“Göyçə nisgili, Göyçə dərdi”

 

İsmayıl Əliyev Qərbi Azərbaycanda, Göyçə mahalında sayılıb-seçilən, öz gücü və zəhməti, fitri istedadı, ensiklopedik biliyi, nüfuzedici nitqi, öz xalqını, Azərbaycanı sevən, göyçəliləri erməni faşistlərindən qorumağa çalışan, hər zaman daşnaklara qarşı ayıq-sayıq, dövlət və partiya işlərində çalışan nüfuzlu bir şəxsiyyət olub. O bir sıra məsul vəzifələrdə çalışıb, kolxoz sədri, sovxoz direktoru olub. Müəllim-pedaqoq kimi fəaliyyət göstərib, “Sovet Ermənistanı” qəzetinin zona müxbiri olub, SSRİ Jurnalistlər İttifaqının üzvü idi.

 

Bu günlərdə Məlahət İsmayılqızının tərtib edib, işlədiyi İsmayıl Əliyevin həyat yolundan bəhs edən “Göyçə nisgili, Göyçə dərdi” kitabı nəfis tərtibatda “Nurlar” nəşriyyatında işıq üzü görmüşdür.

 

Kitabda göstərilir ki, İsmayıl Əliyev 1927-ci ilin iyununda Basarkeçər rayonunun Hacı Qərib - Sədənəxaç və sonradan Güney adlanan kənddə dünyaya göz açmış, fitri istedadı, fərasəti və zəhməti onu həyat yollarında çox irəliyə aparmışdır.

 

İrəvan Türk Pedaqoji Texnikumunu başa vuran İ.Əliyev 1942-ci ildə 15 yaşında ikən müəllim kimi əmək fəaliyyətinə başlayır. Sonra isə Böyük Vətən müharibəsinə yollanır.

 

Rus dilini mükəmməl bildiyindən komandir köməkçisi, komsomol kimi geniş fəaliyyəti olmuş; Pribaltika, Polşa cəbhələrində, Varşavanın alman faşistlərindən azad olunmasında şəxsi igidlik göstərmiş, rəşadətli döyüş yolu keçmiş, bir sıra medallarla təltif edilmişdir.

 

Müharibə qələbə ilə başa çatdıqdan sonra Göyçə mahalına dönən İsmayıl Əliyev Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş, 1950-ci illərdən etibarən Basarkeçər (Vardenis) Rayon Partiya Komitəsində təbliğatçı, köməkçi kimi fəaliyyət göstərmişdir. O, 1953-cü ildən etibarən Basarkeçər Rayon Partiya Komitəsinin orqanı olanBolluq uğrundarayon qəzetində baş redaktor vəzifəsində çalışmış, onun gəlişi ilə qəzetin həyatında yeni mərhələ başlanmışdır.

 

Bacarıqlı jurnalist, iti qələm sahibi olan İsmayıl müəllimin “Pravda”, “Uçitelskaya qazeta”, “İzvestiya” və digər mətbu orqanlarında çoxsaylı yazıları dərc olunmuşdur.

 

1959-cu illərin sonlarından etibarən İsmayıl Əliyev Nərimanlı, Ağkilsə (Aşıq Ələsgərin kəndi), Babacan, Pəmbək, Güneysair kəndlərdə təsərrüfatlara başçılıq etmiş, el-obanın gözündə pillə-pillə ucalmış, iqtisadiyyatın yüksəldilməsinə maksimum səy göstərmiş, zaman-zaman erməni xəyanəti ilə üzləşmiş, daha doğrusu, daşnakların qarşısında əyilməmişdir.

 

İ.Əliyev 1962-64-cü illərdə Bakı Ali Partiya Məktəbinin ilk müdavimlərindən olmuş, sonra isə Göyçə mahalında müxtəlif rəhbər vəzifələrdə çalışmış, insanlar arasında geniş nüfuz qazanmışdır.

 

İsmayıl müəllim ali partiya təhsili aldıqdan sonraSovet Ermənistanı” qəzetində 7 bölgə üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmiş, Oğuz yurdunun qeyrətli oğlu öz xalqına sidq ürəklə qulluq etmiş, mətbuat səhifələrində azərbaycanlıların üzləşdikləri problemlərlə bağlı tənqidi yazılar vermiş, heç nədən çəkinməmişdir.

 

İsmayıl Əliyev qələm dostu, tənqidçi Qulam Məmmədliylə dəfələrlə Göyçə mahalında olmuş, kəndlərdə azərbaycanlılarla maraqlı görüşlər keçirmişlər.

 

İsmayıl Əliyevin xüsusi müxbir işlədiyi dövrdə — 1965-ci il yanvarın 9-da “Sovet Ermənistanı” qəzetində dərc olunmuşİtirilmiş şöhrət” adlı məqaləsində Basarkeçər rayonunun Böyük Məzrə kəndində kolxoz sədri vəzifəsində çalışan, millətçi, türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan Ardaş Hunanyan haqqında tənqidi yazı dərc olunmuşbu məqalə Ermənistanda əks-səda doğurmuşdur. Şübhəsiz ki, İsmayıl müəllim bu yazıdan sonra qatı millətçi Ardaş Hunanyanın və onun tərəfdarlarının qəzəb və təzyiqinə məruz qaldı...

 

İsmayıl Əliyev təhsilin inkişafındakı xidmətlərinə görə “SSRİ maarif əlaçısı” döş nişanına və digər medallara layiq görülmüş, 38 il ardıcıl olaraq rayon sovetinin deputatı olmuşdur.

 

Tale elə gətirmişdir ki, 1988-ci ildə İsmayıl müəllim erməni xəyanəti nəticəsində, ata-baba yurdlarından zorla qovulmuş və Bakıda məskunlaşmışlar. Bakıda onun kəsərli qələmi heç vaxt əlindən düşməmiş, “Qarabağ”, “Vətənin səsi”, “Azərbaycan”, “Aydınlıq”, “Ayna”, “Şimali Azərbaycan” və digər erməni vəhşiliyindən bəhs edən silsilə məqalələri dərc edilmişdir, qəlbi həmişə yurd, Göyçə eşqi ilə döyünmüşdür.

 

“Göyçə nisgili, Göyçə dərdi” kitabında şair Eldar İsmayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Əli Əliyev, müəllim-pedaqoq Şamil Rüstəmov, fəlsəfə doktoru Elçin Əhmədov, dilçi filoloq Lamiyə Cəlilova, şair Niftalı Göyçəli və başqalarının İsmayıl Əliyev haqqında xatirələri də verilmişdir.

 

Kitabdakı müxtəlif illərdə çəkilmiş tarixi şəkillər, Güney kəndinin müxtəlif görüntüləri Göyçənin füsunkarlığından, romantik mənzərələrindən xəbər verir.

 

Mərhum İsmayıl Əliyev təkcə Göyçə mahalında deyil, bu əraziyə bitişik olan Kəlbəcər, Gədəbəy, Tovuz, Qazax rayonlarında, Gəncədə dəyərlərə bağlı, millətini ürəkdən sevən bir ziyalı kimi tanınırdı...

 

Qədir ASLAN

 

Respublika.- 2021.- 30 mart.- S.7.