Heydər Əliyevin ideya və amallarının qələbəsi

 

Belə bir məşhur deyim var: Dahilər tarixin gedişini dəyişən insanlardır. Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev məhz tarixin gedişini dəyişən xarizmatik lider, böyük şəxsiyyət, dünya miqyaslı siyasətçi idi. Ulu öndər Heydər Əliyevin istər xarakteri, şəxsiyyəti, liderliyi, istərsə də zəngin, çoxcəhətli siyasi fəaliyyəti, mahir idarəçiliyi saysız-hesabsız elmi məqalələrin, tədqiqatların mövzusu olubonun haqqında gələcəkdə də bu cür tədqiqatlar aparılacağı, əsərlər yazılacağı şübhəsizdir.

 

Təsadüfi deyil ki, Heydər Əliyevin dərin təfəkkürü, iti ağlı, mahir siyasətçi və fenomenal şəxsiyyət olması zaman-zaman dünyanın məşhur siyasi xadimləri, dövlət başçıları tərəfindən etiraf olunub. Məsələn, vaxtilə Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdıb ölkədəki xaosa, hərc-mərcliyə son qoymasını, ölkədə sabitliyi bərqərar etməsini belə dəyərləndirmişdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir”.

 

Yaxud Heydər Əliyevin siyasi fəaliyyətinə daha yaxından bələd olan Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın ulu öndər haqqında səmimi etiraflarını xatırlamamaq mümkün deyil: “Belə bir hal heyranlıq doğurur ki, hətta ən çətin sınaqlar zamanı da Siz xalqın birliyini qoruyub saxlaya bildiniz. Bunsuz hər hansı dövlətin varlığı ağlasığmazdır. Cənab Heydər Əliyev, Sizə həqiqətən qibtə edirəm. Bunu doğrudan da çox ciddi deyirəm. Çünki burada qısamüddətli dövlət səfərində olarkən başa düşdüm ki, Heydər Əliyev Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən lideridir”.

 

Əlbəttə, Türkiyə, ABŞ, Rusiya, Fransa, Almaniyabaşqa nüfuzlu dövlətlərin başçılarının, dünyaca məşhur politoloqların, diplomatların, tarixçilərin Heydər Əliyevlə bağlı təəssüratlarını xatırlatmaq, onun haqqında söylədikləri yaddaqalan fikirlərdən çoxlu sitatlar gətirmək mümkündür. Lakin elə bu iqtibaslar da dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini təsdiq edir.

 

Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideyasının müəllifi olan, daim azərbaycanlı olması ilə fəxr edən böyük öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü çox əlamətdar bir dövrə, Azərbaycanın İkinci Qarabağ Müharibəsində qələbəsindən sonraya təsadüf edir. 1993-cu ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn, qısa bir zamanda ölkə daxilində nizam-intizam yaradan, siyasi sabitliyi bərqərar edən ümummilli liderimiz eyni zamanda Qarabağda müharibənin dayandırılmasına, atəşkəs haqqında sazişin imzalanmasına nail olduömrünün son günlərinə qədər Qarabağ probleminin dinc yolla, diplomatik danışıqlar vasitəsilə həll olunması istiqamətində çalışdı. Doğma Qarabağımızın, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın erməni işğalından azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtması ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Müstəqillik dövründə hakimiyyətdə olduğu 10 il ərzində ümummilli liderimiz müstəqil dövlətimizin güclənməsi, iqtisadiyyatımızın tərəqqisi üçün çox vacib işlər gördü.

 

Ulu öndərin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biriQarabağla, erməni yalanlarının beynəlxalq səviyyədə ifşası, işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası istiqamətində idi. Əslində düşmənlə bu mübarizə 90-ci illərdən deyil, ondan çox-cox əvvəl - Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə başlanmışdı. Təsadüfi deyil ki, həmin dövr tarixə Azərbaycanın intibah dövrü kimi düşmüşdür. O illərdə respublikamıza, eləcə də onun ayrılmaz hissəsi olan Qarabağa çox böyük diqqət və qayğı göstərən Heydər Əliyev hələ o zaman ermənilərin əsassız iddialarına qarşı mübarizə aparırdı. Artıq ötən əsrin 60-cı illərinin ortalarında Ermənistanda anti-Azərbaycan təbliğatı başlamışdı. Hətta 1965-ci il aprelin 23-də İrəvanda qondarma erməni soyqırımının 50 illiyi, terrorçu Andronikin anadan olmasının isə 100 illiyi təntənəli surətdə qeyd edilmişdi. O zaman Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olan Heydər Əliyev dəfələrlə erməni millətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddialarının qarşısını almışdı.

 

Professor Elçin Əhmədov bu məsələyə həsr etdiyi məqaləsində yazır: “Heydər Əliyev 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V.Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 8x9 sm ölçüdə 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə ermənilər tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirlər görmək üçün Xankəndinə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışlar. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı”.

 

Daha bir dəhşətli fakt isə ondan ibarətdir ki, 1967-ci ilin əvvəllərində erməni millətçiləri əvvəlcədən xüsusi plan hazırlayaraq, Dağlıq Qarabağda milliyyətcə erməni olan bir şəxsi qətlə yetirir, sonra isə xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütlə bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək, həmin prosesdə şübhəli şəxs kimi dindirilən 2 azərbaycanlını zorla mühafizəçilərin əlindən alıb xüsusi amansızlıqla öldürürlər. Təqsirləndirilən, lakin sonradan bəraət alan digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılır. Bütün bu dəhşətli hadisələr təsadüfi deyildi. Erməni millətçilərinin əsas məqsədi hadisələri qızışdırıb milli zəmində qarşıdurma yaratmaq, daha sonra bu məsələni Moskvada qaldırmaq, azərbaycanlıların Qarabağ ərazisindən köçürülməsinə və bu ərazinin Ermənistana birləşdirilməsinə nail olmaq idi.

 

Lakin o zaman bu məsələni şəxsən nəzarətə götürən Heydər Əliyev Xankəndinə gedərək, işin istintaqı ilə məşğul olmuş, cinayətkarları cəzalandırmışdı.

 

Daha sonra 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən, Ermənistan rəhbərliyi erməni millətçilərinin təhriki ilə yenidən Moskvaya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müraciət etdilər, hətta bu məsələ SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında müzakirə edildi. Lakin o zaman da məhz ulu öndərin prinsipial və qətiyyətli siyasəti nəticəsində bədxah qonşularımızın bu cəhdlərinin qarşısı alındı.

 

Sonralar bu hadisələri xatırlayan ümummilli lider Heydər Əliyev belə demişdi: “...1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım”.

 

Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi çalışdığı illərdə də ümummili lider ermənilərin anti-Azərbaycan təbliğatına, ölkəmizə qarşı ərazi iddialarına münasibətdə prinsipial mövqe tutur. Lakin 1987-ci il oktyabrın 21-də Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Bu, 80-ci illərin sonunda ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal olur. SSRİ rəhbərliyinin xeyir-duası ilə hadisələr daha da kəskinləşdi və nəticədə 1992-93-cü illərdə Dağlıq Qarabağ və ətraf rayonlar erməni işğalçılar tərəfindən işğal olundu.

 

İkinci dəfə ulu öndər 15 iyun 1993-cü ildə Azərbaycan torpaqlarının işğal olunduğu, ölkəmiz vətəndaş müharibəsinin astanasında olduğu bir vaxtda xalqın xahişi və təkidi ilə Azərbaycanda hakimiyyət başına gəldi. Olduqca mürəkkəb bir dövr idi. Heydər Əliyevin qarşısında ölkəni anarxiyadan qurtarmaq, xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli-mənəvi gücünü toplamaq kimi mühüm vəzifələr dururdu. Heydər Əliyev ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi, iqtisadi böhrandan qurtardı. Xalqın etimad göstərdiyi Ulu öndər gərgin, çoxşaxəli fəaliyyəti ilə ölkədə sabitlik yaratdı, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarını müəyyən etdi. Məhz bu taleyüklü məsələlərin həllindən sonda dahi siyasətçi bütün diqqəti cəbhə xəttində müdafiəyə, eləcə də iqtisadiyyatın sahmana salınmasına yönəltdi. Böyük qurtuluşdan dərhal sonra xalqın həqiqi lideri olduğunu sübut edən Heydər Əliyev 1994-cü ilin mayında atəşkəs barədə razılaşmaya nail oldu. Bununla da xarici investisiyaların Azərbaycana təhlükəsiz axınına şərait yarandı. Sözsüz ki, Azərbaycan Qarabağı işğaldan azad etmək üçün inkişaf etməli, güclü iqtisadiyyatamüasir silahlarla təchiz olunmuş güclü orduya malik olmalı idi.

 

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışsa da, benəlxalq vasitəçilərin məsələyə ikili standartlarla yanaşması, buna imkan vermədi.

 

BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı 30 aprel 1993-cü il tarixdə 822 ¹-li, 29 iyul 1993-cü ildə 853 ¹-li, 14 oktyabr 1993-cü ildə 874 ¹-li və 11 noyabr 1993-cü ildə 884 ¹-li qətnamələr qəbul etsə də, təəssüf ki, həmin qətnamələr icra olunmadı.

 

Lakin ulu öndər Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışdı. Heydər Əliyev istər dövlət başçıları, istərsə də Azərbaycan diasporunun nümayəndələri, adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmağa nail oldu.

 

Böyük öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”, - demişdi. Bu hadisə 2003-cü ilin payızında olmuşdu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin uğurları illərlə səbrlə, soyuqqanlılıqla aparılan ağıllı daxilixarici siyasət nəticəsində əldə olundu. 44 gün ərzində uğurla davam edən əməliyyatlar nəticəsində işğal olunan ərazilərimiz, o cümlədən, noyabrın 8-də Azərbaycanın qədim şəhəri, Qarabağın incisi hesab edilən Şuşa şəhərinin düşməndən azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu tarix qalib Azərbaycan xalqının tarixində, indiki və gələcək nəsillərin yaddaşında əbədi qalacaqdır.

 

Beləliklə, Azərbaycanı müstəqilliyini itirmək və parçalanmaq təhlükəsindən xilas edən, onu iqtisadi inkişaf yoluna çıxaran ümummili liderin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələni - torpaqlarımızın işğaldan azad edilməsinə və ərazi bütövlüyümüzün bərpasına nail oldu.

 

Bəli, artıq ulu öndərin ruhu şaddır. Çünki Heydər Əliyevin layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə uzun illər davam edən gərgin və şərəfli mübarizədən sonra Azərbaycanın işğal altında olan torpaqları azad edilib, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan öz tarixinin ən qürurlugüclü dövrünü yaşayır.

 

Daim müstəqilliyimizin dönməz və əbədi olduğunu vurğulayan Heydər Əliyevin əsas amallarından biri də Azərbaycanın qüdrətli dövlətə çevrilməsi idi. 44 günlük müharibə zamanı və ondan sonra baş verənlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın xeyli gücləndiyini, Rusiya, Fransa və digər böyük dövlətlərin Azərbaycanla hesablaşdığını təsdiqlədi. Bütün bunlar Heydər Əliyevin amallarının həyata keçməsi, arzularının çin olması, onun vəsiyyətlərinin yerinə yetirilməsi deməkdir. Azərbaycanın diplomatik uğurları, hərb meydanında düşmən üzərində qələbəsi həm də uzaqgörən ulu öndər Heydər Əliyevin ideya və amallarının qələbəsidir.

 

Tofq CAHANGİROV,

YAP İdarə Heyətinin üzvü.

 

Respublika.- 2021.- 2 may.- S.3.