrəti Zeynəb” məscidləri əsaslı təmir edilərək yenidən qurulmuş, Bakıdakı “Müqəddəs Məryəm” kilsəsində bir sıra işlər görülmüş, “Vatikan” kilsəsində katakombalar təmir olunmuşdur.

 

Azərbaycanın birinci xanımının səyləri nəticəsində görülən işlər, həyata keçirilən layihələr ölkəmizin dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi özünəməxsus yer tutması baxımından böyük əhəmiyyət kəsb edir.

 

Dinlərarası interkonfessional dərketmə mərkəzinin təsisçisi Taras Dzubanski deyib: “Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli fərqli dinlərin millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti bu gün dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olması ilə bərabər, dünya ölkələrinə gözəl bir örnəkdir

 

Rusiya İctimai Palatasının üzvü Sergey Markovun fikrincə, Azərbaycan, müasir dünyəvi cəmiyyətdə xristian müsəlmanların qarşılıqlı fəaliyyətinin gözəl nümunəsidir. Bakı çoxmədəniyyətli cəmiyyət yaradılması sahəsində öz təcrübəsini bütün dünyaya göstərmək istəyir.

 

Bəli, ölkə başçısı tərəfindən başlanğıcı qoyulan dövlət siyasəti bu gün prioritet səviyyəyə yüksəlmiş, multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər ölkəmizə mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmışdır. Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuş Azərbaycan xalqı, Azərbaycan dövləti bu ənənəni bu gün çox yüksək səviyyədə davam etdirir.

 

Bəhram ŞİRİYEV,

276 saylı tam orta məktəbin

direktoru,

Əməkdar müəllim.

 

Respublika.- 2021.- 19 mart.- S.8.